Trampın qərarları Avropanı qıcıqlandırır

“Böyük Yeddilər”in görüşündə bir sıra ziddiyyətli məqamlara aydınlıq gətiriləcək”



Amerika Birləşmiş Ştatları Avropa Birliyindən polad və alüminium idxalına əlavə rüsum tətbiq edib. Vaşinqtonun qərarı AB ölkələrinin kəskin etirazına səbəb olub. Rəsmilər bu addıma görə ABŞ-ın cavab verəcəyini deyiblər. Almaniya kansleri Angela Merkel Avropanı Ağ Evlə mübarizəyə səsləyib:

"Avropa Donald Trampın dünya nizamını dəyişmək cəhdlərinə mane olmalıdır. Amerikanın Paris iqlim razılaşmasından çıxması, yeni ticarət rüsumları tətbiq etməsi ciddi səhvdir”. ABŞ Müdafiə naziri Ceyms Mettis isə bildirib ki, onların Avropa ilə apardıqları savaş yox, ticarətdir: "Trampın elan etdiyi əlavə rüsumlar hərbi sferadakı qarşılıqlı fəaliyyətlərə təsir etməyəcək. İndiki məqamda mən bunun təhlükəsizlik məsələlərinə təsir göstərəcəyini düşünmürəm. Trampın addımını ticarət müharibəsi adlandırmaq çox tezdir”.

Tərəflərin qarşıdurmasını "Şərq”ə analiz edən Qərbi Kaspi Universitetinin professoru, politoloq Fikrət Sadıqov bildirib ki, Donald Trampın son dövrlər verdiyi yanlış qərarlar Avropanı qıcıqlandırır. Ekspertə görə, siyasi, iqtisadi və təhlükəsizlik məsələsində Avropanın öz siyasi prioritetləri var: 

"Avropanın ABŞ-a qarşı çıxması və kontur-sanksiyalar tətbiq etməsi müəyyən əsaslarla bağlıdır. Avropa ölkələrinin ilk ciddi narazılığı Amerikanın İranla nüvə razılaşmasından çıxması ilə başlayıb. Qərb ölkələrinin ABŞ-ın mövqeyinin əksinə olaraq İranla anlaşmadan çıxmaması mühüm addımdır və Avropa-İran münasibətlərində əhəmiyyətli amildir”. 

Politoloq deyib ki, bu yaxınlarda Kanadada baş tutacaq "Böyük Yeddilər”in görüşündə bir sıra ziddiyyətli məqamlara aydınlıq gətiriləcək: 

"Beynəlxalq siyasətdə əsasən ən aktual məsələlər müzakirə edilir. 

Şübhə etmirəm ki, Kanadada terrorizmə qarşı mübarizə ilə yanaşı, İranla bağlı problemlər və ticarət münaqişəsi də gündəmə çıxarılacaq. Əslində ABŞ-Avropa arasında müşahidə olunan gərginlik müharibə deyil, heç münaqişə də deyil. Lakin yaranmış ziddiyyət bir çox məqamlarda eyni mövqedən çıxış edən Qərbin vahid cəbhədə birləşməsinə zərbə vuracaq”.

İsmayıl