Tramp reallığı dərk etdi

ABŞ Prezidenti anladı ki, NATO ilə münasibətlər yüksək olmalıdır



ABŞ Prezidenti seçkiqabağı kampaniyanın gedişində dəfələrlə "köhnəlmiş” və "effektsiz” təşkilat adlandırdığı Şimali Atlantika bloku barədə fikrini dəyişib. Bunu Donald Tramp Vaşinqtonda NATO-nun Baş katibi Yens Stoltenberqlə görüşündən sonra bildirib. Tramp Suriyada Şayrat aviabazasına raket zərbəsi endirmək qərarını dəstəklədiyi üçün alyans üzvlərinə təşəkkür edib:

"Biz baş katiblə NATO-nun terrorla mübarizədə nə edə biləcəyi barədə məhsuldar müzakirə apardıq. Mənim narazılıq bildirdiyim məsələlər dəyişib və indi terrorla mübarizə aparılır. NATO-nun köhnəldiyini demişdim. Artıq o fikirdə deyiləm. Ümumi problemlərimiz qarşısında NATO üzvlərinin maliyyə öhdəliklərini yerinə yetirmələrini və borclu olduqları vəsaiti ödəmələrini təmin etməliyik”. Yens Stoltenberq NATO-nun Rusiyanın sərhədlərində fəaliyyətini "müdafiə yönümlü” adlandırıb. Onun sözlərinə görə, alyans şərq cəbhəsində qüvvələrini artırmalıdır, lakin yeni soyuq müharibəyə və silahlanma yarışına yol vermək olmaz. Tramp isə söyləyib ki, Rusiya güclü ölkədir. Amma ABŞ daha güclüdür: "Əgər Putinlə ümumi dil tapa bilsəydik, hər şey çox gözəl olardı”. 

Ağ Ev rəhbərinin mütəmadi dəyişən fikirləri ilə bağlı "Şərq”ə danışan "Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri Elxan Şahinoğlu deyib ki, Tramp öyrəşdiyimiz klassik siyasətçilərdən deyil:

"O, siyasətə biznesdən gəlib, heç Konqres üzvü də olmayıb. O baxımdan prezident seçilməsi üçün böyük vədlər verib. Artıq dövlət başçısıdır və görür ki, verdiyi vədlərin reallaşması mümkün deyil. Çünki sözlərinin çoxu ölkənin milli və dövlət maraqları ilə üst-üstə düşmür. NATO ilə əməkdaşlığı kəsmək mümkünsüzdür. Hərbi alyans ilk növbədə Amerika üçün vacibdir, bu ölkənin Avropadakı mövcudluğu deməkdir. Ona görə də siyasi müşavirlər, hərbi komandanlıq, mərkəzi kəşfiyyat Trampı başa salıblar ki, müəyyən vədlərin üstündən xətt çəkmək lazımdır. Sadəcə bir məsələdə dirəşir, o da NATO ölkələrinin üzərlərinə götürdükləri maliyyə məsələlərini yerinə yetirməməsidir. Yəni bütün yükün ABŞ-ın öhdəsində olmasına ciddi etiraz edir.

NATO ilə Rusiya arasında münasibətlər gərginləşir. Tərəflər üz-üzə dayanıb və ordularını gücləndirməklə məşğuldurlar. Hərbi alyans isə Şərqə doğru irəliləməkdə davam edir. Eyni zamanda Rusiya Qərblə sərhədlərini möhkəmləndirir. Ancaq nüvə silahına sahib olan iki dövlətin həddindən artıq gərgin münasibətdə olması arzuolunan deyil. Təəssüflər olsun ki, tərəflər hələlik dil tapa bilmirlər. Hər halda hərbi müstəvidə güclü toqquşmanın olacağını iddia etmək tezdir”.

İsmayıl