"...Tələbələrin köçürülməsində məhdudiyyətlər var idi, problemlər yaranırdı"




"Tələbənin bir ali məktəbdən digərinə köçürülməsi arzu-istəkdən deyil, zərurətdən asılı olmalıdır”.

Bunu "Sherg.az”a tələbələrin köçürülməsi prosesini şərh edərkən Azərbaycan Təhsil Şurasının sədri Əjdər Ağayev deyib. 

O bildirib ki, tələbənin universitetdən köçürülməsi üçün irəli sürdüyü səbəblər əsaslı olmalıdır:

"Məsələn, tələbə səhhəti ilə əlaqədar olaraq oxuduğu şəhəri, universitetini dəyişməlidir. Bu zaman onun müraciətinə baxıla bilər. Digər tərəfdən ailə vəziyyəti ilə bağlı təhsilində çətinlik yaranırsa, dəyişiklik edilə bilər.

Hansısa tələbə öz arzusu ilə universitetini dəyişmək istəyirsə, bunu reallaşdırmaq mümkün deyil. Son 10-15 ilə qədərki ənənə belə idi ki, köçürmənin səbəbləri əsaslandırılırdı.  Köçürən və qəbul edən ali məktəb arasında razılıq əsasında tələbənin universitet dəyişməsi həyata keçirilirdi. Təcrübədə çox olub, universitet dəyişdirən tələbələr yaxşı nəticələr göstərib”.

İndi isə ali məktəblərə qəbulda bal məsələsinin hüquqi bazanı gücləndirdiyini söyləyən Ə.Ağayev sərbəstliklərin məhdudlaşdırıldığını xatırladıb:

"Son illərə qədər köçürmədə məhdudiyyətlər var idi, problemlər yaranırdı və tələbələr narazılıq edirdilər. Onlar zərurət yarandığından universitetini dəyişmək istədiklərini, lakin icazə verilmədiyini deyirdilər.

Təhsil Nazirliyi bir qədər demokratik yanaşır, gənclərə şərait yaradılmasına çalışır. Lakin tələbələr öz ixtisasına və qəbul imtahanında topladığı bala uyğun digər universitetə keçməlidir. Məsələn, bir universitetdə 300 bal keçid olan ixtisas digər universitetdə 500 baldır. Buna görə tələbənin köçürülməsi düzgün olmaz. Rayonda, paytaxtda, mərkəzdə olmasından asılı olmayaraq, ali məktəblərin səviyyəsi eynidir. Ali məktəblərin əmək haqqına görə dərəcələri müxtəlif olsa da təhsil imkanları və vəzifələrinə görə fərqlənmirlər.

Bəzən qəbul imtahanında belə şərtlər qoyulur ki, məsələn, 200 balla regionlardakı ali məktəblərə qəbul olmaq olar, lakin şəhərlərdəkinə yox. Bu məhdudiyyətin, eləcə də köçürülmə zamanı bal fərqinin nəzərə alınmamağının məntiqi əsası yoxdur.

Bu zaman belə fikir ortaya çıxır ki,həmin tələbə universitetin qəbul balını toplaya bilsəydi, istədiyi ali məktəbə qəbul olardı”.


Ekspert deyib ki, bəzən tələbələr sırf şıltaqlıq ucbatından universiteti dəyişmək istəyirlər:

"Belə halda sözsüz ki, köçürülmənin tərəfdarı deyiləm. Bunları yığışdırmaq lazımdır. Tələbələr bəzi hallarda bunu şıltaqlıq üçün etsələr də, universiteti dəyişməyə nail olurlar. Belə vəziyyətin aradan qaldırılması üçün pedaqoji prosesi bilmək, ali məktəb ixtisaslarını araşdırmaq, insanların hansı zərurətdən bunu istədiyini öyrənmək və şəffaf yaratmaq lazımdır. Beləliklə, nə tələbədə, nə ictimaiyyətdə, nə də ali məktəblərdə narazılıq yaranar. Əsas məsələ odur ki, köçürülmə kütləvi hal almamalıdır. Yalnız həqiqi ehtiyacı olanlar universitetlərini dəyişməlidir”.

Qeyd edək ki, təhsil nazirliyinin məlumatına görə, Bakıda yerləşən ali təhsil müəssisələrində köçürülmə zamanı tələbənin öz ixtisası üzrə qəbul ilində topladığı bal köçürüləcəyi ali məktəbdəki ixtisas və digər başqa ixtisas üzrə qəbul balından yüksək olmalıdır.

Aysel Aslan