Tıxaclar qayıdır

Polisin tətbiq etdiyi “yaşıl dalğa” sistemi də köməyə çatmır
“Tıxac probleminin necə həll olunacağı rayon avtomobillərinin şəhərə girişinə qoyulan məhdudiyyətlərin tətbiqindən də asılı olacaq”


Bu gün yeni tədris ili başlayır və yollarda yenə tıxaclar gözlənilir. 2016-2017-ci tədris ilinin başlanması ilə əlaqədar olaraq yollarda nəqliyyat vasitələrinin və piyadaların sıxlığının artacağı ehtimalını nəzərə alaraq Bakı Nəqliyyat Agentliyi sentyabrın 15-də gücləndirilmiş iş rejimində fəaliyyət göstərəcək.

Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a verilən məlumata görə, məqsəd ilk dərs günü, xüsusən də səhər saatlarında paytaxt yollarında yarana biləcək avtomobil sıxlığının qarşısını almaq, avtonəqliyyat vasitələrinin təhlükəsiz və intensiv hərəkətini təmin etməkdir.

"Yaşıl dalğa” gəlir...

Bu gün paytaxtın küçə və prospektlərinə, xüsusən də ali və orta təhsil müəsissələrinin yerləşdiyi ərazilərə nəzarət gücləndiriləcək. Bu ərazilərdə avtomobillərin dayanmaması, sıxlığın və tıxacların yaranmaması üçün işıqforlarda "yaşıl dalğa” sistemi tətbiq ediləcək.
Bununla yanaşı, səhər saatlarında yarana biləcək sərnişin sıxlığının minimuma endirilməsi və əhalinin təhsil müəsissələrinə, iş yerlərinə vaxtında rahat çatmasını təmin etmək üçün Bakı şəhərində müntəzəm sərnişindaşınma ilə məşğul olan daşıyıcı şirkətlərə xüsusi göstəriş verilib. Göstərişə əsasən sərnişin avtobuslarının hərəkət intervalı mümkün qədər azaldılmalı, zərurət yarandığı halda günün pik saatlarında avtonəqliyyat vasitəsinin sayı artırılmalıdır.

Bakı Nəqliyyat Agentliyi həmçinin sürücülərdən xahiş edir ki, təhsil müəssisələrinə yaxın, bitişik ərazilərdə avtomobillərin park edilməsi qaydalarına və sürət həddinə ciddi əməl etsinlər.

Yeni dərs ilinin başlanması ilə əlaqədar Bakı polisi gücləndirilmiş iş rejimində çalışacaq.

Bu barədə APA-ya Bakı şəhər Baş Polis İdarəsinin rəis müavini, polis general-mayoru Səhlab Bağırov məlumat verib. Onun sözlərinə görə, sentyabrın 15-də yeni dərs ilinin başlaması ilə əlaqədar Bakıda fəaliyyət göstərən təhsil müəssisələrinin yerləşdiyi ərazilər ictimai qayda və təhlükəsizliyin qorunması məqsədilə nəzarətə götürüləcək. S.Bağırov hər hansı xoşagəlməz hadisənin baş verməməsi, "Bilik Günü”nə qatılacaq valideyn və şagirdlərin təhlükəsizliyini təmin etmək məqsədi ilə təhsil müəssisələrinin yerləşdiyi ərazilərdə polis naryadlarının sayının artırılacağını, zəruri olan bütün təhlükəsizlik tədbirlərinin görüləcəyini bildirib.

Polis də valideynlərə xəbərdarlıq etdi

Yeni dərs ilinin başlanması ilə əlaqədar Baş Dövlət Yol Polisi də gücləndirilmiş rejimdə fəaliyyət göstərəcək. Daxili İşlər Nazirliyi rəhbərliyinin müvafiq göstərişinə əsasən, yeni dərs ilinin başlanması ilə əlaqədar sentyabr ayının 10-dan oktyabr ayının 10-dək respublika ərazisində "Diqqət, uşaqlar!” adı altında hərəkətin təhlükəsizliyi aylığı keçirilir.

Bakı şəhər Dövlət Yol Polisi İdarəsi də avtomobil sahiblərinə, valideynlərə müraciət edərək sabah təhsil müəssisələri istiqamətində hərəkət edərkən nəqliyyat vasitəsini yolların hərəkət hissəsində saxlamamağı tövsiyə edib. Əks təqdirdə həmin sürücülər məsuliyyətə cəlb ediləcək.

Özünüzü tıxaclara hazırlayın...

Qeyd edək ki, ötən tədris ilinin başlanğıcında da "yaşıl dalğa” sistemi tətbiq edilmişdi, sıxlığın çox yaşandığı küçə və prospektlərdə hərəkət istiqamətləri dəyişdirilmişdi ki, tıxac problemi yaranmasın. Xəttə yeni avtobuslar da buraxılmışdı. Lakin bütün cəhdlərə baxmayaraq tədris müəssisələrinin, "bərkgedən” orta məktəblərin qarşısında yenə də maşın karvanları düzülürdü, tıxac yaranırdı. Hətta 3 zolaqlı yollarda da biçarə sürücülər bircə zolağa birtəhər sıxlaşırdılar.

Eyni vəziyyətin təkrar olunmayacağına təminat varmı?

