Bir çox dərmanların televiziya kanallarında reklam olunması ictimaiyyətdə ciddi narahatlıq doğurur. Əksər insanlar təsadüfən hər hansı bir preparatın xüsusiyyətləri barədə eşidir, dərhal aptekə üz tutur, alır və qəbul edir. Yalnız əks təsirlərlə qarşılaşdıqda həkim qəbuluna gedir. Amma həmin şəxsin reseptsiz qəbul etdiyi həblərə görə hər hansı bir müalicə tətbiq edilməsi artıq çox gec olur.
Bu məsələnin qanunla tənzimləndiyini vurğulayan millət vəkili Tahir Kərimli deyib ki, hansı dərmanların, hansı şəraitdə reklam olunması qanunda öz əksini tapıb. Ancaq təəssüflər olsun ki, bir çox hallarda dərman preparatları qida əlavələri adı altında təbliğ olunur və onlar kütləvi reklam olunur. Kimlərinsə cibi dolacaq deyə, insanların bir qisminin sağlamlığına ziyan vurub, həyatlarını təhlükəyə atırlar.
Bu sahəyə nəzarət mexanizminin düzgün qurulmadığını qeyd edən deputat qanunvericiliyin də pərakəndə olduğunu düşünür:
"Görünür, tibb sahəsində keçid dövrü hələ başa çatmayıb. Çox sayda problemlər var. Xüsusən də əczaçılıq sahəsi ilə məşğul olan sahibkarlar sanki insanların üzərində təcrübə aparırlar. Onların əlavə gəlir, qazanc arzusunun zərərini əhali canı bahasına ödəyir.
Təəssüflər olsun ki, bir çox həkimlərimiz də bilərəkdən və ya bilməyərəkdən bu prosesə qoşulurlar, firmalarla, apteklərlə əlbir işləyirlər. Düşünürəm ki, müvafiq qurumlar bu sahəyə ciddi nəzarət etməlidir.
Dərmanlarla bağlı vahid qiymət siyasətini müəyyənləşdirməklə iş bitmir. Ölkəyə gətirilən dərmanların tərkibi ciddi şəkildə yoxlanılmalıdır. Bəzi iddialara görə, idxal olunan dərmanlar ucuz başa gəlsin deyə tərkibindəki komponentləri ixtisar edirlər.
Dəfələrlə məsələ qaldırmışıq ki, Milli Məclis tərəfindən qəbul olunan qanunların icrasını təmin edən bir orqan olmalıdır. Yaxud da müvafiq icra nümayəndələri qanunların icrası ilə bağlı parlamentdə hesabat verməlidir. İndiki halda deputatlar ictimai rəydən başqa heç bir sahəyə təsir edə bilmirik”.
Tibb elmləri doktoru, professor Adil Qeybulla dünyanın hər yerində həkimlərin və dərmanların reklamının birmənalı olaraq qadağan olduğunu deyib. Onun sözlərinə görə, dərmanın reklam olunması həddindən artıq yanlış haldır.
Dərman yalnız həkim tərəfindən təyin olunmalıdır. Vətəndaşların televiziyalarda reklam olunan hansısa dərmanı özbaşına alıb qəbul etməsi təhlükəli bir haldır: "Xarici ölkələrdə dərmanlar icbari tibbi sığorta paketinə daxil olduğundan onların qeydiyyatı aparılır. Televiziyalarda reklam olunan dərmanların və həkimlərin hamısı saxtadır. Bu reklamlar konkret şəxslərin, aparıcıların şəxsi maraqlarına xidmət edir”.
Şəymən