Taylandda, bir də Azərbaycanda...

İnsanlar D vitamini çatışmazlığı yaşayırlar
Həddindən artıq çox insan onurğa yırtığından, sümük patologiyasından əziyyət çəkir. Bu da D Vitamini çatışmazlığının əlamətidir


Vitamin insan orqanizminin normal inkişafı üçün vacibdir. Vitamin əksikliyi nəticəsində isə vücudda bir sıra problemlər baş qaldırmağa başlayır.
Müşahidələrə görə, son illər Azərbaycanda D vitamini çatışmazlığı kəskin şəkildə artıb. Jurnalist Naibə Quranova da feysbuk hesabında bu məsələyə toxunub: "Təzə moddur. Haran ağrıyır ağrısın, həkimlər Vitamin D-dən analiz verməyi vacib sayır və nə sirdirsə, əksəriyyətində Vitamin D çatışmazlığı olduğu üzə çıxır”.

Qeyd edək ki, Vitamin D analizlərinin və təyin olunan dərman preparatlarının qiymətinin baha olması haqlı olaraq insanlarda şübhə yaradır. Bəlkə də, heç D Vitamini az deyil, həkimlər dərman firmaları ilə razılaşdığı üçün nəticələri öz ciblərinə uyğun dəyişirlər?

Azərbaycan Demokrat Partiyasının sədri, ixtisasca həkim olan Sərdar Cəlaloğlu isə "Şərq”ə açıqlamasında Azərbaycan vətəndaşlarında D vitamini defisitinin aşkarlanmasının inandırıcı olduğunu deyib. Onun sözlərinə görə, Tayland və Azərbaycanda əhalinin 70 faizi sistem xəstəliklərindən əziyyət çəkir. Dünyanın heç bir ölkəsində bu cür göstərici yoxdur. Başqa ölkələrdə bu xəstəliyin faiz nisbəti 15-20 olduğu halda bizdə 70 faizə yaxındır: 

"Üstəlik, bunun elmi əsasları da bu günə qədər aşkarlanmayıb. Sistem qırmızı qurdeşənəyi, revmatizm, sistem sklerodermiya kimi xəstəliklər məhz D vitamini çatışmazlığı olan insanlarda müşahidə olunur. Hər hansı bir nahiyənin ağrıması sadəcə soyuqla bağlı deyil. Əgər soyuqdan sümük ağrıları olsa, o zaman Rusiyada əhalinin 90 faizi revmatizm xəstəliyinə tutulardı. Elmi şəkildə izahını mən də bilmirəm, amma bizim insanlarda revmatik xəstəliklər çox geniş yayılıb. Azərbaycanda həddindən artıq çox insan onurğa yırtığından, sümük patologiyasından əziyyət çəkir. Bu da D vitamini çatışmazlığının əlamətidir. Nəyə görə, sistem xəstəlikləri Azərbaycanda geniş yayılıb? Bax, bunun səbəbini bilən, deyən yoxdur. Bəlkə də bu, Azərbaycanın coğrafiyası ilə bağlıdır. Ola bilsin, günəş şüalanması fərqlidir, bəlkə də torpağın tərkibində nəsə var? Mütləq Taylandla müqayisəli şəkildə bu məsələ araşdırılmalıdır”.

S.Cəlaloğlunun sözlərinə görə, bəzən sistem şəkillərinin diaqnozu düzgün qoyulmadığı üçün yanlış xəstəliklər adı altında müalicə edirlər:

