"Türkiyənin Dağlıq Qarabağ münaqişəsinə dair mövqeyi beynəlxalq hüquqa söykənir"- Deputat

"Türkiyənin Dağlıq Qarabağ münaqişəsinə dair mövqeyi beynəlxalq hüquq normalarına əsaslanır".
Bunu "Sherg.az"a Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kalın "Ermənistan Azərbaycanın işğal edilmiş ərazilərini azad etməlidir" bəynatına münasibət bildirərkən
millət vəkili Asim Mollazadə deyib.
Onun sözlərinə görə, rəsmi Ankara Birləşmiş Millətlər Təşkilatının (BMT) Təhlükəsizlik Şurasının Dağlıq Qarabağ münaqişəsinə dair məlum 4 qətnaməsinə söykənir:
 "Türkiyənin bu münaqişənin ədalətli həlli ilə bağlı prinsipial mövqeyi yalnız bizim qardaşlığımızdan irəli gəlmir. Əlbəttə, burada dostluq, qardaşlıq rol oynayır. Amma əsas rolu beynəlxalq hüququn Azərbaycanın tərəfindən olması oynayır. Türkiyə də haqqın , ədalətin, beynəxalq hüququn yanında dayanaraq Minsk qrupunun üzvü kimi BMT-nin 4 qətnaməsinin icrasını tələb edir. Qardaş ölkənin beynəlxalq hüquq normalarını dəstəkləməsi mühüm amildir. 
Bununla yanaşı bütün layihələrdə Azərbaycanla Türkiyənin birgə addımlaması , rəsmi Ankaranın Dağlıq Qarabağ münaqişəsinə dair beynəlxalq hüquq normalarının icrasını tələb etməsi çox yaxşı haldır və bu qardaş ölkənin Azərbaycana dəstəyidir".
Qeyd edək ki, Türkiyə prezidentinin mətbuat katibi İbrahim Kal Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı açıqlama verib. O qeyd edib ki, Ermənistan işğal etdiyi Azərbaycan torpaqlarını qeyd-şərtsiz boşaltmalıdır. Mətbuat katibi həmçinin qeyd edib ki, işğal olunmuş Azərbaycan torpaqlarını azad etmək Ermənistanın özünün xeyrinə olacaq. İ.Kalının sözlərinə görə, Rusiya da Dağlıq Qarabağ münaqişəsinin həllində böyük məsuliyyət daşıyır.Türkiyə prezidentinin mətbuat katibi vurğulayıb: "İşğal olunmuş Azərbaycan torpaqlarının azad edilməsi Cənubi Qafqaz regionunda sülh və sabitliyin bərqərar olmasında çox vacibdir".
Ayyət Əhməd