"ABŞ dövlət katibi Reks Tillerson Vaşinqtonun Afrin əməliyyatına mane olmayacağı ilə bağlı açıqlama vermişdi. Bu "Zeytun budağı” əməliyyatı ilə bağlı ən böyük ziddiyyət idi”.
Bu barədə "Sherg.az”a Reks Tillerson və Rəcəb Tayyib Ərdoğanın görüşünü şərh edərkən millət vəkili, siyasi elmlər doktoru Elman Nəsirov bildirib.
Deputat xatırladıb ki, Tillerson ABŞ-ın Türkiyə əleyhinə kürdlərdən ibarət hərbi birləşmə yaratmaq planı olmadığını vurğulmışdı:
"Bu yanaşmalar Türkiyəni qane etməmişdi, özündə olan faktlarla bəyanatların düz olmadığını sübut etmişdi. Türkiyənin Afrin əməliyyatında terrorizmlə mübarizədən kənar heç bir niyyəti yoxdur. Türkiyə yalnız PKK və onun Suriyadakı qanadlarına qarşı mübarizə apardığını beynəlxalq ictimaiyyətə çatdırıb.
Rusiyada aparılan danışıqlardan sonra Türkiyə Afrin əməliyyatlarına başladı. Tillersonun Ərdoğanla apardığı danışıqların mahiyyəti gizli saxlanır. Hər halda Tillerson öz mövqeyini ifadə edib ki, ABŞ Suriyadakı terrorçu qruplaşmalara dəstək vermir. Hazırda aparılan danışıqların gedişatında bu məsələyə aydınlıq gətiriləcək. ABŞ hesab edir ki, kürd silahlı qüvvələri İŞİD-ə qarşı döyüşür. Bu da Amerikanın milli maraqlarına uyğundur. Lakin bu terrorçuların Türkiyə sərhədi boyunca yerləşməsi, onlara xüsusi diqqət edilməsi Türkiyəni təbii olaraq, narahat edir. Ona görə, qardaş ölkə ABŞ-dan belə davranış gözləmədiyini vurğulayıb”.
Afrin əməliyyatının nə vaxta qədər davam edəcəyinə gəlincə, E.Nəsirov diqqətə çatdırıb ki, Türkiyə tərəfi bir ay müddətində əməliyyatın başa çatmasını nəzərdə tutub:
"Gedişat göz qabağındadır. Xeyli yaşayış məntəqəsi terrorçulardan təmizlənib. Konkret nə zaman "Zeytun budağı” əməliyyatının sonlanacağını demək çətindir. Türkiyə PKK və PYD qüvvələrinə qarşı əməliyyatların dairəsini genişləndirə bilər. Təbii ki, maksimum müqavimət ABŞ və Rusiyanın etirazı ilə nəticələnə bilər. Hər iki dövlət əməliyyatın Afrindən kənara çıxmasının tərəfdarı deyil. Amma əməliyyatların davamlılığı qorunacaq”.
Qeyd edək ki, Ankarada səfərdə olan ABŞ dövlət katibi Reks Tillerson və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş olub. Ötən gün Bakı vaxtı ilə 20.40-da keçirilən görüş jurnalistlər üçün qapalı olub.
Aysel Aslan