Türkiyə Suriyada əməliyyat aparmağa məcburdur

Ankaranın əsas tələbi terrorçu qruplara verilən dəstəyi dayandırmaqdır




Türkiyə Suriyanın şimalında ABŞ-ın hərbi-siyasi və lojistik dəstək verdiyi YPG terror təşkilatına qarşı "Cənub Hərəkatı” kod adlı hərbi əməliyyat keçirməyə hazırlaşır. Hazırda Vaşinqtonun fəal yardımı nəticəsində YPG Fəratın Şərq sahilində və Menbiç istiqamətində güclənərək, Türkiyənin ərazi bütövlüyünü və milli təhlükəsizliyini təhdid etməkdədir. Türkiyənin israrlı tələblərinə və müttəfiq əlaqələrinə rəğmən Amerika YPG terror təşkilatını dəstəkləyir.

Yaxın Şərqdəki proseslərlə bağlı "Şərq”ə danışan politoloq Məhəmməd Əsədullazadə deyib ki, Vaşinqtonun terror təşkilatını dəstəkləməkdə məqsədi Suriyada yeni kürd muxtariyyəti qurmaq və Suriyanın bölünməsini həyata keçirməkdir: "Amerika İraq ssenarisini burada tətbiq etmək istəyir. Bu da həm Suriyanın, həm də Türkiyənin regional maraqlarına qarşı qəsddir. Türkiyə Prezidenti Rəcəp Tayyib Ərdoğanın qəraralı şəkildə Fəratın şərqinə hərbi əməliyyatlar həyata keçirməsi Vaşinqtonda narahatlıq yaradır.

 Çünki Pentaqon YPG terror təşkilatına 5 min tır silah-sursat və zirehli texnika göndərib. Bundan əlavə terrorçulara təlimlər keçərək milyonlarla vəsait xərcləyib. ABŞ-ın məqsədi Suriyanın neftlə zəngin bölgəsində yeni kürd muxtariyyəti quraraq, gələcək perspektivdə müstəqilliyinə nail olmaqdır. Ankara Amerikanın Suriyada kürdlər üzərindən həyata keçirdiyi siyasətin qarşısını almağa çalışır. Anakara "Azad Suriya” ordusu ilə birgə həyata keçirəcəyi hərbi əməliyyata Ağ Ev kəskin etiraz etsə də, Türkiyə ilə açıq hərbi qarşıdurmaya girə bilmir. Çünki haqsız tərəf Vaşinqtondur. ABŞ Menbiçdə Türkiyəyə verdiyi sözü tutmur. Terror təşkilatını dəstəkləməklə, Ankaranın maraqlarını görməzdən gəlir”.

Analitikə görə, Türkiyənin uğurla həyata keçirdiyi "Fərat qalxanı”, "Zeytun Budağı” əməliyyatları ölkənin bölgədəki mövqeyini gücləndirib:

 "YPG terror təşkilatına qarşı Fəratın şərqində başlanacaq "Cənub hərəkatı” hərbi əməliyyatları Türkiyənin Suriyadakı mövqeyini daha da gücləndirəcək. Türkiyə YPG teror təşkilatına zərbə vurmaqla, həm də Vaşinqtonun planını alt-üst edəcək. Hazırda Amerika ilə Ankara arasında diplomatik danışıqlar gedir. Ankaranın əsas tələbi terrorçu qruplara verilən dəstəyi dayandırmaq və onları cənub sərhədlərindən uzaqlaşdırmaqdır. Vaşinqton iki seçim qarşısında qalıb: - Müttəfiqi Türkiyəni dəstəkləmək və yaxud terror təşkilatının yanında durmaq. Türkiyə hərbi əməliyyatlara başlasa, Vaşinqton konkret mövqeyini ortaya qoyacaq”.

İsmayıl