"Tarixi şəxsiyyətlərin, böyük ədiblərin təhqir olunması yolverilməzdir" - Baş redaktor

Vüqar Rəhimzadə: "Azərbaycanın tarixi şəxsiyyətlərinə qarşı bu cür mövqedə olan şəxslərin kimin, hansı qrupun fikrini ifadə etdiyini bilmək olmaz"


"Səməd Vurğun Azərbaycan ədəbiyyatında, söz sənətində kifayət qədər nüfuzu, çəkisi olan bir şəxsiyyət olub”.

Bunu "Sherg.az”a mediada görkəmli şəxsiyyətlərin təhqir edilməsi hallarına münasibət bildirərkən "İki Sahil" qəzetinin baş redaktoru, Mətbuat Şurasının(MŞ) İdarə Heyətinin üzvü Vüqar Rəhimzadə deyib. 

Baş yazar bildirib ki, Azərbaycan ədəbiyyatında bu cür şəxsiyyətlərin təhqir olunması yolverilməzdir:

"Səməd Vurğun Azərbaycan ədəbiyyatında öz xidmətlərini və mövqeyini təsdiq etmiş insandır. Onun fəaliyyəti dövründə, sonrakı illərdə, hətta bu gün də əsərləri oxunur. Mən özüm də Səməd Vurğunun əsərlərini oxuyuram.

Birmənalı şəkildə, Azərbaycan mediasında görkəmli şəxsiyyətlərimizə kölgə salacaq fikirlərin yer almasının əleyhinəyəm. Tək mətbuat deyil, Azərbaycan vətəndaşları da bu cür fikirlər səsləndirən şəxslərlə bağlı ortaya bir mövqe qoymalıdırlar. Hesab edirəm ki, bu polemika geniş şəkildə açılmamalıdır. Amma hər halda səhv mövqedə olan, Azərbaycanın tarixi şəxsiyyətləri barədə mənfi fikir səsləndirən şəxslərə qarşı mövqeyimizi qətiləşdirməliyik. Azərbaycan mətbuatı da Azərbaycanın tarixinin, tarixi şəxsiyyətlərin təbliğində mühüm rol oynamalıdır və gələcək nəsillərə örnək olmalıdır”.

"Tariximizi unudan gələcəyini qura bilməz" iddiası ilə çıxış edən V.Rəhimzadənin fikrincə, mətbuat nümayəndələri və Azərbaycanı sevən hər kəs tariximizə sahib çıxmalarına dair  mövqe sərgiləməlidir:

"Hər bir vətəndaş da bu sahədə öz prinsipial ədalətli yanaşmasını ortaya qoymalıdır.

Həmin fikirləri səsləndirən, Azərbaycan tarixi şəxsiyyətlərinə qarşı bu cür mövqedə olan şəxslərin kimin, hansı qrupun fikrini ifadə etdiyini bilmək olmaz. Amma hər halda bunu qəbul etmirəm. Azərbaycan tarixi şəxsiyyətlərinə hörmətlə yanaşılmalıdır. Tarixi yaşatmaq və həmin şəxsiyyətlərin irsini qoruyub, gələcək nəsillərə ötürmək lazımdır”.


V.Rəhimzadə onu da əlavə edib ki, tək tarixi şəxsiyyətlərlə bağlı deyil, sadə vətəndaşlara qarşı da elə yazılarla çıxış etmək, kontekstdən hansısa tənqidi fikri çıxarıb qabartmaq, ictimaiyyəti çaşdırmağa yönəlib:

"Bu bir növ piar vasitəsidir və qəbul olunmazdır. Məzmunu əks etdirməyən başlıq çıxarıb, istifadə etmək düzgün deyil. Mətbuat Şurasına belə hallarla bağlı fərdi şikayətlər daxil olur. Hər halda hüquqi şəkildə araşdırılması üçün hörmətli millət vəkilimiz, Mətbuat Şurasının sədri Əflatun Amaşovun, "Şərq” qəzetinin baş redaktoru Akif Aşırlının və şuranın digər üzvlərinin də iştirakı ilə məsələyə münasibət göstərilə bilər”.

Ayyət ƏHMƏD