Azərbaycanda daha bir universitetin fəaliyyəti dayandırılıb. Təhsil Nazirliyindən verilən məlumata görə, Elm və Təhsil Mərkəzi "Təfəkkür” Universiteti 2016-cı il oktyabr ayının 11-də Təhsil Nazirliyinə müraciət edərək, Universitetin Təsisçilər Şurasının maliyyə vəziyyətində yaranmış problemlərlə əlaqədar fəaliyyətinin dayandırılması barədə qərarın qəbul edildiyini bildirib.
Göstərilənləri, habelə universitetin 5 illik akkreditasiya müddətinin 2016-cı ildə bitdiyini nəzərə alaraq, Azərbaycan Respublikası Təhsil Nazirliyi "Təfəkkür” Universitetinin akkreditasiyasının keçirilməməsi, 2017-2018-ci tədris ili üçün tələbə qəbulunun proqnozlaşdırılmaması və tələbə kontingentinin digər ali təhsil müəssisələrinə yerləşdirilməsini təşkil etmək məqsədilə İşçi qrupunun yaradılması barədə qərar qəbul edib. İşçi qrupuna universitetdə təhsil alan tələbələrin digər ali təhsil müəssisələrinə köçürülməsi ilə bağlı təkliflər hazırlayıb nazirliyin rəhbərliyinə təqdim edilməsi və digər təşkilati tədbirlərin görülməsi tapşırılıb.
Tələbələrə ixtisasları, habelə qəbul imtahanlarında topladıqları balları nəzərə alınmaqla müvafiq ali təhsil müəssisələrində maneəsiz yerləşdirilməsi üçün lazımi şərait yaradılacaq. Eyni zamanda köçürüləcək universitetlərdə onlar üçün təhsil haqqının artımına yol verilməyəcək. Tələbələrdən qış imtahan sessiyasının başa çatmasından sonra universitetdə fəaliyyət göstərəcək İşçi qrupla əlaqə saxlanılması xahiş olunur.
Təfəkkür Universitetinin fəaliyyətinin dayandırılması və bundan sonra baş verəcək proseslərlə bağlı "Şərq”ə açıqlama verən təhsil eksperti Kamran Əsədov ilk növbədə özəl universitetlərin ölkənin təhsil sistemində açdığı yaralardan danışıb:
"Azərbaycan müstəqillik əldə etdikdən sonra təhsilimizə yeni-yeni universitetlər daxil olmağa başladı. Həmin universitetlərin vətəndaşlarımızın başına açdığı oyunlar isə çətin ki, uzun müddət unudulsun. Sonuncu ağır zərbəni Azərbaycan Beynəlxalq Universiteti vurmuşdu. Ondan sonra insanların özəl ali təhsil müəssisələrinə inamı azalmışdı. Daha sonra bağlanan digər universitetlərin tələbələri başqa özəl universitetlərə köçürüldü. Bu gün isə bu siyahıya "Təfəkkür” Universiteti də daxil oldu. Bu, gözlənilən idi. 2016-cı il ali məktəblərə qəbul imtahanlarından sonra plan yerlərinə yetərincə abituriyent toplaya bilməyən universitetin bağlanacağı qaçılmaz idi.”
Hazırda Azərbaycanda 54 ali təhsil müəssisəsinin fəaliyyətdə olduğunu qeyd edən ekspertin sözlərinə görə, bundan sonra bir neçə universitetin bağlanması belə Azərbaycanın təhsil sisteminə o qədər də böyük təsir göstərməyəcək. Sadəcə digər universitetlərin rəqabət qabiliyyətinin artırılmasına xidmət edəcək:
"Bilirsiz, özəl ali təhsil müəssisələrinin böyük əksəriyyəti ailə üzvlərinin idarə etdiyi qəbiləni xatırladır. Rektorundan tutmuş qapıçısına qədər hamısı qohumdur. Əlbəttə ki, belə mühitdə təhsil inkişaf edə bilməz”.
Hansısa ali təhsil müəssisəsi bağlanan zaman qarşıya çıxan ilk problem orda təhsil alan tələbələrin aqibəti ilə bağlı olur. Bu məsələyə toxunan K.Əsədov deyib ki, universitetin bağlanması hadisəsi Azərbaycanda nə ilkdir, nə də son olacaq: "Bundan əvvəl oxşar hadisələr baş verəndə özəl ali təhsil müəssisələrinin tələbələri elə digər özəl universitetlər arasında bölüşdürülürdü. Mən düşünürəm ki, bağlanmış "Təfəkkür” Universitetinin tələbələri Bakı Biznes Universitetinin, "Odlar Yurdu” Universitetinin, Kooperasiya Universitetinin aralarında bölüşdürüləcək. Burda başqa bir problem çıxacaq, o da təhsil haqları və keçilən fənlər məsələsində. Hesab edirəm ki, bu məsələdə tələbələrə güzəştlər tətbiq olunacaq”.
Qeyd edək ki, Elm və Təhsil Mərkəzi "Təfəkkür” Universitetinin bağlanması haqda məlumata ali təhsil müəssisəsinin özündən ilk reaksiya gəlib.
Universitetin mətbuat xidmətinin rəhbəri Asif Quliyev teleqraf.com-a məlumatın yalan olduğunu deyib: "Bu xəbər yalandır. Sizdən əvvəl də bir jurnalist zəng etmişdi. Bu barədə bizdə heç bir məlumat yoxdur”.
Məsələ ilə bağlı CNNBaku-ya açıqlama verən universitetin professoru Səlim Səlimbəyli bildirib ki, bu söhbətlər əsassızdır: "10 ildir eyni xəbərlər yayılır. Biz lisenziyanı 1 ay öncə 5 illik müddətə almışıq. Hər şey qaydasındadır”.
Şəymən