ÜAK-ın ləğvi Kremlin xeyrinə deyil
“Belə bir siyasi qərarı həyata keçirmək əslində dar düşüncənin məhsuludur”
"Rusiyada müəyyən qüvvələr Azərbaycanın maraqlarını tanımaq istəmir”. Bunu Ümumrusiya Azərbaycan Konqresinin (ÜAK) qeydiyyatının ləğv edilməsinə münasibət bildirən millət vəkili Fazil Mustafa deyib. Deputat bildirib ki, ÜAK-ın qeydiyyatının ləğv edilməsi Rusiyanın Azərbaycana münasibətinin sonuncu göstəricilərindən biridir. Azərbaycan nə qədər Rusiya ilə yaxın qonşuluq münasibətlər qurmaq istəsə də, Moskva Azərbaycana qarşı ən sərt addımlar atmaqdan belə çəkinmir:
"Bu qüvvələr, ümumiyyətlə, Azərbaycanın maraqlarına xidmət edən hər hansı qurumun Rusiyada fəaliyyət göstərməsini istəmir. ÜAK-ı birbaşa Kremldən idarə olunan, Kremlin istəyini həyata keçirən bir qurum kimi görmək istəyirlər. Təbii ki, ÜAK onsuz da həmişə Rusiyada mövcud hakimiyyəti dəstəkləyib, Kremlə konflikt yaradacaq hər hansı addım atmayıb. Amma belə görünür ki, onlar daha çox özlərinə bağlı, birbaşa Azərbaycana qarşı danışa biləcək qurum istəyirlər. Yəni baxışlarda ziddiyyət var. Belə bir addımı atmaqla birbaşa Azərbaycan dövlətinə qarşı münasibətlərini ortaya qoyublar. Hər halda münasibətlər yaxşı istiqamətdə inkişaf etməyəcək. Azərbaycan hakimiyyəti Rusiya tərəfinə narazı olduğunu çatdırır. Azərbaycan ictimaiyyəti ÜAK-ın qeydiyyatının ləğvinə kifayət qədər həssas yanaşır. Ola bilsin ki, yaxın zamanlarda bu narazılıq ifadəsi Rusiyanın müəyyən dərəcədə yenidən düşünməsinə səbəb ola bilər və onlar bu mövqedən geri çəkilə bilərlər”. Millət vəkili ÜAK-ın qeydiyyatının ləğvinin hüquqi yox, siyasi addım olduğunu vurğulayıb: "Bu qərar siyasi qərar olmasaydı, Rusiyada yaşayan bir etnik toplumu təmsil edən təşkilatın bu dərəcədə incidilməsinə yol verilməzdi. Çünki hər bir qüvvə, ölkədəki etnik komponentlə müəyyən dərəcədə danışıq, davranış üslubu var. Həmin etnik toplumu incidəcək addımı atmaq heç bir halda hakimiyyətin xeyrinə deyil. Milyondan artıq azərbaycanlının yaşadığı bir yerdə hakimiyyətin bu addımı atması ən azı özünə xeyirli deyil. Belə bir siyasi qərarı həyata keçirmək əslində dar düşüncənin məhsuludur”.
Millət vəkili Tahir Mirkişili də deyib ki, Ümumrusiya Azərbaycanlılar Konqresi öz işini çoxtərəfli və hər iki ölkənin maraqlarını nəzərə alaraq qurub: "Azərbaycan və Rusiyanın çoxtərəfli, qarşılıqlı maraqlar əsasında yaxınlaşmasını istəməyən qüvvələr var. ÜAK qeydiyyatının ilkin məhkəmə instansiyalarında ləğv edilməsi bu qüvvələrin təxribat fəaliyyətinin nəticəsidir. ÜAK ləğvi hər iki ölkənin maraqlarına xidmət etmir. Bu konqresin ləğvi üçün göstərilən əsaslar tam subyektiv olub. Məsələn, "təşkilatın adının onun fəaliyyətinin xarakterinə işarə etməməsi”, yaxud "rəyasət iclaslarının keçirilməsi ilə bağlı dövriliyə riayət olunmaması” hər hansı qurumun ləğvi üçün yetərli olmayan "dəlillərdir”. Görünür, Rusiyada anti-Azərbaycan dairələr və erməni lobbisi Rusiya və Azərbaycan arasında münasibətləri sınaq qarşısında qoymaq planlarını reallaşdırmağa çalışırlar. Ümid edirik ki, Rusiyanın sağlam qüvvələri bunu anlayaraq apellyasiya məhkəməsinin qərarında ədalətin bərpa olunmasına çalışacaqlar”.
ÜAK-ın ləğvi barədə qərar qəbul edilməsi ciddi siyasi və strateji səhvdir
Moskvada fəaliyyət göstərən N.K.Baybakov adına İqtisadi İnkişafın Təşviqi Fondu Ümumrusiya Azərbaycanlıları Konqresinin (ÜAK) ləğvi barədə qərarla əlaqədar Rusiya Ali Məhkəməsinə müraciət edib.
Diasporla İş üzrə Dövlət Komitəsindən verilən məlumata görə, müraciətdə bu ilin aprelində Rusiya və Azərbaycan arasında diplomatik münasibətlərin qurulmasının 25-ci ildönümü və bununla əlaqədar hər iki ölkə başçısının qarşılıqlı ismarıcları xatırladılır. Qeyd olunur ki, prezidentlər ölkələrimiz arasında strateji tərəfdaşlığın gələcəkdə də inkişafına əminliklərini bildirib, həmçinin bu münasibətlərin, çoxşaxəli fəaliyyətin bundan sonra da regionda sülh, sabitlik və tərəqqiyə, xalqlarımızın mənafeyinə xidmət edəcəyini vurğulayıblar.
N.K.Baybakov adına İqtisadi İnkişafın Təşviqi Fondunun müraciətində deyilir ki, bütün bunların fonunda Rusiyanın ən böyük ictimai təşkilatının, o cümlədən bizim də 15 ildir əməkdaşlıq etdiyimiz ÜAK-ın qeydiyyatının Rusiya Ali Məhkəməsi tərəfindən ləğvi qərarı dərin təəssüf doğurur.
"Ümumrusiya Azərbaycan Konqresi fəaliyyət göstərdiyi müddətdə Rusiya Federasiyasının qanunlarına riayət edib. Sosial-siyasi sabitlik, Rusiyanın siyasi sisteminə sədaqət, Rusiya ilə Azərbaycan arasında dostluq və tərəfdaşlıq münasibətlərinin inkişaf etdirilməsi ÜAK-ın prioritet vəzifələri olub”.
N.K.Baybakov adına İqtisadi İnkişafın Təşviqi Fondu hesab edir ki, Ümumrusiya Azərbaycanlıları Konqresinin ləğv edilməsi barədə qərar ciddi siyasi və strateji səhvdir: "Biz ümid edirik ki, Rusiya rəhbərliyi ölkənin ən böyük ictimai təşkilatının - ÜAK-ın fəaliyyətinin bərpasına dəstək olmaq üçün bütün tədbirləri görəcək”.
İsmayıl