Suriya məsələsində anlaşmaq mümkün deyil

Qısa vaxtdan sonra Türkiyə ilə Rusiya və hətta ABŞ arasında növbəti gərginlik yaranacaq



ABŞ liderliyindəki koalisiya qırıcılarının İŞİD-in yerinə Əsəd ordusuna aid hərbi bazanı vurması Vaşinqtonla Moskva arasında münasibətləri gərginləşdirib. Amerikanın "səhvi” nəticəsində 80 hökumət əsgəri ölüb, 100-dən artıq hərbçi yaralanıb.

ABŞ müdafiə nazirliyinin yaydığı açıqlamada Əsəd ordusunun yanlış olaraq vurulduğu deyilib. Hadisədən sonra rusiyalı rəsmilər 7 günlük atəşkəs anlaşmasının və Suriyadakı terror qruplarına qarşı ortaq mübarizənin təhlükədə olduğunu bildiriblər. Moskva hökuməti təhlükəsizlik iclasını çağıraraq, hadisənin ciddi şəkildə araşdırılması haqqında qərar verib. Pentaqon təmsilçisi Peter Cook isə Rusiyanın koalisiya qüvvələrinin hücumundan xəbərdar olduğunu vurğulayıb və qarşı tərəfi ittiham edib. Ankara Siyasi və İqtisadi Araşdırmalar Mərkəzinin rəhbəri Akif Kireçci ABŞ-ın Əsəd ordusunu vurmaqla Rusiyaya mesaj verdiyini deyib: "Rusiya Suriyada İranın gücünün qeyri-kafi olduğunu gördükdə Suriyaya girdi və bütün tarazlığı dəyişdirərək "mən buradayam, Əsəd rejimini qoruyacağam” dedi. Bu hadisə xəta olmuş olsa belə Rusiya bağışlamayacaq. Rusiyadan "ABŞ-ı kim idarə edir? Seçkiyə getməkdə olan ölkədə Obamanın gücünün zəiflədiyi” istiqamətində tənqidi şərhlər edilir. Əgər bu şüurlu bir hücumdursa, onda ABŞ Rusiyaya meydan oxuyur. Bu isə döyüşün tam mənasıyla başlaması deməkdir. Hücum mövcud etibarsızlıq mühitini daha rəsmiləşdirdi”. Prosesləri şərh edən tanınmış politoloq Azər Rəşidoğlu "Şərq”ə açıqlamasında bildirib ki, Suriya məsələsində uzunmüddətli atəşkəsin qalacağına ümid bəsləmək mümkün deyil: "Dünyanın yenidən bölüşdürülməsi prosesi gedir. ABŞ dünyaya nəzarəti ələ keçirmək istəyir. Rusiya isə super güc kimi Vaşinqtona qarşı çıxır. Əslində Qərb MDB məkanının qısa müddət ərzində Rusiyanın təzyiq dairəsində qalmasına razılıq verib. Lakin Rusiya bununla razılaşmır və Yaxın Şərqə də müdaxilə etməyə çalışır. Ona görə də regionda maraqlar toqquşur. Putinin bəyanatlarından göründüyü kimi, Rusiya indiki etapda Yaxın Şərqdən daha çox, Xəzər və Qara dənizdə möhkəmlənmək istəyir”. Ekspertin sözlərinə görə, Suriya məsələsində əsas söz sahibi Qərbdir. MDB məkanında və Cənubi Qafqazda isə Rusiya daha çox üstünlüklərə malikdir: "Türkiyə NATO üzvü olmaqla yanaşı, bölgənin əsas oyunçularından biridir. Bu baxımdan Türkiyənin Rusiya ilə uzun müddət əməkdaşlığı mümkün deyil. Aralıq müddətdə bu əməkdaşlıq hər iki dövlətin maraqlarına cavab verir, amma ümumilikdə Türkiyə-Rusiya və üstəgəl, İran formatının yaranması ağlabatan deyil. Fikrimcə, qısa zaman sonra Türkiyə ilə Rusiya və hətta ABŞ arasında növbəti gərginlik yaranacaq”.

İsmayıl