Lalə Mehralı: "Siqareti körpənin damağına verib, əyləncə axtaran valideynlər var"
Uşaqlarda siqaretə vərdişi valideynlər formalaşdırır.
Bu sözləri Sherg.az-a siqaret çəkən məktəblilərin sayının artmasına münasibət bildirərkən Sağlam Toplum İctimai Birliyinin sədri Lalə Mehralı deyib.
Təşkilat sədri qeyd edib ki, valideynləri siqaret çəkən uşaqların hamısı passiv siqaret istifadəçisi hesab olunur:
"Bu mənada uşaqların siqaret tüstüsünə məruz qalması, qapalı məkanlarda böyüklərlə bir havanı udması onların aludəçi olmasına səbəb olur. Üstəlik, yeniyetmələrin zərərli vərdişlərə tez alışması statistikasını da nəzərə alsaq onların daha çox zərər gördüklərini demək olar. Hesablamalara görə siqaretdən istifadə zamanı onun tüstüsünün 50 faizi ətrafdakı insanların orqanizminə daxil olur. Əgər ata ya da ana evdə, uşaqların olduğu məkanda siqaret çəkirsə, bununla öz övladını zərərli vərdişə alışdırmış olur. Valideynlərinin siqaret çəkdiyini görən 10 yaşlı uşaq bunun o qədər də dəhşətli bir şey olmadığını düşünür. Əlinə keçən ilk fürsətdə dadına baxmaq istəyir. Təəssüflə qeyd edim ki, bu vərdişə uşaqları bəzən valideyn özü də öyrəşdirir. Siqareti körpənin damağına verib şəklini çəkən və "tüstüsünü əmiyə üfür” deyib, əyləncə axtaran çox valideyn tanıyırıq”.
L. Mehralı valideynlərin məktəbdən sonra övladları ilə daha çox ünsiyyət qurmalı olduğunu diqqətə çatdırıb. O, bildirib ki, orta məktəblərdə siqaretin zərərləri ilə bağlı seminarlar təşkil olunmalı, məktəb dərsliklərinə bu barədə məlumatlar əlavə edilməlidir:
"Məktəb dalanlarında, küçələrdə yeniyetmələrin siqaret çəkdiyini görmüşük. Tutaq ki, o zərərlərini anlamadan bu vərdişə aludə olub. Axı dərsdən sonra evə gedir, valideynlərlə ünsiyyətdə olur. Siqaretin elə spesifik iyi-qoxusu olur ki, istənilən adam onu hiss edir. Bu yeniyetmənin evdə valideyni onu öpəndə, dərsini başa salanda, bir süfrə arxasında oturanda üst-başından gələn qoxunu duymurmu? Demək istəyirəm ki, valideyn bu məsələdə bir az laqeyddir. Biz ona görə valideynik ki, gözümüzdən tük də yayınmasın, övladımızı hər cür bəladan, pislikdən qoruyaq. Uşaqları düşünərək qapalı və ictimai məkanlarda siqaret çəkənlərə cərimə tətbiq edilməsi barədə qanun layihəsi belə qəbul edilib. Amma valideyn evdə övladının sağlamlığını düşünmədən siqaret çəkirsə, ictimai məkanlarda siqaret çəkən yad insanlar da başqalarını düşünməyəcək. Uşaqlara siqaret çəkməyin zərərləri barədə məktəb dərsliklərinə material salmaq da effektiv ola bilər. İndi siniflərdə elektron lövhələrlə dərs keçilir, internet təchizatı var, müəllimlər bu mövzuda hazırlanmış video çarxları uşaqlara göstərib, zərərlərini çatdıra bilər”.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatı (ÜST), Səhiyyə Nazirliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi (İSİM) və ABŞ-ın Xəstəliklərə Nəzarət və Profilaktika Mərkəzinin (CDC) dəstəyilə Azərbaycanda ikinci dəfə gənclər arasında tütündən istifadənin qlobal tədqiqatı (GYTS) aparılıb. Monitorinqin nəticələrinə görə təxminən 8%- məktəblinin hazırda siqaret və ya digər tütün məmulatlarından istifadə etdiyi aşkarlanıb.
Aysel Aslan