Rəcəb Tayyib Ərdoğan: “Onlara qalsa, dövləti və milləti 1940-cı, 70-ci illərə qaytararlar. Bu cür adamlar ölkəyə rəhbərlik edə bilməzlər”
Türkiyədə seçki marafonu qızışır
İqtidar və müxalifət cəbhəsi od püskürür
Rəcəb Tayyib Ərdoğan: “Onlara qalsa, dövləti və milləti 1940-cı, 70-ci illərə qaytararlar. Bu cür adamlar ölkəyə rəhbərlik edə bilməzlər”
Rəcəb Tayyib Ərdoğan: “Onlara qalsa, dövləti və milləti 1940-cı, 70-ci illərə qaytararlar. Bu cür adamlar ölkəyə rəhbərlik edə bilməzlər”
Məhərrəm İncə: "Mən Ərdoğan kimi 1150 otaqlı sarayda yaşamayacam. O saraya 2 milyard dollar
pul sərf edilib. Prezident seçilən kimi sarayı gənclərə hədiyyə edəcəm”
Dövlət Baxçalı: "İncə Ərdoğana əl çalan şərəfli türk generalının paqonlarını sökəcəyini deyir. Bəlkə də bu təlimatı Dəmirtaşdan alıb. Amma sənin türk generalnın paqonunu sökməyə nə cəsarətin, nə də səlahiyyətin çatar”
Türkiyədə 24 iyunda keçiriləcək prezident və parlament seçkisi ərəfəsində mübarizə gərginləşməkdədir. Nüfuzlu ORC araşdırma şirkətinin növbədənkənar prezident və parlament seçkisi ilə bağlı 3500 nəfərin arasında keçirdiyi sorğunun nəticələrinə görə, hakim partiyanın namizədi Rəcəb Tayyib Ərdoğan 53,4 faiz səslə öndədir. Cümhuriyyət Xalq Partiyasının namizədi Məhərrəm İncə 23,8 faiz, İYİ Partiyanın lideri Meral Akşener isə 11,5 faiz səsə malikdir. Artıq xaricdə yaşayan Türkiyə vətəndaşlarının 7 iyunda səs verməyə başlaması üçün bütün hazırlıqlar görülüb. Ölkədən kənarda məskunlaşmış türklər 60 ölkə və 123 nümayəndəlikdə qurulacaq seçki məntəqələrində 19 iyuna qədər səs verə biləcəklər.
"Kılıçdaroğlu quzu-quzu gəldi... Amma sən...”
Seçki kampaniyası çərçivəsində ən çox müzakirə olunan məqamlar namizədlərin bir-birinin əleyhində söylədiyi fikirlərdir. Ötən gün Tarsus mitinqində çıxış edən Prezident Rəcəb Tayyib Ərdoğan CHP-nin namizədi Məhərrəm İncəni tənqid edib: "Çox da incə olmayan Məhərrəm bəy Prezident Sarayını sökəcəyini deyir. Sənin başqanın da eyni şeyi söyləyirdi. Amma sonda quzu-quzu saraya gəldi. Sən isə heç saraya yaxınlaşmaq fürsətini əldə etməyəcəksən. Çünki bu saraya gəlmək ancaq millətin iradəsi ilə mümkündür. CHP-lilərin biri deyir, gələn kimi yıxacağıq, o biri deyir satacağıq. Belə zehniyyət olarmı? Biz tikməkdən danışırıq, onlar sökməkdən”.
"Avropada sandıqları partladın!”
Ərdoğan deyib ki, Avropada PKK-lı terrorçulara mitinq keçirmək icazəsi verirlər, amma türklərə vermirlər: "Mən Qərb ölkələrində yaşayan bütün qardaşlarıma çağırış edirəm. Öz sözünüzü seçkiyə getməklə verin. Haqqınızın tapdanmasına şərait yaratmayın. Gücünüzü xaricdəki xainlər də görsünlər”.
"24 iyun günü onlara "Osmanlı şilləsi” vurun”
Prezident Ərdoğan bildirib ki, CHP sədri Kamal Kılıçdaroğlu tez-tez "tək adam” ifadəsini səsləndirir. Əslində Türkiyədə "tək adam” varsa, o da Kılıçdaroğludur: "Parlamentdən öz adamlarını qovur. Bu qədər məğlubiyyətə rəğmən, kreslosunu buraxmır. Elə Məhərəm İncə də onun tayıdır. Heç bir fərqləri yoxdur. Onlara qalsa, dövləti və milləti 1940-cı, 70-ci illərə qaytararlar. Bu cür adamlar ölkəyə rəhbərlik edə bilməzlər. Çünki hamısı dağıtmaqdan, sökməkdən danışır. AKP Türkiyəyə 5 min ambulans gətirib. Gəlsinlər, onları da zibilliyə atsınlar. 817 min yeni yaşayış kompleksi inşa edilib, 20 min kilometr yol çəkilib. Onları da sökün, dağıdın. Millətimdən xahiş edirəm, 24 iyun günü onlara "Osmanlı şilləsi” vurun”.
