Türkiyə-Avropa Birliyi arasında gərginlik uzun çəkməyəcək
“Müzakirələrin dondurulması Avropanın məğlubiyyəti deməkdir”
Avropa Parlamentinin Türkiyə ilə üzvlük danışıqlarını müvəqqəti dondurması Ankara ilə Aİ arasında münasibətləri kritik həddə çatdırıb. AB Türkiyəni "qanunsuz siyasi həbslərdə” və digər yanlış addımlarda suçlayır. Türkiyə rəsmiləri isə Qərb təşkilatlarını ikili standartlarda ittiham edirlər.
Bununla yanaşı, rəsmi Ankara Avropa ölkələrini kütləvi miqrant axını ilə qorxudur. Prezident Rəcəb Tayyib Ərdoğan və nazirlər açıq şəkildə bəyan ediblər ki, Türkiyə sərhədlərini açarsa, 3 milyondan artıq qaçqın Avropaya axın edəcək. Bu isə qitə üçün fəlakət deməkdir.
Avropa İttifaqında ikili xarici siyasət xətti var
Avropa Parlamentinin deputatı Manfred Veber Türkiyənin AB üzvü olmasını mümkünsüz sayıb. Onun fikrincə, AB ən yaxşı halda Türkiyə ilə iqtisadiyyat, mədəniyyət və tələbə mübadiləsi sahəsində müqavilə imzalaya bilər. Alman ekspert Aleksandr Rar isə deyib ki, Avropa Birliyi Türkiyəyə vəd etdiklərini yerinə yetirməyib. Bu da Türkiyə Prezidenti Ərdoğanın səbrini tükəndirib: "Avropa Birliyinin ikili standartları Ərdoğanın əsəblərini pozdu. Prezident artıq bu oyunu istəmir, çünki bunu özü üçün alçaldıcı sayır”. Ekspertin fikrincə, əsas problem Avropa Birliyindədir: "Aİ-də ikili xarici siyasət xətti var. Birincisi, praqmatik maraqlar siyasətidir. Avropa liderləri, suriyalıların axınını əngəlləmək üçün Türkiyəyə böyük pullar vəd edərək Ankara ilə anlaşmağa çalışdı. Bununla yanaşı türk vətəndaşlar üçün viza sərbəstliyi sözü verdi. Ancaq vədlərin heç biri reallaşmadı. Aİ Ərdoğana nə təzyiq göstərəcək ki? Türkiyə öz yağıyla qovrulan ölkədir. Avropa İttifaqı Türkiyəyə sanksiya tətbiq edərsə, bu, Avropanın Avrasiya siyasətinin bitəcəyi anlamına gələcək. O zaman Türkiyə İran və Çin kimi ölkələrə yaxınlaşacaq”.
"Avropa miqrant məsələsində Türkiyəyə dərs keçməməlidir”
AB Komissiyasının sədri Jan-Klod Yunker bildirib ki, Türkiyənin 3 milyondan çox qaçqını qəbul etdiyi ortada olan bir həqiqətdir. Bu səbəbdən Avropa miqrant məsələsində Türkiyəyə dərs keçməkdən çəkinməlidir: "Türkiyə İordaniya ilə Livan qaçqınları məsələsində Aİ-dən daha artıq iş görüb. Aİ üzvləri iradlarında bunu nəzərə almalıdır”. Komissiya sədri Türkiyənin Aİ-yə üzv olması ilə bağlı danışıqlara da şərh verib: "Türkiyə Avropa İttifaqına üzv olmaq üçün lazımi tələbləri yerinə yetirmək istəyirmi? Türkiyənin bu sualı özündən soruşmadığını düşünürəm. Bu sual verilmədiyi üçün cavabı da yoxdur”.
Almaniya kanslerindən miqrantlara sərt xəbərdarlıq
Türkiyə Prezidenti Ərdoğanın miqrant "təhdidi” Avropa ölkələrini indidən narahat etməyə başlayıb. Almaniya kansleri Angela Merkel növbəti miqrant axınına qədər Almaniyanı "boşaltmaq” qərarına gəlib. Kansler çıxışında bildirib ki, ilin sonunadək 60 min miqrant Almaniyanı tərk etməlidir. Onun sözlərinə görə, ümumilikdə ölkədə qalmaq hüququ almayan 100 min miqrant Almaniyadan qovulacaq: "Onlardan üçdə biri zorla deportasiya ediləcək, 60 min isə müxtəlif humanitar proqramlar çərçivəsində "könüllü” olaraq vətənlərinə qayıdacaq”. Merkel xüsusən Əfqanıstandan gələn qaçqınları qeyd edib: "Bütün əfqan oğlan və qızların Almaniyaya köçməsi qeyri-mümkündür”.
