“Ulu öndər Ali Məclisə sədr seçilməsə idi, Naxçıvanı da itirmişdik”- Millət vəkili

"SSRİ-nin dağıldığı dönəmdə Ulu Öndər Heydər Əliyevin Naxçıvanda hakimiyyətə rəhbərlik etməsi ölkəmizi Naxçıvan Muxtar Respublikasını itirməkdən xilas etdi”.
Bu barədə "Sherg.az”a millət vəkili Aydın Mirzəzadə bildirib.
Deputat vurğulayıb ki, həmin dövrdə Azərbaycanda hakimiyyətdə olan qüvvələr nəinki Naxçıvana, digər bölgələrə belə tam nəzarət edə bilmirdi:
"Heydər Əliyevin Naxçıvan Ali Məclisin sədri seçilməsi muxtar respublikanın həmin ağır dövrdə ayaq üstə qalmasına kömək etdi. Ümummilli lider həmin dövrdə nüfuzundan istifadə edərək, əhalinin sosial, ərzaq təminatı, elektrik enerjisi ilə təzhiz edilməsi, təhlükəsizlik problemlərini həll etdi. Eyni zamanda H.Əliyev Naxçıvanın Azərbaycandan ərazi cəhətdən ayrı düşən bölgə kimi problemlərini dünya ictimaiyyətinin diqqətinə çatdırdı.
Ulu öndər Rusiya qoşunlarınınn Naxçıvandan çıxarılmasına, onların malik olduğu silahların respublikada qalmasına çalışdı. Heydər Əliyevin sədrliyi dövründə milliləşmə üçün apardığı islahatlar Azərbaycanda nümunə rolunu oynadı. Ulu öndər həmin illərdə Naxçıvan Ali Məclisinə sədr seçilməsə idi, bu gün Naxçıvanı da itirmişdik. Beləliklə, Azərbaycanın Dağlıq Qarabağ problemi kimi Naxçıvan problemi də mövcud olardı. Naxçıvanın çox ağır vəziyyətə düşməsi də istisna olunmurdu. Naxçıvan əhalisinin Heydər Əliyevi dəstəkləməsi, onun Ali Məclisə sədr seçilməsi istiqamətindəki təkidi problemlərin həllində böyük rol oynadı”.
Qeyd edək ki, 27 il öncə, yəni 1991-ci ilin sentyabrın 3-də ümummilli lider Heydər Əliyev Naxçıvan Muxtar Respublikasının Ali Məclisinin sədri seçilib. Məhz həmin dövrdən etibarən Naxçıvanın və ölkənin ictimai-siyasi həyatında Azərbaycanın müqəddəratını həll edəcək mühüm hadisələr baş verib. Bu baxımdan sözügedən hadisə Azərbaycanda böyük siyasi əhəmiyyətə malik tarixi olay kimi dəyərləndirilir.
Aysel Aslan