Türkmənistana uğurlu səfər

Bizi ortaq köklərimiz, ənənələrimiz, tariximiz və ortaq mədəniyyətimiz birləşdirir
Xəbər verdiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 21-22 noyabr tarixlərində Türkmənistana rəsmi səfər edib. Qeyd edək ki, bu səfər Türkmənistan tərəfinin xahişi ilə baş tutmuşdur. Səfərdən öncə Türkmənistan baş nazirinin müavini və xarici işlər naziri Azərbaycana səfər etmişdilər. Səfər çərçivəsində dövlət başçısının Türkmənistan Prezidenti Qurbanqulu Berdiməhəmmədovla təkbətək və nümayəndə heyətlərinin iştirakı ilə geniştərkibli görüşü olub. Həmçinin, Azərbaycan və Türkmənistan arasında siyasi, iqtisadi, ticarət, energetika, nəqliyyat-logistika və mədəni-humanitar sahələrdə əməkdaşlığın inkişaf etdirilməsi perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb.
Prezidentlər birgə bəyanat imzalayıblar və Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və beynəlxalq səviyyədə imzalanmış sərhədlərinin toxunulmazlığına və münaqişənin bu prinsiplər əsasında həllinə qətiyyətli dəstək ifadə olunub. Məlumat üçün deyək ki, Azərbaycan və Türkmənistan arasında əlaqələr strateji tərəfdaşlıq xarakteri daşıyır. Azərbaycan və Türkmənistan arasında quru, dəniz və dəmiryol nəqliyyat daşımaları sahəsində əlaqələrin inkişaf etdirilməsi mühüm əhəmiyyət kəsb edir və iki ölkənin maraqlarına uyğundur. 
Regionda və bütöv Avrasiya qitəsi boyunca Şərq-Qərb nəqliyyat dəhlizinin hərtərəfli inkişafına xidmət edir. Azərbaycanda və Türkmənistanda paralel surətdə multi-modal nəqliyyat sistemləri, dəniz limanları, yol-nəqliyyat infrastrukturu yaradılıb. Dövlət başçısının Türkmənistana səfəri iki ölkənin nəqliyyat sistemlərinin inteqrasiyası və harmonizasiya edilməsi, nəqliyyat və digər sahələrdə əməkdaşlığın müqavilə-hüquq bazasının və hökumət səviyyəsində operativ əlaqələndirmə mexanizmlərinin yaradılmasına əsaslı təkan verib. Səfər çərçivəsində dövlət başçılarının birgə bəyanatı, həmçinin müxtəlif sahələrdə əməkdaşlığa dair 20 müqavilə imzalanıb. 
Dövlət başçıları dost ölkə olan Azərbaycan Respublikası və Türkmənistanın biri-birinin suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığını qətiyyətlə dəstəklədiklərini bir daha təsdiqləyiblər. Prezidentlər suverenlik, ərazi bütövlüyü və dövlətlərin beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı prinsiplərinə hörmət və riayət əsasında beynəlxalq hüququn hamılıqla qəbul edilmiş prinsip və normalarına uyğun olaraq münaqişələrin sülh yolu ilə həllinin zəruriliyini qeyd ediblər. Şübhəsiz ki, dövlət başçısının xarici səfərləri, əcnəbi nümayəndə heyətlərini ölkəmizdə qəbul etməsi və bu əsnada aparılan ardıcıl və məntiqli siyasət sayəsində Azərbaycanın Ermənistan-Azərbaycan münaqişəsi kontekstində haqlı və ədalətli mövqeyinə beynəlxalq birliyin dəstəyi davamlı surətdə daha da möhkəmləndirilir. 