 "Adətən sistem xəstəliyi olan insanlara qan xəstəlikləri, vərəm, tromboz diaqnozu qoyurlar. Yalnız xəstəliyin əlamətini xaricə verəndə bilirlər ki, bu, sistem xəstəliyidir. Qalan 90 faiz hallarda yanlış diaqnoz qoyurlar”.
Qeyd edək ki, insan bədənində olan D vitamininin təxminən 90 faizi günəş şüalarından dərinin ən dərin təbəqələrində sintez edilir. D vitamini çatışmazlığı zamanı vitaminlər qəbul etmək, ancaq günəş şüaları qəbul etməmək vitamin əskikliyini bərpa etməz. Mütəxəssislərin fikrincə, D vitamini əskikliyi zamanı vitamin qəbulundan çox günəş şüalarına ehtiyac duyulur. Hesablamalara görə, günorta saatlarında yarım saat günəş şüası vannası qəbul etmək bədəndə xeyli miqdarda D vitamini sintez edilməsinə səbəb olur.
D vitamini immunitet sistemini gücləndirərək orqanizmi xəstəliklərdən qoruyur. Bədəndəki bütün hüceyrələr üçün faydalı olan D vitamini qəbul etməyin ən asan yolu günəş altında dayanmaqdır. Türkiyəli travmatoloq Yavuz Yalçının dediyinə görə, sümük və əzələlərin sağlamlığı üçün lazım olan D vitamini immunitet sistemini də gücləndirir. Bunlarla yanaşı, hipertoniya, ürək xəstəlikləri və bəzi xərçəng xəstəliklərindən müdafiə edir.

O, hamiləlik dövründə ana namizədi ilə birlikdə körpənin də sağlamlığı üçün D vitamininin vacib olduğunu vurğulayıb:

"Hamilə qadınlarda D vitamini az olarsa, sümük əriməsi müşahidə olunur. Hamiləlik zamanı D vitamini çatışmazlığı kalsiumun azalmasına da səbəb olur. Dolayısı ilə yetərsiz çəki amili, halsızlıq, yorğunluq, əzələ və sümük ağrıları kimi şikayətlərin yaranmasına yol açır. Bu hallarda həkimlər hamilə qadınlara D vitamini qəbul etməyi tövsiyə edir. D vitamini qəbulunu süd dövrünün 6-ci ayına qədər davam etdirmək vacibdir.

Həkimin sözlərinə görə, D vitamininin səviyyəsi aşağı olan hamilə qadınlarda doğuş çox vaxt qeysəriyyə yolu ilə həyata keçir. Ana bətnindəki körpə kalsium ehtiyacını anadan alır. D vitamini çatışmazlığı zamanı körpə zəif doğulur. Bunlarla bərabər, uşağın əzələlərində zəiflik, gec diş çıxarma halları müşahidə olunur. 

Hamiləlikdə D vitamini çatışmazlığının yeni doğulan körpə üzərindəki təsirləri hətta qalıcı ola bilər. Bu təsirlər doğumdan sonra veriləcək D vitamini dəstəyilə tam olaraq sağalmaya bilər. Bu, uşağın immunitet sisteminin zəif olmasına gətirib çıxarır. 

D vitaminini günəş vasitəsilə qəbul etmək həm asan, həm də ucuz başa gəlir. Günəşli bir gündə ən az 15-20 dəqiqə qədər gəzmək belə gündəlik D vitamini çatışmazlığını aradan qaldırmaq üçün kifayətdir. Lazımi günəş işığı miqdarı insanın yaşı, dəri rəngi və ya qaralma müddətinə görə dəyişir. Dəri rəngi tünd olan insanlar yetərli qədər D vitamini qəbul etmək üçün, xüsusən qış aylarında uzun müddət gün işığında gəzməlidir. 

Günəşin az olduğu qış aylarında D vitamini çatışmazlığı yaşamamaq üçün qidalanma rejiminə diqqət göstərilməlidir. Yağ baxımından zəngin olan alabalıq, sardana, skumbriya və ton balığı istehlak edilməli, habelə süd, süd məhsulları və yumurtanın da qidalanma rejiminə əlavə olunması lazımdır. Bitkilərdən cəfəri, gicitkən və yoncada D vitamini bol olur”.

Həkimin fikrincə, D vitamini ehtiyacının cəmi 20 faizini qidalar ödəyir. Qış aylarında mümkün qədər günəş vannası qəbul etmək, yetərsiz olduğu hallarda həkim nəzarəti ilə vitamin qəbul etmək lazımdır.

Şəymən