Tanınmışlar intihar edən psixoloqdan nə yazdılar? - Fərqli düşüncə




Psixoloq Dəyanət Rzayev intihar edib.O dünən gecə saatlarında özünü yaşadığı evdə kəmərlə asıb. Yaxınlarının bildirdiyinə görə, psixoloq xeyli müddət depressiyada olub. O, son bir neçə günü də evində tək keçirib. İş yoldaşlarına xəstə olduğunu, işə gələ bilməyəcəyini bildirib. Faktı Məhkəmə Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinin Yasamal rayon şöbəsindən təsdiqləyiblər. Psixoloq özünə qəsd etməzdən əvvəl sosial şəbəkədəki hesablarının hamısını bağlayıb. Yasamal Rayon Polis İdarəsindən verilən məlumata görə, D.Rzayev yataq otağından eyvana çıxan qapının tinində kəmərlə özünü asıb. Hadisə baş vermən mənzildə onun intihardan öncə yazdığı məktub tapılıb.O, məktubda intiharının səbəbini göstərib. D.Rzayev yazıb ki, onurğa yırtığının ağrılarına daha dözə bilmir. "Hamınız məni bağışlayın” yazaraq məktubu yekunlaşdırıb.

Qeyd edək ki, psixoloqun intiharı cəmiyyətdə ciddi rezonans yaradıb. D. Rzayevin həmkarları onun ölümü ilə bağlı rəy verib, intiharına səbəb ola biləcək ehtimalları irəli sürüblər. Ekspertlərdən əlavə sosial şəbəkə istifadəçiləri də öz səhifələrində bu məsələ ətrafında fikir mübadiləsi aparıblar. O cümlədən də millət vəkilləri, yazarlar və digər ictimaiyyət üzvləri bu məsələ ilə bağlı öz fikirlərini qeyd ediblər.

Millət vəkili Qənirə Paşayeva:

-Psixoloq Dəyanət Rzayevin intihar etməsi xəbərini oxuyanda əvvəlcə inanmadım sonra baxdım ki bir çox agentliklər yaydı. Nə deyəcəyimi bilmirəm... Amma onu bilirəm ki intiharlar, onların səbəbləri ciddi şəkildə geniş araşdırılmalıdır və təcili çıxış yolları üçün təkliflər hazırlanmalıdır. Bu cür faciələrin artmasının qarşısının alınması üçün cəmiyyətin hər bir üzvü olaraq nə etməliyik mövzusunda maarifləndirici verlişlər artmalıdır. Təssüf ki bu cür verlişləri, proqramları görə bilmirik. İntiharların bu cür adiləşməsi bizi ciddi narahat etməlidir və SOS siqnalıdır. Məncə sadəcə sosial problemlər deyil getdikcə artan laqeyidlik, biganəlik, paylaşmaq duyğusunun zəifləməsi, gənclərin həyata psixoloji olaraq güclü hazırlanmaması, ailədaxili problemlər və.s kimi faktorlar da intiharların artmasına ciddi təsir göstərir. Son zamanlar bu mövzuda ciddi araşdırmalar varmı deyə çox axtardım amma heç nə tapa bilmədim. Dövlət səviyyəsində bu tendensiyanın qarşısının alınması üçün ciddi işlər görülməklə yanaşı bir vətəndaş olaraq hər birimiz nələr etməliyik bu məsələ ətrafında da geniş müzakirələrə ehtiyac var. İntihara hətta cəmiyyətin ən gözləmədiyi və inana bilmədiyi bir insanın,bir psixoloqun əl atması ciddi bir mesajdır. Bu mövzu ciddi diqqətdə olmalıdır. 

İntihar edən insanların davranışlarında mütləq dəyişikliklər baş verir və belə halda ətrafda olan insanlar, onu tanıyanlar həssaslıqla, qayğı ilə yanaşmalıdırlar. "Nəyimə lazımdır", "mənə nə "kimi yanaşmalardan tamamilə uzaq olmalıyıq. Bir az öncə sosial şəbəkələrdə Dəyanət bəyin facebook dostluğunda olmuş bir xanım yazır ki son zamanlar qəribə paylaşımlar edirdi. Nə qədər doğrudur bilmirəm amma yaxınlarının agentliklərə son günlər tənhalığa qapılması, işə getməməsi və.s kimi məlumatlar verməsindən görünür ki onun psixoloji vəziyyətində dəyişikliklərin olmasını hiss edənlər olub. Bütün bunlara diqqət yetirəndə görürük ki belə vəziyyətlərdə olan insanı yalnız buraxmamaq, onu narahat edən və çıxılmaz gördüyü problemin həllinə kömək etməyə çalışmaq lazımdır. Nur içində yatsın. Çox ağır xəbər oldu. Əzizlərinə səbr diləyirəm.

