“Televiziyalarımız türkdilli dövlətlərdə yayımlanarsa, bu, böyük önəm kəsb edər” – Baş redaktor

Vüqar Rəhimzadə:“Bu təşəbbüs reallaşarsa, Dağlıq Qarabağ probleminin həlli ilə bağlı həmin dövlətlərin dərin bilgilər əldə etməsi mümkün olar”



Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi - - şöbə müdiri Əli Həsənov maraqlı təkliflə çıxış edib. O bildirib ki, Azərbaycanın dövlət və İctimai Televiziyası Türk Şurasına üzv dövlətlərdə yayımlansın.

Ə.Həsənov vurğulayıb ki, televiziya sahəsində qarşılıqlı əlaqələr qurulmalı və dövlətlərin milli bayramları da efir vasitəsilə yayımlanmalıdır: "Türk Şurasına üzv dövlətlərin aparıcı mətbuat orqanları, televiziyalar bir-biri ilə əlaqə qurub. Nəyə görə bizim televiziya kanallarının yerli kabel şəbəkələrində təmsilçiliyi təmin olunmur? Təəssüflər olsun ki, Azərbaycan televiziyalarının nə Qazaxıstanda, nə də Qırğızıstanda yayımlanmasına rast gəlinmir. Təklif edirəm ki, Azərbaycanın dövlət və İctimai Televiziyası Türk Şurasına üzv dövlətlərdə yayımlansın. Eyni zamanda həmin dövlətlərin də dövlət və ictimai televiziyaları Azərbaycanda yayımlansın".

Təklifi müsbət dəyərləndirən "İki Sahil” qəzetinin baş redaktoru Vüqar Rəhimzadə "Sherg.az”a bildirib ki, Azərbaycan televiziyası nə qədər geniş auditoriya toplasa, bu, bizim üçün bir o qədər yaxşıdır:

"Dövlət və İctimai Televizyanın digər ölkələrdə yayımlanması həm ölkəmizin təbliği, həm də Azərbaycan reallığının dünya ictimaiyyətinə çatdırılması baxımından mühüm əhəmiyyət kəsb edir. Əgər texniki imkanlar buna yol vermirsə, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi bu məsələnin reallaşmasına kömək ola bilər. Fikrimcə, Əli müəllimin təklifi həqiqətən də Azərbaycan cəmiyyətinin arzu və istəyini özündə ehtiva edir”.

Baş redaktor vurğulayıb ki, televiziya kanallarımızın türkdilli dövlətlərdə yayımlanması Dağlıq Qarabaq reallığının bütün dünyaya çatdırılması üçün də böyük önəm kəsb edir:

"Əgər bu təşəbbüs reallaşarsa, Dağlıq Qarabağ probleminin həlli ilə bağlı həmin dövlətlərin dərin bilgilər əldə etməsi mümkün olar. Həmçinin həmin ölkələrlə qarşılıqlı informasiya mübadiləsinin aparılması üçün də zəmin yarancaq”.

Yeganə Bayramova