Ünvanlı sosial yardımın məbləğində artım olacaq ?

Vüqar Bayramov:"Qiymətləndirmələr göstərir ki, indiki məqamda əmək qabiliyyəti olmayan şəxslər üçün ünvanlı sosial yardım məbləğinin 250 manata çatdırılması daha məqsədəuyğundur”



"Yaşayış minimumunun artması vətəndaşların sosial yardımlardan istifadəsinə birbaşa təsir göstərir”

Bu barədə "Sherg.az”a iqtisadçı-ekspert Vüqar Bayramov bildirib. 

O vurğulayıb ki, yaşayış minimumunun məbləği xüsusilə aztəminatlı ailələr üçün vacib məsələdir:

"Ona görə, bunun artırılması müsbət qiymətləndirilməlidir. Bu artım digər proqramlara və yardımlara müsbət təsir göstərəcək. Gələcəkdə xüsusilə ünvanlı sosial yardımın məbləğində artımların olacağı gözlənilə bilər. Əslində buna ehtiyac var. Qiymətləndirmələr göstərir ki, indiki məqamda əmək qabiliyyəti olmayan şəxslər üçün ünvanlı sosial yardım məbləğinin 250 manata çatdırılması daha məqsədəuyğundur”.

Qeyd edək ki, Prezident İlham Əliyev 2018-ci il üçün ehtiyac meyarı və yaşayış minimumunu təsdiqləyib. Prezident tərəfindən təsdiq olunan qanunlarla 2018-ci il üçün ehtiyac meyarının həddi 130 manat müəyyən olunub. 2018-ci il üçün yaşayış minimumu isə ölkə üzrə 173 manat, əmək qabiliyyətli əhali üçün 183 manat, pensiyaçılar üçün 144 manat, uşaqlar üçün 154 manat məbləğində müəyyənləşib. Bu qanunlar 2018-ci il yanvarın 1-dən qüvvəyə minir.

Aysel Aslan