Ukraynalı deputat Kiyevi Zaxarçenkonun qətlini etiraf etməyə çağırdı



Ali Radanın deputatı İqor Mosiyçuk Ukrayna hökumətinə müraciət edərək qondarma "Donetsk Xalq Respublikası”nın başçısı Aleksandr Zaxarçenkonun qətlinə görə məsuliyyəti öz üzərinə götürməsini tələb edib.

Oxu.Az xəbər verir ki, deputat bəyanatını "112” telekanalının efirində səsləndirib.

Mosiyçukun fikrincə, Ukraynanın dövlətçiliyinə təhdid olan Zaxarçenko və digərlərini öldürməyə tam haqqı çatır.

"Açıq demək lazımdır ki, terrorçuları Rusiya yox, biz özümüz məhv edirik... Onu bizim xüsusi xidmətlər aradan götürüb”, - deputat bildirib.

Mosiyçuk həmçinin "DXR”in başçısının qətlinin təşkilini "etiraf etməyə cürəti çatmayan hakimiyyəti” qorxaqlıqda ittiham edib.

Aleksandr Zaxarçenko avqustun 31-də Donetskdə bomba partlaması nəticəsində öldürülüb.