Ekspertlər Ankaranın maraqlarının tam təmin olunmasını proqnozlaşdırmır
ABŞ Prezidenti Donald Tramp türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla mayın 16-da görüşəcək. Bu barədə Ağ Evdən məlumat verilib. Görüş zamanı prezidentlər ikitərəfli əlaqələrin möhkəmləndirilməsi yolları, terrorla mübarizədə əməkdaşlığın dərinləşdirilməsi məsələlərini müzakirə edəcəklər. Ekspertlərə görə, Türkiyə dövlət başçısının ABŞ-a səfəri çox önəmlidir.
Ona görə də Ərdoğanın Trampla görüşü dünya mətbuatının gündəmindədir. Əksəriyyət düşünür ki, prezidentlərin görüşü Suriyanın gələcək yol xəritəsinin çəkilməsində çox vacibdir. Məlumdur ki, ABŞ-ın PYD və YPG-yə hərbi yardım göstərməsi Türkiyənin ciddi etirazına səbəb olur. Liderlərin görüşündə bu məsələ masaya yatırılacaq. Ərdoğan-Tramp təmasında müzakirə olunacaq mühüm məsələlərdən biri də FETÖ terror qruplaşmasının rəhbəri Fətullah Gülənin Türkiyəyə təhvil verilməsi olacaq. Xatırladaq ki, iki dövlət rəhbərinin görüşündən öncə, Türkiyənin Baş naziri Binali Yıldırım və ABŞ müdafiə naziri Ceyms Mettis arasında görüş keçirilib. Tərəflər Londonda bir araya gəlib. Görüş 30 dəqiqə davam edib və mətbuata qapalı olub. Mettis Yıldırıma ABŞ-ın NATO üzrə müttəfiqi Türkiyəni qorumaqda qərarlı olduğunu bildirib.
Gözlənilən görüşlə bağlı "Şərq”ə danışan siyasi-ekspert Araz Aslanlı deyib ki, Trampın hakimiyyətə gəlməsindən sonra belə bir fikir formalaşdı ki, guya ABŞ Türkiyə ilə daha uyğunlaşdırılmış siyasət aparacaq və Ankaranın maraqları diqqətə alınacaq. Türkiyənin hər istəyi nəzərə alınmasa belə, ən azından ortaya atılan məsələlərə həssaslıqla yanaşılacaq:
"Hətta Trampın ilkin açıqlamaları da belə düşünməyə əsas verirdi. Amma daha sonra sərgilənən mövqe vəziyyətin başqa cür inkişaf etməsinə gətirib çıxardı. Xüsusən, iki məsələ - FETÖ başçısının Türkiyəyə verilməsi və kürd terrorçularına silahlı yardım edilməsi ilə bağlı ciddi fikir ayrılıqlarının olduğu bəlli oldu. Xeyli müddət keçməsinə rəğmən, FETÖ ilə bağlı konkret addım atılmayıb. Üstəlik, Ankaranın etirazlarına baxmayaraq, PKK və PYD terrorçularına silah-sursat göndərilib. Bununla kifayətlənməyən Amerika hərbiçiləri terrorçularla yan-yana şəkil çəkdiriblər”.
Ekspert xatırladıb ki, ABŞ müdafiə naziri ilə Türkiyənin Baş naziri arasında görüşdə Vaşinqton Türkiyəyə təminat verməyə çalışıb:
"Amerikanın müdafiə naziri Türkiyənin Baş nazirinə dedi ki, "narahat olmayın, biz terrorçulara silah verməyəcəyik”. Amma qaranlıq məqam odur ki, Amerika rəsmiləri "terrorçu” deyəndə konkret hansı qüvvələri nəzərdə tutduqlarını açıqlamırlar. Bu səbəbdən tərəflər arasında ziddiyyətlər yaranır. Ümumiyyətlə, Qərb dünyasını təmsil edən ABŞ-la Türkiyə arasında xeyli fikir ayrılıqları mövcuddur. Əlbəttə, iki dövlət rəhbəri arasında görüş əhəmiyyətlidir. Ola bilər ki, FETÖ ilə bağlı müəyyən ortaq addımlar atılsın, yaxud Yaxın Şərq regionunda hansısa razılıq əldə edilsin. Amma inanmıram ki, Türkiyənin bütün gözləntiləri özünü tam doğrultsun. Ən azından, Ankaranın istədiyi şəkildə olmayacaq”.
İsmayıl