Üç namizədin şansı eynidir

Seçkilərə ciddi müdaxilələr olmasa, Vaşadze və Zurabişvili ikinci tura qalacaq




Oktyabrın 28-də Gürcüstanda keçiriləcək prezident seçkilərində 25 namizəd iştirak edəcək. Onlardan 19-u siyasi partiyaları, 6-sı isə təşəbbüs qruplarını təmsil edir.

Hazırda isə namizədlər sırasında nisbətən favorit sayılan 2-3 nəfər var. Onlardan biri hakimiyyətin dəstəklədiyi namizəd-seçicilərin təşəbbüs qrupundan müstəqil namizəd Salome Zurabişvilidir. Biri Qriqol Vaşadze, digəri isə David Bakradzedir. Əsas mübarizənin bu namizədlər arasında keçəcəyi proqnozlaşdırılır. 

Gürcüstan Azərbaycanın yaxın qonşuluğunda yerləşən və sıx əlaqələri olan ölkə olduğu üçün burada hakimiyyətə hansı qüvvənin gəlməsi, ölkəyə rəhbərliyi kimin etməsi bizim üçün də maraqlıdır. Qanuna görə, prezidentliyə namizədlər seçkilərə 12 gün qalanadək namizədliyini geri götürə bilərlər. Əks halda, onların adları seçki bülletenlərində qeyd olunacaq. Ekspertlər hesab edir ki, oktyabrın 16-dək namizədlərin bəzilərinin namizədliyini geri götürməsi istisna deyil. Gürcüstanda dövlət idarəçiliyində prezidentlik postu əsas mühüm rol oynamadığı üçün istər müxalifət, istərsə də iqtidar partiyası üçün bu seçkilərdə əsas hədəf 2020-ci il parlament seçkiləri ərəfəsində mövqelərinin möhkəmləndirilməsidir. Çünki bu seçki növbəti parlament seçkiləri üçün bir növ hazırlıq rolunu oynayır. 

2018-ci ilin oktyabr ayında keçiriləcək prezident seçkisindən sonra birbaşa prezident seçkiləri haqda qanunu dəyişmək planlaşdırılır. Bu, Gürcüstan Konstitusiyasında təsbitini tapmış prezidentin ümumxalq seçkisi ilə seçilməsi ilə müşayiət olunan sonuncu seçkidir. Azərbaycan Gürcüstanla dost və qardaş ölkə kimi çoxlu sayda regional və qlobal ticarət, enerji, nəqliyyat və təhlükəsizlik sahəsində strateji tərəfdaşdır. Azərbaycan Gürcüstan iqtisadiyyatında ən böyük xarici investordur. Bu ölkədə milyona yaxın etnik azərbaycanlı vətəndaş yaşayır. Bu amillər onu deməyə əsas verir ki, Gürcüstanda hazırkı namizədlərdən, xüsusən favoritlərdən hansının seçilməsi iki dövlət arasında mövcud strateji tərəfdaşlığa əngəl olmayacaq.

Qonşu ölkədəki seçki hazırlığını "Şərq”ə şərh edən politoloq Vasif Əfəndiyev deyib ki, Gürcüstanda keçiriləcək prezident seçkiləri yaxınlaşdıqca bu ölkə daxilində ciddi təmərküzləşmə prosesi gedir: 

"Daxili qüvvələrin böyük çoxluğu "Güc birlikdədir” adlı siyasi hərəkatın lideri Qriqol Vaşadzenin və "Avropa Gürcüstanı”- Azadlıq Uğrunda Hərəkatının namizədi David Bakradzenin ətrafında cəmləşir. Rusiyayönlü qüvvələr isə müstəqil namizəd və "Gürcü Arzusu” hakim partiyanın dəstəklədiyi Salome Zurabişvili seçimini ediblər. 

2017-ci ilə qədər Vaşadze və Bakradze Mixail Saakaşvilinin təsis etdiyi partiyanın üzvü olsalar da, aralarında yaranmış narazılıqlar səbəbindən ikincisi özünə yeni təşkilat yaradıb. Bakradzenin bu addımından sonra anti-Rusiya koalisiyası ağır zərbə alıb. Hazırda ictimai rəyə görə, hər 3 namizədin şansları eyni qiymətləndirilir. 

Lakin Vaşadze daha çox reytinqə sahibdir. Seçkilərə ciddi müdaxilələr olmasa, Vaşadze və Rusiyanın dəstəklədiyi Zurabişvili ikinci tura qalacaq. Digər namizədlərin ciddi iddialarına baxmayaraq, "Gürcü arzusu” hakim partiyası öz namizdinin xeyrinə admnistrativ müdaxilələr etməkdə davam edir”.

İsmayıl