Türkiyədən Avropa İttifaqına tərs şillə...
Türkiyə Baş nazirinin müavini Numan Kurtulmuş vurğulayıb ki, əgər Avropa İttifaqı miqrantların Türkiyə ərazisindən qeyri-qanuni şəkildə Avropaya keçməmək barədə öhdəliklərini yerinə yetirməzsə, rəsmi Ankara bu razılaşmanın icrasını donduracaq. Baş nazir bildirib ki, rəsmi Ankara Avropa İttifaqı ilə miqrant razılaşmasına əsasən, öz öhdəliklərini yerinə yetirib: "Ancaq Avropa İttifaqı məsuliyyətlərinə əməl etmir. Əvvəllər hər gün 6-10 min qeyri-qanuni miqrant hər gün dəniz və quru vasitəsi ilə Türkiyədən Yunanıstana getməyə çalışırdı. İndi bu, tamamilə dayandırılıb. Türkiyə öz vədinə sadiq qalıb. Avropa türk vətəndaşlarının vizasız səfərinə şərait yaratmazsa, Ankara razılaşmanın icrasını təxirə salacaq. Hazırda Avropa İttifaqının rəhbərləri də bu sualla üzləşiblər ki, görəsən, Türkiyə qeyri-qanuni miqrant və qaçqınların Avropaya doğru axını üçün qapılarını yenidən açacaqmı? Görünür, bu qapıların açılması mütləqdir və yalnız onun zamanı bəlli deyil”.
"Türkiyə-AB gərginliyi müvəqqətidir”
Millət vəkili Asim Mollazadə isə deyib ki, Türkiyə-AB münasibətlərində olan gərginlik uzun çəkməyəcək. Deputat bildirib ki, Türkiyə bundan sonra onunla tələblər dili ilə danışmağı qəbul etməyəcək: "Avropa Birliyinin uzun illərdir qapılarını Türkiyəyə bağlaması və öz iddialarını ortaya qoyması təəssüf doğurur. Zənnimcə, son zamanlar AB-Türkiyə münasibətlərində olan gərginlik müvəqqəti xarakter daşıyır. Bu təşkilatda vahid birlik formalaşmayıb. Türkiyə böyük və nüfuzlu dövlət olduğuna görə də onunla hansısa tələb dilində danışmağı qəbul etmir və bundan sonra da etməyəcək”.
Gec-tez Avropa Birliyi Türkiyənin güclü dövlət olduğu faktını qəbul etmək məcburiyyətində qalacaq
Politoloq Natiq Miri deyib ki, Avropa Birliyi 50 ildən artıqdır Türkiyəni qapı ağzında saxlayır və regionda, xüsusən Türkiyədə öz geosiyasi marağını təmin etməyə çalışır: "Avropa Türkiyəyə heç bir haqq-hüquq tanımayıb. Qardaş ölkədə mövcud olan problemlərin böyük əksəriyyəti də məhz Qərb dövlətləri ilə bağlıdır. Türkiyəni qana bulayan PKK terrorçuları, İŞİD-çilər birbaşa Avropadan lojistik dəstək alırlar. Avropa Türkiyə düşmənçiliyinə don geyindirmək üçün müxtəlif bəhanələri gündəmə gətirir. Əslində Türkiyədə baş verən siyasi və ictimai proseslər Qərbi maraqlandırmır. Öz maraqları naminə Ankara hökumətini sıxışdırırlar. Amma gec-tez Avropa Birliyi Türkiyənin güclü dövlət olduğu faktını qəbul etmək məcburiyyətində qalacaq. Əks təqdirdə Qərb dünyası Türkiyə kimi əhəmiyyətli bir müttəfiqini itirəcək. Əlaqələrin dondurulması Avropanın məğlubiyyəti deməkdir. Hesab edirəm ki, Avropa Birliyi miqrant böhranı və yarana biləcək digər problemləri nəzərə alaraq, Türkiyə ilə münasibətləri çox gərginləşdirməyəcək və tezliklə rəsmi Ankara ilə dil tapmağa çalışacaq”.
İsmayıl