Millət vəkili Fazil Mustafa da psixoloqun intiharından yazıb:

-Tanınmış psixoloq da intihar edib. İntiharların adiləşməsi cəmiyyətin alt qatlarında çox ciddi problemlərin yaşandığından xəbər verir. Sosioloji tədqiqatlar aparan, rəy sorğusu keçirən quruluşların fəaliyyəti də ortada yoxdur ki, tendensiya barədə doğru-dürüst bilgilər əldə etmək mümkün olsun. Hər halda intihar motivləri barədə geniş təhlillər aparılmalıdır. Sosial vəziyyətin ağırlaşması məsələnin bir tərəfidir, ancaq təkcə bir motivlə bu faciəli addımın atılması inandırıcı görünmür. Dövlət səviyyəsində də bu tendensiyanın qarşısının alınması üçün ciddi işlər görülməlidir. Milli Məclisin müvafiq komitələrində və plenar iclasda bu mövzuda açıq müzakirəyə ehtiyac var. Çox narahatedici bir durumdur, konkret təkliflər vermək də çətindir. Hər halda səbəbləri və motivləri cəmiyyətdə soyuqqanlı şəkildə müzakirə olunmalıdır ki, bundan sonrakı faciələrin qarşısını almaq mümkün olsun.

Tənqidçi Əsəd Cahangir:

-Dəyanət Rzayevin intiharı hamını təəccübləndirir ki, axı, o özü həmişə bir psixoloq kimi intiharlar əleyhinə çıxırdı, onun bu hərəkəti gözlənilməzdir. Amma onun hərəkəti məhz psixoloji cəhtədən gözlənilməz deyil. O, intihar duyğusunun özünə hakim kəsildiyini hiss edir, intihar əleyhinə çıxışları ilə başqalarını yox, özünü bu aqibətdən çəkindirmək istəyirdi. Amma görünür ki, sonda intihar duyğusu qalib gəlib. Allah günahlarından keçsin, rəhmət eləsin!

Rəşad Məcid isə psixoloqun intiharı ilə bağlı mövqeyini Xalq şairi Fikrət Qocanın bir misralıq şeiri ilə ifadə edib: 

"İntihar fərarilikdi!”.

Yazar Qan Turalı: " Heyf Dəyanətdən...

Psixoloq da insandır, özü də peşəsinə görə daha çox neqativ alan insandır. Amma ən dramatiki onun intiharının cəmiyyətdə oyatdığı ruhi düşkünlük ovqatıdır, "psixoloq da intihar edirsə..." ilə başlayan fikirlərdir, intiharın adiləşdirmək cəhdləridir. Məni bu daha çox qorxudur. Tələbəlik illərindən bu mövzunu araşdırıram, məsələ bundadır ki, intiharı yaradan səbəblərin ən birincisi insanın həyatdan həzz ala bilməməsi, çox yüklənməsi və bir anda bütün bu ağrılardan xilas olmaqla bağlı verilən qərardır. Hər şeyə rəğmən həyat gözəldir, o min bir sürprizlə, həzzlə doludur, dünyaya baxışımız hansı rakursdandısa onu elə görəcəyik, həyatı kəşf etmək gərəkdir. Heyf Dəyanətdən... Heyf!”.

APA Holdingin prezidenti Vüsalə Mahirqızı isə hesab edir ki, bəzən ən güclü adamlar belə yorula, usana, bezə bilir: 

"Ən güclü adam belə yanında zəif ola biləcəyi bir kimsə istəyir həyatında. Cəmi bircə nəfər. Onun yanında zəif ola bilsin. O bir kimsə olmayanda həyat çəkilməz, nəticə də ağır olur. Bunun peşəyə, işə, vəzifəyə, pula heç bir dəxli yoxdu. İntihar ruhun qətlidi, cismin yox”.

