"Türk dünyasını birləşdirən vahid televiziyanın yaradılması vacibdir"

"Qazaxıstanın Türküstan şəhərində müxtəlif media qurumlarının iştirakı ilə "Türk dünyası və informasiya fəzası” beynəlxalq media forumu baş tutub”.
Sherg.az xəbər verir ki, Bakı vaxtı ilə saat 11-də Yasəvi Universitetində türk dünyası jurnalistlərinin media platforması keçirilib.
Forumda Türküstan şəhərinin akimi Janseita Kanseotuli, Beynəlxalq Türk Akademiyasının prezidenti, professor Darxan Kıdırali, TÜRKSOY-un baş katibi Düsen Kaseinov çıxış ediblər.
Tədbiri açıq elan edən J.Kanseotuli vurğulayıb ki, ötən il Azərbaycanın Şəki şəhəri türk dünyasının mədəniyyət paytaxtı seçilib. Bu il isə esatefeti Türküstan alıb və "Türk dünyasının mədəniyyət paytaxtı” elan olunub:
"Türk dünyasının birliyi üçün Qazaxıstanda müxtəlif tədbirlər həyata keçirilib. Bu mənada hazırda təşkil olunmuş "Türk dünyası və informasiya fəzası” beynəlxalq media forumunun da əhəmiyyəti böyükdür”.
TÜRKSOY-un baş katibi D.Kaseinov forumun əhəmiyyəti və Qazaxıstanda medianın hazırkı durumu ilə bağlı fikirlərini səsləndirib.
Türk dilində çıxış edən D.Kıdırali isə bildirib ki, 150 il əvvəl İsmayıl Qaspiralı "Tərcüman” qəzetini çıxararaq, türk dünyasında "İşdə, əməldə və fikirdə birlik” ideyasını irəli sürüb:
"Bugünkü media platforması da məhz İ.Qaspiralının ideyaları əsasında həyata keçirilir. Bu il dəyişiklik edilərək, İsmayıl Qaspiralı adına media mükafat təsis olunub və Türkiyə, Azərbaycan və Qazaxıstandan olan dörd jurnalist - Amhet Yeşiltəpə, Kürşad Zorlu, Aida Eyvazlı və Askar Umarov Türk Akademiyasının "İsmayıl Qaspıralı adına media mükafatı”na layiq görülüblər. 
Azərbaycanlı jurnalistlər arasında "İsmayıl Qaspiralı adına media mükafatı”na araşdırmaçı-jurnalist Aida Eyvazlı layiq görülüb.
Daha 3 jurnalistin mükafatlandırılmasından sonra azərbaycanlı jurnalistlər tərəfindən Türküstan akiminə hədiyyə təqdim edilib.
Daha sonra iki hissədən ibarət olan tədbirin birinci hissəsində Türk dünyasının informasiya məkanında mövcud olan problemlər mövzusunda müzakirələr aparılıb. Mövzu ətrafında çıxış edən, Mətbuat Şurasının İdarə Heyətinin üzvü, "Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı Türk dünyasının birliyində medianın rolu və əhəmiyyətindən danışıb:
"Bu gün Türk dünyasının birliyində medianın rolu çox böyükdür. Tədbirin Əhməd Yasəvinin adını daşıyan universitetdə baş tutmasının da rəmzi mənası var. Çünki Ə.Yasəvi dilimizin və dinimizin təmizliyi üçün ideyalar irəli sürmüş böyük şəxsiyyətdir. Əhməd Yasəvi ilə yanaşı "İşdə, əməldə və fikirdə birlik” ideyasını davam etdirən İ.Qaspralının və Qafqazda ilk Türk qəzeti olan "Əkinçi” qəzetinin yaradıcısı Həsən bəy Zərdabinin, Avropanın qəzetçilik ideyalarını ilk dəfə türk dünyasına gətirən Əli bəy Hüseynzadənin, "Vahid türk dili" ideyasının yaradıcılığında yüksək təbliğ edən Mehmet Əmin Yurdaqulun ruhu burdadır. Türk dünyasının media əlaqələrində ən böyük problem əlifba məsələsidir. Bu mənada Qazaxıstanın 2018-ci ildə latın qrafikasına keçəcəyini təqdir edirik və Qırğızıstanında belə bir addım atacağını gözləyirik.
Çıxışının sonunda öz təkliflərini irəli sürən A.Aşırlı bildirib ki, Türk dünyasını birləşdirən vahid türk televiziyasının yaradılması vacibdir.
Türk Şurasının layihə direktoru Ceyhun Şahverdiyev isə Şuranın dövlət başçılarının bu istiqamətdə təlimatları və görülən işlər barədə məlumat verib.
Media forumunda həmçinin Anadolu Ajansı Beynəlxalq Xəbərlər Agentliyinin redaktoru Faruk Tokat, "Türküstan Press” qəzetinin nümayəndəsi Uluqbey Asrorova, "Yeniçağ” qəzetinin nümayəndəsi Kürşad Zorlu, "Qırqız ulusu” mətbuat orqanının nümayəndəsi "Aykün” qəzetinin baş redaktoru Nurtere Baytilesuli çıxış edərək öz fikirlərini bildiriblər.
Forumun ikinci hissəsində isə mövzu Vahid Türk Telekanalının yaradılması ideyası olub. Aparıcı Renat Kartayev bu barədə fikirləri səsləndirib.

