Müşfiq Ələsgərli:"Diaspora nümayəndələri həmin ölkələrin media quruluşlarına, təşkilatlara nüfuz edib, ölkəmiz və problemlərimiz barədə materiallar dərc etdirməyinə ehtiyac duyulur"
"Xarici ölkələrdə diaspora fəaliyyəti kifayət qədər effektiv olmalıdır ki, türkdilli jurnalistlər Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məlumatlandırılsın”.
Bu barədə "Sherg.az”a türkdilli ölkə jurnalistlərinin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı az məlumatlı olmalarına dair fikirlərə münasibət bildirirəkən Jurnalistlərin Həmkarlar İttifaqının (JuHİ) sədri Müşfiq Ələsgərli bildirib.
O qeyd edib ki, diaspora nümayəndələri həmin ölkələrin media quruluşlarına, təşkilatlara nüfuz edib, ölkəmiz və problemlərimiz barədə materiallar dərc etdirməyinə ehtiyac duyulur:
"Azərbaycan mediası bu barədə kifayət qədər yazır. Müxtəlif dillərdə Azərbaycan həqiqətləri işıqlandırılır. Məsələ odur ki, diaspora təşkilatları, həmin xarici ölkələrdəki vətəndaşlarımız da məsələnin üzərinə getməlidirlər. Həmvətənlərimiz çalışdığı, yaşadığı ölkənin ictimai siyasi həyatında aktiv olmalı, media üçün öz təşəbbüsləri ilə məqalələr verməlidirlər. Mühüm hadisələrin anım günləri ilə bağlı toplantılar keçirilməlidir. Çalışmaq lazımdır ki, bu məsələləri aktivləşdirmək üçün effektiv addımlar atılsın.
Beynəlxalq təşkilatlar jurnalistlərlə görüşlər keçirirlər. Bu sahədə ən yaxşı yol Qeyri Hökumət Təşkilatlarının (QHT) aktiv olması lazımdır. QHT-lər xarici ölkələrdə tədbirlər keçirsələr, Azərbaycanla bağlı problemlərin gündəmdə saxlanmasına cəhd göstərsələr, müsbət nəticə əldə etmək olar. Məsuliyyət tək medianın üzərində deyil. Media, cəmiyyət, diaspora, QHT-lər müştərək fəaliyyət göstərməlidir ki, belə məsələləri işıqlandırmaq lazımi nəticələr versin”.
Qeyd edək ki, Türkiyənin Kastamonu şəhərinin Türk dünyasının mədəniyyət paytaxtı elan edilməsi münasibətilə təşkil olunmuş təntənəli mərasimlərə Azərbaycan jurnalistləri ilə yanaşı Qırğızıstan, Qazaxıstan, Özbəkistan, Moldova və Tatarıstandan 20-yə yaxın jurnalist qatılıb.
Mərasimlərə dəvət olunmuş «Şərq» qəzetinin baş redaktoru Akif Aşırlı türk dünyasını təmsil edən bu jurnalistlərlə Azərbaycanın üzləşdiyi Dağlıq Qarabağ problemi barədə söhbət edib. Baş redaktor bu söhbətlərin nəticəsindən məyusluğunu gizlətməyib. "Sherg.az"a verdiyi məlumatda A.Aşırlı bildirib ki, Qarabağ probleminin Avropanın siyasi mərkəzlərində daha çox müzakirə olunmasına diqqət göstərilir, ciddi fəaliyyət ortaya qoyulur, amma türk-islam dünyasının bir parçası olduğunu qəbul etdiyi ölkələrdə bu işin səviyyəsi çox aşağıdır. Hətta SSRİ dönəmində bir yerdə olduğumuz Orta Asiya dövlətlərində də Azərbaycanın haqlı davası lazımınca obyektiv qiymətləndirilmir.
Yazının tam mətnini bu linkdən oxuya bilərsiniz:
Ayyət Əhməd