Tramp islamafobiya və irqçi təbiətli insandır - İddia




"Trampa qarşı nifrət o həddə çatıb ki, cəmiyyətdə impiçment haqqında danışılmağa başlanılıb”.

Bunu Sherg.az-a ABŞ prezidenti Donald Trampın müsəlman miqrantların ölkəyə daxil olmasına 120 günlük qadağa qoyması ilə bağlı danışarkən politoloq Qabil Hüseynli deyib. 

O xatırladıb ki, D. Tramp əvvəlcədən, seçki kompaniyası müddətində də bu barədə elan etmişdi:

"Müsəlman miqrantların ölkəyə daxil olmasına qadağa ilə bağlı qərar onu göstərir ki, D. Tramp islamafobiya, anti-müsəlman əhval ruhiyyəsi ilə yoğrulmuş şüura, dünya görüşünə malik, rasist təbiətli insandır. Onun bu addımı atması müsəlman dövlətləri tərəfindən mənfi qarşılanacaq. Elə öz ölkəsinin ictimaiyyəti bu qərara qarşı tənqidi fikirlər səsləndirəcək. Bu gələcəkdə Ağ ev rəhbərinə qarşı çevriləcək ittihamların artmasına səbəb ola bilər. Onsuz da Trampın hər addımı bu dəqiqə nifrətlə qarşılanır və bu nifrətin əhatəsi getdikcə genişlənir. Bütün bunları əsas götürüb söyləyə bilərik ki, Trampın bu addımı rasist hətta panteist xarakterlidir və ciddi ittiham obyektinə çevriləcək”.
Qeyd edək ki, ABŞ prezidenti Donald Tramp qərarına görə ölkə müvəqqəti olaraq 120 gün ərzində qaçqınların ölkəyə qəbulunu dayandırır. Bununla ABŞ-a getmək istəyən 7 ölkə vətəndaşlarına (İran, İraq, Liviya, Somali, Sudan, Suriya və Yəmən) vizaların verilməsi müvəqqəti olaraq dayandırılacaq.

Aysel Aslan