Bu kimi mövqe dövlət başçıları səviyyəsində qəbul olunan sənədlərlə də təsbit olunur. Həftə ərzində Azərbaycan və Belarus Prezidentlərinin birgə bəyanatının ardınca Azərbaycan və Türkmənistan dövlət başçılarının birgə bəyanatı bunun növbəti bariz nümunəsidir. Bununla yanaşı, prezidentlər 2018-ci il 12 avqust tarixində "Xəzər dənizinin hüquqi statusu haqqında Konvensiya”nın Xəzəryanı dövlətlərin başçıları tərəfindən imzalanmasının əhəmiyyətini vurğulayıblar. Bu fundamental sənədin Xəzər dənizində qarşılıqlı münasibətlərin arxitekturasının möhkəm bünövrəsini təşkil edəcəyini, həmçinin, regionda sabitlik və təhlükəsizliyin bundan sonra da möhkəmləndirilməsinə köməklik göstərəcəyini qeyd ediblər. Dövlət başçıları nəqliyyat sahəsində iki ölkənin maraqlarına cavab verən mühüm layihələri, o cümlədən Əfqanıstan-Türkmənistan-Azərbaycan-Gürcüstan-Türkiyə nəqliyyat dəhlizi layihəsini, həmçinin Transxəzər beynəlxalq nəqliyyat marşrutu çərçivəsindəki layihələri bundan sonra da dəstəkləməkdə davam edəcəklərini bəyan ediblər. Prezident İlham Əliyev Azərbaycan və Türkmənistan regional əməkdaşlığının, regionda təhlükəsizliyin möhkəmlənməsi məsələlərində mühüm rol oynadığını deyib. Dövlət başçısı qeyd edib ki, iki ölkə arasında bizim ortaq köklərimiz var və bu, bizi birləşdirir: "Biz ənənələrimiz, tariximiz, ortaq mədəniyyətimiz, dünyagörüşümüz əsasında daha da yaxınlaşmaq istəyirik. Buna görə düşünürəm ki, mənim səfərim bizim qardaşlıq münasibətlərimizin möhkəmlənməsi işinə xidmət edəcək. Mən sizinlə razıyam ki, ölkələrimiz regional əməkdaşlıq, regionda təhlükəsizliyin möhkəmlənməsi məsələlərində də mühüm rol oynayır”. Prezident bildirib ki, sabitliyin, inkişafın yüksək səviyyəsi ölkələrimizi fərqləndirir: "Ölkələrimiz BMT-nin Davamlı İnkişaf Məqsədləri çərçivəsində dəyişiklikləri fəal həyata keçirirlər. Biz əksər göstəricilər üzrə nəzərdə tutulanları nəinki yerinə yetirmişik, hətta artıqlaması ilə yerinə yetirmişik. Türkmənistana gələn, sizin ölkənizin necə inkişaf etdiyini, vətəndaşlar üçün necə şərait yaradıldığını, iqtisadiyyatın, sənaye potensialının necə artdığını görən hər kəs bunu yəqin edir”.
Azərbaycan-Türkmənistan münasibətlərini "Şərq”ə dəyərləndirən politoloq Məhəmməd Əsədullazadə deyib ki, iki ölkə arasında siyasi-nəqliyyat kommunikasiya əlaqələri hər keçən gün inkişaf etməkdədir: 
"Məhz ölkə prezidentinin Türkmənistana səfəri ilə gündəmdə olan və qarşıda duran məsələlərin həlli barədə geniş müzakirə aparıldı. Qeyd edim ki, iki ölkə arasında imzalanan müqavilələr, xüsusi ilə ərazi bütövlüyü ilə bağlı bəyanat ölkəmizin xarici siyasətinin uğurudur. Bu gün ölkələrarası nəqliyyat, gəmiçilik, dəmiryol daşımaları inkişaf etməkdədir. Transxəzər boru kəməri çəkilərsə, iki ölkə Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında rol alacaq. İki türk dövləti siyasi-iqtisadi cəhətdən birlik yaradarsa, bu, gələcək perspektivdə ölkələrimizin birgə əməkdaşlığının uğurlu formatı ola bilər. Dünyada dəyişən şərtlər, Xəzəryanı hövzədə sülh və təhlükəsizliyin təmin olunmasında xüsusi əhəmiyyət daşıyır. Hesab edirəm ki, bu gün Azərbaycanla Türkmənistan arasında əlaqələr enerji, nəqliyyat, dəmiryolu və digər sahələrdə inkişaf Avropa ilə Mərkəzi Asiyanı birləşdirəcək”.
İsmayıl