Filologiya elmləri namizədi Yadigar Cəfərli də bir psixoloqun, işıqlı bir insanın ölümünün çox böyük itki olduğunu qeyd edib: 

"Səbəblərə gəlincə, Qız qalasının yanında kitab satan məşhur Elman müəllimin dilindən bir dəfə yazılmışdı ki, birinin intihar səbəbini onun özündən başqa kimsə bilməz. Mərhum Dəyanət Rzayev də bütün səbəbləri özü ilə apardı. İntihar dünyadan qaçışdır. Nəsiminin bu misrasındakı həqiqəti insanın şeirdən öz taleyinə gətirməsidir: "Dünya duracaq yer deyil ey can, səfər eylə”. Peşə mənsubiyyəti, psixoloq olmaq adamı bu səfərdən çəkindirməz. İnsan o anda hansısa peşənin sahibi deyil artıq, baş götürüb Yer üzündən qaçmaq istəyən birisidir. Maddi durum da özünəqəsd üçün səbəb sayılmaz. Ağır dolanışıq kimi, xoş güzəran, problemsizlik də bəzən insanı həyatdan bezdirir. Elə olmasaydı, araşdırmalar dünyanın ən rifahlı ölkələrində depressiya və intihar hallarının hər yerdən daha çox olduğunu göstərməzdi. Nə qədər dünya var, nə qədər insanlar var, dünyadan gedənlər kimi, dünyadan qaçanlar da olacaq. Bizə düşənsə heç zaman intihar haqqında düşünməmək, intihar düşüncəsini heç bir formada populyarlaşdırmamaq, ən önəmlisi isə, öz balaca həyatımızı dünyanın baş götürüb qaçılası bir yer olmaması üçün yaşamaqdır.

Tanınmış köşə yazarı Zamin Hacı yazıb ki, vəziyyət çox pisdir - psixoloq da intihar edirsə, camaat kimə dərdini desin?

-Həyat gözəldir! Ay camaat, heç bir halda intihar etməyin. Ən ağır həyat belə çürük ölüm qoxusundan gözəldir. Hələlik kainatda tapılan yeganə həyat burdadır. Təsəvvür edin, milyardlarla qalaktika uzanır ətrafda və tək bizdə həyat var. Bu cür qiymətli incini puça çıxarmağa tələsməyin.

"Azxəbər.com" saytının həmtəsisçisi, gənc jurnalist Əfsələddin Ağalarov isə psixoloq Dəyanət Rzayevin özünəqəsdi ilə bağlı düşüncələrini bu cür ifadə edib: 

"Bir tanışım var idi. Məclislərin birində intihar edənləri heç bir zaman anlamadığını demişdi. Mərd adam idi, böyük qəlbi vardı. Əlqərəz, bir ildən sonra həyətlərindəki bir ağacdan özünü asdığını eşitdim. Heç kim səbəbini bilmədi. İndi də bir psixoloqun intihar etdiyini oxuyuram. "Google"da axtarış verəndə bu psixoloqun intihardan yayınmağın yolları haqqında geniş mühazirəsi elə həmin an adamın gözünə sataşır. Əslində elə həyatın özü bax beləcə ironikdir”.

Strateq.az saytının redaktoru Xəqani Səfəroğlu: 

-Psixoloq Dəyanət Rzayevin özünü öldürməsi göstərdi ki, intiharın səbəbləri barədə deyilən bütün elmi-fəlsəfi -tibbi rəylərin bir qoz qədər qiyməti yoxdur...İnsanın intihar etməsinin səbəbləri həmişə naməlumdur.

İlgəyi boğazına keçirmək qərarını verən adam axıra qədər sirr olaraq qalır.
İntihar barədə TV-lərdə, saytlarda "maarifçilik" adı ilə səslənən elmi-psixoloji əllaməçilik isə söz yığınından başqa bir şey deyil.

"Təmiz Dünya" Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova "Dəyanətin intiharı..." başlıqlı statusunda belə deyib: 

"Bu nə maddi nə psixi məsələdir. İllərlə çörək veridkləri, öyrətdikləri, o cümlədən dəstək veridklərinin sərəfsizliyi və alçaqlığına etiraz idi. O bu şərəfsizlik və alçaqlığın hörmüçək toruna çevridlidyini yaxşı görürür, özünün də o tora salınmaması, onlardan biri olmaması üçün intihar etdi...".

Şəymən