Tramp-Ərdoğan görüşü niyə 20 dəqiqə davam etdi? - Səbəb açıqlandı

“Müzakirənin ana xətti ABŞ-ın Türkiyəyə hərbi dəstəyinin davam etdirilməsidir”

"Türkiyə prezidentinin ABŞ-a səfərinin mahiyyəti zədələnmiş münasibətlərin bərapasıdır”. Bunu "Şərq” ə açıqlamasında politoloq Vasif Əfəndiyev deyib. 

Rəcəb Tayyib Ərdoğanın Vaşinqtona səfəri və prezident Donald Trampla görüşünü dəyərləndirən ekspertin sözlərinə görə, münasibətlərin korlanmasında hər iki tərəfin rolu var: 

"Tərəflərin münasibətləri korlamaqda dərəcələrini ölçməyi bir kənara qoyaraq qeyd edirəm ki, artıq əlaqələrin normallaşdırılması zamanıdır. O səbəbdən ABŞ prezidenti Donald Tramp Ərdoğan cənablarını qəbul etdi və bu görüş prosesin davamının başlanğıcı oldu. Təkbətək danışıqların təxminən 20 dəqiqə davam etməsi o anlama gəlmiəməlidir ki, tərəflər görüş immitasiyası ediblər. Əslində nümayəndə heyyətləri 2 saatdan artıq müzakirələr aparıblar. Bundan sonra əlaqələr mütəmadi olaraq davam etdiriləcək. 

Görüşün 20 dəqiqə davam etməsinin əsas səbəbi mövcud problemlərin aradan qaldırılmasının bir neçə saat davam edən görüşlərdə mümkün olmamasıdır. Ona görə bu sayaq görüşlər əslində danışıqları davam etdirən nümayəndə heyyətlərinə edilən bir dəstək və stimuldur”. Politoloq görüş zamanı Fətullah Gülən məsələsinin qaldırıldığını güman etmədiyini deyib:

 "Bu məsələ hakimiyyətə siyasi manipulyasiya üçün lazımdır. Müzakirənin ana xətti ABŞ-ın Türkiyəyə hərbi dəstəyinin davam etdirilməsi mövzusu ola bilər. ABŞ-ın PYD- ni silahlandırılması məsələsinə artıq aydınlıq gətirilib.Tramp admnistrasiyası PYD- ni yüngül silahlarla silahlandırıldığını və münaqişələr bitdikdə isə həmin silahları geri alacaqları bəyanatını verdiyindən bu mövzuya qayıtmaq siyasi etikaya sığmayan məsələdir”.

İsmayıl