Universitetlərin bir çoxu Qəbələyə köçürüləcək
“Bu layihənin gerçəkləşməsinin ən böyük xeyiri regionlardan gələn tələbələrə olacaq”
Qəbələdə ali məktəblər üçün yeni və müasir binalar inşa olunur. Məlumata görə, gələcək plana görə, Bakıda yerləşən bəzi universitetlər bu şəhərə köçürüləcək. Belə ki, Bakının mərkəzindəki ali təhsil müəssisələrinin paytaxtdan çıxarılması nəzərdə tutulub. Bu siyahıya Dövlət Tibb Universiteti, Pedaqoji Universitet, Texniki Universitet, Memarlıq və İnşaat Universiteti, İqtisad Universiteti və digərləri aiddir.
Dövlət Neft Akademiyasının köçürülməsi planda olsa da, yeri məlum deyil. İddialara görə, universitetlərdən bəziləri şəhər kənarına, bəziləri isə Qəbələyə köçürüləcək, BDU isə Bakıda qalacaq. Məlumat üçün bildirək ki, dünyanın böyük meqapolislərində ali təhsil müəssisələri paytaxtın mərkəzində yerləşmir. Bu, həm tələbələrin mikromühitinin formalaşması, həm də şəhərin sıxlığının azalması baxımından əhəmiyyətli sayılır.
Təşəbbüsü dəyərləndirən təhsil eksperti Məhərrəm Zülfüqarlı ali məktəblərin şəhər kənarına köçürülməsini təhsil sahəsi üçün məqsədəuyğun addım sayır. Ekspertin qənaətincə, dünya təcrübəsində də var ki, universitetlər şəhərin kənarında yerləşir: "Həm dərs keçilir, təcrübələr reallaşdırılır, həm də tələbələr orada məskunlaşırlar. Yəni, təhsilə aid bütün proseslər orada baş tutur. Amma bu, hələ layihə şəklindədir. İnşallah, gələcəkdə həyata keçirilsə, təhsil üçün müsbət töhfələr verə bilər”.
M.Zülfüqarlı diqqətə çatdırıb ki, bu təşəbbüsün tıxac probleminin həllinə də müəyyən qədər təsiri olacaq: "Sovet dövründən bəri Bakıda olan ali məktəblərin böyük əksəriyyəti şəhər mərkəzində yerləşir. Əgər şəhərdən kənara köçürülərsə, hər gün şəhərə gedib-gələn kütlə azalar. Nəticədə tıxac problemi müəyyən qədər ortadan qalxar. Fikrimcə, köçürmə yalnız ali məktəblərə tətbiq olunmamalıdır. Nazirliklərin də bir qismi Bakıdan başqa şəhərlərə köçürülə bilər. Məsələn, Kənd Təsərrüfatı Nazirliyi Gəncədə yerləşə bilər. Energetika Nazirliyinin Mingəçevirdə olması münasib olardı. Eyni zamanda Şirvan şəhərinə, Sumqayıta da digər nazirliklər köçürülə bilər. Şərt deyil ki, ali məktəblərin, rəsmi qurumların hamısı paytaxtda yerləşsin. Bunları kənara köçürməklə Bakı şəhərini yükdən xilas etmək olar”.
Digər təhsil eksperti Nadir İsrafilov bildirib ki, şəhərin çox istifadə olunan ərazilərində ən azı iki ali təhsil ocağı yerləşir. Bu da şəhərdə ən əsası da iş vaxtlarında sıxlıq yaradır: "Tələbələrin dərsdən çıxdıqları vaxt həmin ali məktəblərin qarşısı çox qarışıq olur. Təəssüf ki, təhsil ocaqları avtomobillərin çox sürətlə hərəkət etdiyi yolların üzərində yerləşir. Dünya üzrə təhsil səviyyəsinin yüksək olduğu Harvard, Oksford, Stenford, Massaçusets universitetlərinin ərazisində "kampus” sistemi var. Çünki universitetlərin təhsil səviyyəsini artıran, məhz elə bu tələbə şəhərcikləridir. Ölkəmizdə bu layihənin gerçəkləşməsinin ən böyük xeyiri də regionlardan gələn tələbələrə olacaq ki, təhsil aldıqları ali məktəblərin tələbə şəhərciklərində yerləşərək əlavə xərc kimi evpulu verməyəcəklər. Məişət qayğıları azalacaq, yollarda əlavə vaxt itkisi olmayacaq. Yəni, tələbələr şəhər səs-küyündən uzaqlaşaraq daha yüksək təhsil ala biləcəklər. Bununla yanaşı, əlavə məsləhətçilərdən lazımi qayğını görərək, kitabxanada, dərnəklərdə, idman zallarında öz fəaliyyətlərini genişləndirmək imkanları olacaq. Yüksək səviyyədə təhsil almaq üçün təhsil mühiti yaradılmalıdır. Güman edilir ki, kampus sistemi qurulduqdan sonra təhsilimizdə irəliləyişlər olacaq”.
Azad Müəllimlər Birliyinin sədri, təhsil eksperti Məlahət Mürşüdlünün sözlərinə görə, yeni inşa ediləcək universitetlər maddi-texniki təchizat baxımından müasir tələblərə cavab verəcəksə, kifayət qədər müsbət addım olacaq: "Universitet düşərgələrinin yaradılması ilə bağlı Avropa və Türkiyə təcrübəsi var. Kitabxana və yataqxananın universitetlə bir çatı altında olması kifayət qədər müsbət haldır. Sözsüz ki, bu cür şərait tələbələrin təhsil keyfiyyətinin artırılmasına da ciddi şəkildə təsir göstərəcək. Deyilən şərait yaradılacağı halda tələbələr əlavə vaxt itkisinə yol verməyəcəklər. Çünki kitabxana və yataqxana üçün başqa yerlərə getməyəcəklər. Lakin mövcud şərait maddi durumu aşağı olan tələbələr üçün ciddi problemlər yaradır. Çünki universitetdən çıxaraq qaldıqları yerə, kitabxanaya getmək kimi işlər artıq vəsait və vaxt tələb edir. Universitetlərin kampus şəklində bir çətir altında toplanması isə tələbələrin ciblərinə müəyyən dərəcədə xeyir verəcək. Digər tərəfdən isə universitetlərin şəhər mərkəzində olması paytaxtın yükünü ciddi şəkildə artırıb. Nəticədə şəhər əhalisinin gediş-gəlişi, istirahəti və nəqliyyatın gediş-gəlişi ilə bağlı problemlər var. Ona görə də düşünürəm ki, yeni sistem deyilən problemlərin hamısının qarşısını alacaq”.
Ayyət Əhməd