ÜAK-ın ləğvi gündəmə gələndən GƏRGİNLİK ARTIB

Elmira Axundova: " Bundan sonra Rusiyadan heç nə gözləmirəm”



"Rusiya xarici işlər naziri Sergey Lavrov da Dağlıq Qarabağın ancaq sülh yolu ilə qaytarıla biləcəyini deyib. Bu isə sanki "oturun 50 il də gözləyin” anlamına gəlir. Ona görə də nə Mariya Zaxarovanın, nə də Sergey Lavrovun açıqlamalarına inanıram".

Bunu Sherg.az-a Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovanın "Rusiya Dağlıq Qarabağla bağlı əlindən gələni edir" bəyanatına münasibət bildirərkən millət vəkili Elmira Axundova deyib.

Onun sözlərinə görə, S.Lavron deyir ki, Dağlıq Qarabağ münaqişəsi yalnız sülh yolu ilə həll olunacaq. Bu fikirlə hər kəs razılaşsa da Ermənistan razı deyil:

Onlar münaqişəni həll edən deyillər. İrəli sürdükləri təkliflər isə bizim maraqlarımıza cavab vermir. Hər kəs deyir tərəflər kompromisə getməlidir. Onların nəticəsindən belə çıxır ki, 5-6 rayonu bizə qaytarmalı, əvəzində Dağlıq Qarabağın qondarma müstəqilliyi tanımalıyıq. Rusiya Ermənistana təzyiq göstərmir, çünki strateji partnyorudur. Həm bizi, həm də Ermənistanı gərginlikdə saxlamaq şimal qonşumuza sərf edir. Bu mənada Moskvadan müsbət addım gözləməyin”.

Ümumrusiya Azərbaycanlılar Konqresinin (ÜAK) bağlanmasını xatırladan xanım deputat qeyd edib ki, bundan sonra gərginlik artıb:

"Bu konqres yeganə qurum idi ki, loyal şəkildə onlara fəaliyyət göstərirdi. Bundan sonra Rusiyadan heç nə gözləmirəm”.

Qeyd edək ki, erməni jurnalist Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarovaya keçirdiyi ənənəvi brifinqdə Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovun münaqişənin həllində BMT Təhlükəsizlik Şurasının 4 qətnaməsinin əsas götürülməsinin vacibliyini bəyan etməsi ilə bağlı sual ünvanlayıb. M. Zaxarova isə həmin suala cavabında deyib ki, Dağlıq Qarabağ münaqişəsinin həllinə Azərbaycan və Ermənistan rəsmilərinin öz baxışları var və Rusiya bu istiqamətdə əlindən gələni edir.

Ayyət Əhməd