Nəqliyyat məsələləri üzrə ekspert, hüquqşünas Ərşad Hüseynov "Şərq”ə açıqlamasında paytaxt əhalisinin tıxaclara həm fiziki, həm də psixoloji hazır olmasını tövsiyə etdi:

- Tıxaclarsız, təbii ki, ötüşməyəcəyik. Hər halda paytaxt sakinləri özlərini tıxaclara hazırlasalar yaxşıdır. Doğrudur, şəhər yollarında da, marşrutlarda da xeyli dəyişikliklər edilib. Bunlar tıxac problemini, yollardakı vəziyyəti bir az yüngülləşdirməyə, tıxac problemini qismən aradan qaldırmağa yönəlmiş addımlardır. Amma bu yeniliklərin nə dərəcədə müsbət nəticə verəcəyi də onların hansı formada tətbiqindən, sürücülərin qaydalara necə riayət etməsindən asılıdır. Bilirik ki, bəzən sürücülər lazımsız yerə qaydaları pozur, yol nişanlarına əhəmiyyət vermir. Həmçinin də, piyadalar tərəfindən yol hərəkəti qaydaları kobudcasına pozulur. İctimai nəqliyyatda çalışan sürücülərin də çox zaman qayda-qanunlara məhəl qoymadığı da məlumdur. Bundan başqa, tıxac probleminin necə həll olunacağı rayon avtomobillərinin şəhərə girişinə qoyulan məhdudiyyətlərin necə tətbiqindən də asılı olacaq. Xüsusilə Sumqayıt istiqamətində sürücülərə alternativ variantlar təklif edilməsi böyük əhəmiyyət daşıyır. Bir halda ki, rayon maşınlarının paytaxta girişinə məhdudiyyətlər var, o zaman onlara imkan yaradılmalıdır ki, ictimai nəqliyyatdan istifadə edə bilsinlər. Bakı-Sumqayıt elektrik qatarının hərəkəti normal təşkil edilsə və bu istiqamətdə avtobus marşrutları çox olsa, şəhərə giriş yüngülləşər. "Yaşıl dalğa”ya gəlincə, bu sistemi şəhərin hər yerində yaratmaq olar. Bunun üçün çevik tədbirlər həyata keçirilməlidir. Harada tıxac yaranıbsa, orada dərhal "yaşıl dalğa” sisteminə keçilməlidir. Amma biz görürük ki, hansısa yolda tıxac yarandıqda gec reaksiya verilir, operativ tədbirlərin görülməsi gecikir. Nəticədə tıxac daha da uzanır, ətraf küçələri də əhatələməyə başlayır. Bir küçədə tıxacın yaranması, ona bitişik, kəsişən yollarda da avtomatik tıxaca səbəb olur. Tıxac probleminin köklü həlli üçün ümumilikdə şəhərin infrastrukturunda yeniliklər edilməlidir. İctimai nəqliyyatın düzgün təşkili, yol qovşaqlarının düzgün ərazilərdə tikilməsi və s. Tıxacların qarşısının alınmasında ictimai nəqliyyatın yüksək təşkili vacib şərtdir. Avtobusların marşrutunda gərək labirint olmasın. Bir ünvana getmək istəyən vətəndaş iki-üç avtobus dəyişmək məcburiyyətində qalmasın. Vətəndaşın getdiyi ünvana hansısa ictimai nəqliyyat növü daha rahat və daha tez gedirsə, hər kəs ondan istifadə etməyə çalışacaq, şəxsi avtomobilə ehtiyac görməyəcək. Vətəndaşlar da gərək gedəcəkləri ünvana hansı marşrut xəttinin işləməsini dəqiq müəyyənləşdirsinlər. Bəzən kimsə gedəcəyi ünvana hansı avtobusun, haradan getdiyini bilmir. Bu da yollarda əlavə vaxt itkisinə və yorğunluğa səbəb olur. Bunun üçün gərək avtobus dayanacaqlarında marşrut xətlərini göstərən lövhələr olsun. Bəzən vətəndaş məcbur qalıb sürücüdən hansı istiqamətə hərəkət etdiyini soruşmalı olur. Amma məlumat lövhələri olsa, hər kəs baxar və məlumat alar. Avtobus marşrutları şəhərin hər yerini tor kimi əhatə etməlidir. Bütün istiqamətlərə ictimai nəqliyyat işləməlidir ki, vətəndaşlar da ona üstünlük versinlər. Ona görə deyirəm ki, həyata keçirilən yeniliklər tıxacların qismən aradan qaldırılmasına yönəlib. Nə qədər buna nail olunacaq, yaxın günlərdə görəcəyik.

Ə.Hüseynov valideynlərə bəzi tövsiyələr verdi:

- Yaxşı olardı ki, valideynlər övladları üçün orta məktəb seçərkən evə yaxın ərazidə olan məktəbə üstünlük versinlər. Bu, valideynin uşağı məktəbə aparıb-gətirməsini asanlaşdırar, vaxt itkisinə yol verilməz. Valideyn də saatlarla tıxaclarda qalmaz. Təəssüf ki, tədris ili müddətində yollarda tıxacların yaranmasının əsas səbəblərindən biri uşaqların fərdi avtomobillərlə məktəbə gətirilməsi olur. Bir sıra orta məktəblərdə şagirddaşıma servisləri var. Bu, çox yaxşıdır. Nə valideyn uşağı aparıb-gətirməyə vaxt itirir, nə də hər kəs bir maşınla gəlməklə yolda basabas yaradır. Uşaqlar da yollarda yorulmur. Həm də daha təhlükəsiz gedib-gəlirlər. Belə servislər çox olmalıdır.

Məlahət Rzayeva