İncə: "Silah səsi deyil, traktor səsi eşidəcəyik”
CHP-nin prezidentliyə namizədi Məhərrəm İncə də öz növbəsində Ərdoğanı tənqid edib. Bildirib ki, prezident seçiləcəyi halda ilk olaraq elektrikin qiymətini aşağı salacaq, heyvandarlıq dərmanlarını havayı paylayacaq, çobanları sığorta etdirəcək: "Mühüm layihələrimiz var. Sülh olacaq, iqtisadi baxımdan inkişaf edəcəyik. Fizika müəllimi olaraq, insanlara söz verirəm. Ölkənin bütün gənclərinə 3 dil öyrədəcəm. Türk, ingilis və kürd dili. Ölkənin sərhədlərində silah səsi deyil, traktor səsi eşidəcəyik. Layihələrdən danışan kimi mənə deyirlər ki, bunları hansı pulla edəcəksən? Mən Ərdoğan kimi 1150 otaqlı sarayda yaşamayacam. O saraya 2 milyard dollar pul sərf edilib. Prezident seçilən kimi sarayı gənclərə hədiyyə edəcəm.
"Hamısını sudan çıxmış balığa döndərəcəyik”
Kayseridə mitinqdə çıxış edən Milliyətçi Hərəkat Partiyasının başqanı Dövlət Baxçalı bildirib ki, "Cümhur İttifaqı”nı hədəf alanlar xain qüvvələrə dəstək verənlərdir: "Onlar FETÖ-yə ümid bağlayanlardır. Qoy, qəlbən bağlı olduqları şəxslərin yanına getsinlər. Biz "Cümhur” deyəcəyik və öz xalqımıza güvənəcəyik. Türk millətinin iradəsi və birliyi ilə Türkiyəyə xəyanət edənlərin hamısını öz yerində oturdacağıq. Türkiyənin təhdidlərlə üzləşdiyi bir zamanda yeganə çıxış yolu birlik idi. Ayrılığa yer yoxdur. Mövzu Vətəndir. Amma həmin qüvvələr bunu dərk edə bilmədi.
İndi bəzi şarlatan sorğu şirkətləri uydurma rəy hazırlayaraq bizim səsimizi az göstərməyə çalışırlar. 24 iyunda bu millət sizin layiqli cavabınızı verəcək. Görürük ki, terrorçuları müdafiə edən namizəd də çıxıb. Dəmirtaşa əfv tələb edir. CHP-nin trajikomik namizədi Məhərrəm İncə terrorçu Dəmirtaşı həbsdə ziyarətə gedir. İncə Ərdoğana əl çalan şərəfli türk generalının paqonlarını sökəcəyini deyir. Bəlkə də bu təlimatı Dəmirtaşdan alıb. Amma sənin türk generalnın paqonunu sökməyə nə cəsarətin, nə də səlahiyyətin çatar. Bir daha təkrar edirəm, Rəcəb Tayyip Ərdoğanın təkrar seçilməsi zəruridir”.
Akşənərin şok açıqlaması gülüş doğurdu: S-400 niyə alındı?
İYİ Partiya sədri Meral Akşenerin "S-400-lər prezident sarayını qorumaq üçün alınır” iddiası Türkiyənin təhlükəsizlik ekspertlərinin təəccübünə və istehzasına səbəb olub. Hərbi ekspert Mustafa Hacımustafaoğlu deyib ki, Prezident sarayının müdafiəsi üçün S-400-lərin alınacağını ancaq Maral Akşənər düşünə bilərdi: "Bu iddia gülünc səslənir. Akşənərin hərbi müşaviri yoxdur? Sərhədlərinin və hava sahəsinin təhlükəsizliyini təmin etmədən bir ölkənin müəyyən bir nöqtəsini necə qorumaq olar? Mən hava hücumundan müdafiə sahəsində mütəxəssisəm. Bu gün məndən prezident sarayını qoruyacaq sistem qurmağımı istəsələr, ən çoxu 5-10 kilometr mənzili olan müdafiə raketlərindən istifadə edərəm. Çünki bu tip nöqtələrin yaxından müdafiəsi üçün bunlar lazımdır”.
İsmayıl