Qazaxıstanın dövlət informasiya agentliyi, Kazinform-un baş direktoru Askar Umarov, forumun türk dünyası jurnalistlərinin bir araya gəlməsi baxımından vacib platforma olduğunu qeyd edib. Onun fikrincə, 25 ildən artıqdır müstəqil siyasət yürüdən türk dövlətlərinin artıq vahid informasiya fəzası formalaşdırması üçün ciddi zəmin mövcuddur: "Ortada siyasi iradə var, qalır onu reallaşdırmaq. Bu işdə biz jurnalistlərin üzərinə böyük iş düşür”.

Türkiyənin NTV teleanalının xarici xəbərlər müdiri Ahmet Yeşiltepe media və jurnalistlərin cəmiyyətin lokomotivləri kimi türk dünyasının inteqrasiyasında özəl bir rola sahib olduğunu qeyd edib. Onun fikrincə, bundan sonra atılacaq addımılar daha konkret olmalıdır. Ahmet Yeşiltepe türk dünyasını bir araya gətirən, onun bütünlüyünə xidmət edəcək televiziya layihəsini qurarkən idarəçilik, maliyyə, məzmun və hansı dildə yayımlanacağı kimi məsələlərə önəm verilməsinin vacibliyinə diqqət çəkib.

Türkiyənin Yeni Çağ qəzetinin köşə yazarı Kürşad Zorlunun sözlərinə görə, bu gün türk dünyası 11,3 milyon kvadrat kilometr ərazi, 250 milyon əhalisi və təxminən 2 trilyonluq ümumdaxili məhsulu ilə Avropa Birliyi kimi qurumların vaxtilə xəyal edə bilmədiyi bir potensiala sahib olduğunu, amma bu potensialdan istifadə edilmədiyini vurğulayıb.

"TRT Avaz"ın kordinatoru Murat Akköç və Ceyhun Şahverdiyev çıxış edərək layihələr ətrafında müzakirə aparıblar.
Çıxışlardan sonra vahid qərar qəbul olunub və qərara əsasən türk xalqları arasında əməkdaşlığın inkişaf etdirilməsində medianın danılmaz rola malik olduğu bildirilib.
Qeyd edək ki, vahid türk televiziyasının yaradılması ideyası Naxçıvanda, Türk Ölkələrinin Zirvə Toplantısında Qazaxıstan prezidenti Nursultan Nazarbayevin təklifi ilə əsas məqsəd kimi qoyulub. O bildirib ki, bu istiqamətdə addımlar atılmalı və telekanal yaradılmalıdır. Türk dövlətləri informasiya sahəsinə inkişafa nail olmaq üçün əməkdaşlıq etməlidir.
Ayyət Əhməd