Tələbələrə dünya şöhrətli alimlər mühazirələr oxuyacaq

Ekspert İranın tanınmış universitetinin Azərbaycanda filial açmaq təşəbbüsünü dəstəkləyir






Təbrizin Azad İslam Universiteti Azərbaycanda filial açacaq. Bu barədə universitetin rektoru Əziz Cavanpur məlumat verib. Rektor deyib ki, İranın Azərbaycandakı səfiri və bu sahənin məsul şəxsləri ilə danışıqlar aparılır:

"Universitet müxtəlif ixtisaslar, xüsusi ilə tibb ixtisasları üzrə tələbələr qəbul edəcək”. Məlumat üçün deyək ki, Azad İslam Universiteti İranın ən böyük universitetlərindən biridir. Ali təhsil ocağı 1982-ci ildə İranın sabiq prezidenti Əli Əkbər Haşimi Rəfsəncani tərəfindən təsis olunub. Universitetin İngiltərə, BƏƏ, Livan və Əfqanıstanda filialları fəaliyyət göstərir.

 Ölkəmizdə səhiyyənin və tibbi təhsilin qənaətbəxş olmadığı, buna paralel qonşu İranın tibbi cəhətdən xeyli inkişaf etdiyi dəfələrlə vurğulanıb. Müalicə üçün İrana üz tutanların sayı da kifayət qədər çoxdur. O səbəbdən ehtimal edilir ki, əgər nüfuzlu universitetin Azərbaycandakı filialı tibb ixtisası üzrə tələbə yetişdirərsə, oranın məzunları ölkə səhiyyəsinə olan etimadı yüksəldə bilər.

Məsələni "Şərq”ə şərh edən təhsil eksperti Kamran Əsədov deyib ki, paytaxtda yeni ali məktəbin, xüsusən dünya şöhrətli ali məktəbin filialının açılması dövlətimizin təhsil və elm sahələrində siyasətini yaxşı əks etdirir. Ekspertin sözlərinə görə, tamamilə mübahisəsiz faktdır ki, hər bir dövlətin gələcəyi onun intellektual, elm və təhsil potensialından asılıdır: 

"Dövlətimiz gənclərimizi savadlı, bilikli, ölkəmizin uzunmüddətli inkişafını təmin edən gənclər kimi görmək istəyir. Buna görə də təhsil və elm sahələrinə investisiyalar prioritet istiqamətlərdən biridir. Müstəqillik illərində bu sahədə çox iş görülüb. Təhsil və elm sahələrinin dəstəklənməsi, islahatlar üçün müxtəlif dövlət proqramları həyata keçirilir. Azərbaycan müstəqillik əldə etdikdən sonra ölkəmizdə bir sıra xarici ölkələrin universitetlərinin filialları açılsa da, onların fəaliyyəti uzunmüddətli olmadı.

Lakin xarici ölkələrin məşhur universitetlərinin ölkəmizdə fəaliyyət göstərməsi müsbət addımdır. Filialın yaradılması ilə Azərbaycanda tibb təhsilinin təkmilləşdirilməsi və bu sahədə dünyanın nüfuzlu ali təhsil mərkəzləri ilə əlaqələrin genişləndirilməsi baş verəcək. Həmçinin, ölkə vətəndaşlarının İranın tanınmış tibb təhsili müəssisələrində oxumaq arzusu təmin olunacaq. Danılmaz faktdır ki, bu gün ölkəmizdən İrana xeyli sayda xəstə müayinə və müalicə olunmaq üçün gedir. Ancaq ölkəmizdə İranın, Türkiyənin, Almaniyanın nüfuzlu tibb universitetlərinin filialları açılsa, bu, ölkədə tibb sahəsi üzrə rəqabət mühitini formalaşdıracaq. Nəticədə tibb universitetlərimizin məzunlarının keyfiyyəti artacaq”.


Ekspert vurğulayıb ki, Bakı filialının açılmasından sonra mütəmadi olaraq İran universitetinin müəllimləri arasında seminarlar, veb-konfranslar, telekörpülər keçiriləcək. Bu da Azərbaycanda çalışan mütəxəssislərin keyfiyyət artımına səbəb olacaq: 

"Lakin düşünürəm ki, açılacaq universitet tam tədris, təhsil və təcrübə kampusu ilə təmin olunmalıdır. Yoxsa adi binadan ibarət olan universitet yaradıb fəaliyyət göstərməyin heç bir müsbət təsiri olmayacaq. İran tibb universitetləri öz tarixi və ənənələri, məsuliyyət və həssaslıq ab-havası, yenilik axtarışları ilə dünyada məşhurdur. İranın ictimai, mənəvi və elmi həyatında tibb universitetlərinin rolu sırf təbabətin hüdudlarını aşıb. İran tibb universitetlərinin məzunları görkəmli alim-həkimlər, istedadlı həkim-praktiklər, çox məşhur ədəbiyyatçılar, jurnalistlər, ictimai xadimlərdir. 

Düşünürəm ki, filial açıldıqdan sonra Azərbaycanda gənc oğlanlar və qızlar bu təhsil müəssisəsində öz gələcək peşəsinə doğru ilk addımlarını atacaq. Onlar yüksək səviyyəli müəllimlərdən dərs alacaq, alimlərin mühazirələrini dinləyəcəklər. Onlara dünya şöhrətli alimlər mühazirə oxuyacaqlar. Hesab edirəm ki, bu gün Azərbaycan tələbəsinin buna böyük ehtiyacı var”.

İsmayıl