"Çünki valideynlər bu cür mərkəzlərlə maraqlanmır, heç tanıdıqları mərkəzlərə də övladlarını aparmırlar"
Uşaqlar var, şərait var, bəs nə çatmır?
"Hamı bu dəqiqə güzəranı düşünür"
"Çünki valideynlər bu cür mərkəzlərlə maraqlanmır, heç tanıdıqları mərkəzlərə də övladlarını aparmırlar"
"Çünki valideynlər bu cür mərkəzlərlə maraqlanmır, heç tanıdıqları mərkəzlərə də övladlarını aparmırlar"
«Amerikan bir qızla tanışlığımız vardı, o deyirdi ki, azərbaycanlıların uşaq sevən millət olduğunu müşahidə etdim, lakin uşaqlar üçün mərkəzləriniz azdır. Uşaqları bu qədər sevirsinizsə, niyə onlar üçün lazım olan şəraiti yaratmırsınız?». Bu açıqlamanın müəllifi «Gənc Vətəndaş» Maariflənmə Cəmiyyətinin rəhbəri, hüquqşünas Günel Səfərovaya məxsusdur. G.Səfərova əcnəbi xanımın gəldiyi qənaətin əsassız olmadığını da deyir. Əlavə edir ki, bəli, biz azərbaycanlılar övladlarımıza hədsiz bağlıyıq, qayğıkeş valideynik. Amma bu qayğı çox zaman maddiyyatdan o yana keçmir. Valideynlər övladı maddi cəhətdən heç nədən korluq çəkməsin fikri ilə yaşayır, həyatını tamamən buna sərf edir. Qundaqda olan övladının gələcəyinə maddi təminat toplayır. «Mozalan» satirik kino-jurnalının belə bir bölümü var. Ata-ana övladlarının gələcəkdə hansı ixtisası seçəcəyi üstündə «qırğına» çıxırlar. Sonra uşağın ağlamaq səsi gəlir; göstərirlər ki, bu hələ çağadır, bələkdədi…
Belə bir istehza var valideynlərin hədsiz övlad sevgisinə. Maddiyyatı düşünən valideyn mənəvi aclığı heç yada da salmır. Bəlkə ona görədir ki, illər keçdikcə uşaqların incəsənətlə maraqlandığını və ya məşğul olduğunu daha az müşahidə edirik. Bu məsələdə uşaq yaradıcılıq mərkəzlərinin, uşaqlar üçün oyun meydançalarının az olmasının çəkisi nə qədərdir?
Sosioloq Lalə Mehralı «Şərq»ə açıqlamasında uşaq yaradıcılıq mərkəzlərinin yetərli sayda olduğunu, sadəcə valideynlərin bundan xəbərsiz qaldıqlarını dedi:
- Vaxtilə fəaliyyət göstərmiş uşaqlar üçün texniki yaradıcılıq mərkəzləri hazırda uşaq və gənclər mərkəzlərinə çevrilib. Dövlətin balansında olan pulsuz dərnəklər də var. Mənim tanıdığım belə dərnəklər var ki, orada muncuq düzmə, plastilindən, kağızdan fiqurlar kəsilməsi uşaqlara öyrədilir. Pullu, ödənişli dərnəklər də var, musiqi, rəsm, heykəltəraşlıq… Məsələn, mən övladlarımı musiqi, rəsm dərnəyinə yazdırmağı düşünürəm. Düzdür, ödənişli dərnəklərlə ödənişsizlərdəki tədris arasında keyfiyyət fərqi olur.
Amma bir tərəfdən baxanda çoxuşaqlı ailə üçün ödənişsiz dərnəklər sərfəlidir. Uşaqların incəsənətlə, dərnəklərlə maraqlanmamasının birinci səbəbkarı valideynlərdir. Çünki valideynlər bu cür mərkəzlərlə maraqlanmır, heç tanıdıqları mərkəzlərə də övladlarını aparmırlar. Uşaqlarsa, əksinə, bu cür yerlərə getməkdə maraqlıdır. Mən Muzeylər Günü muzeylərə giriş pulsuz elan edildikdə uşaqları ekskursiyaya aparmışdım və bunu müşahidə etdim. Muzeylərin girişində nə qədər uşaq toplaşmışdı. Deməli, uşaqlar istəyir, amma valideynlər səhlənkarlıq edir, ya da muzeyin, hansısa incəsənət mərkəzinin uşağın düşüncəsində hansı üstün cəhətlər yaradacağını bilmirlər. Adi vaxtlarda, bəli razıyam, orta statistik azərbaycanlı ailəsi üçün uşaqları muzeyə aparmaq maddi baxımdan çətindir. Ən azı 5 manat xərcləməlidir, bu da formalaşmış aylıq ailə büdcəsi üçün ağırdır. Hamı bu dəqiqə güzəranı düşünür.
Başqa bir məsələ isə valideynlərin planlaşdırılmamış xərcləridir. Məsələn, valideyn var, övladını muzeyə, hansısa rəsm qalereyasına aparmaq üçün 5 manat ayırmaq istəmir, amma əyləncə mərkəzinə 10-20 manat xərcləyir. Hansı ki, o əyləncə mərkəzində uşaq yalnız elektron oyun aparatlarına kilidlənir. Valideyn düşünmür ki, 10, 20 manatı əyləncə mərkəzində faydasızca sərf etməkdənsə, uşağın da əlinə dönər, qızardılmış kartof paketi verməkdənsə, evdə buterbrod düzəldim, övladımı yanıma salıb Atəşgaha aparım. Belə olur, uşaqlarımız mənəvi cəhətdən ac böyüyür, maddi təminatları olsa da. Elə valideyn var, övladına 400 manatlıq enerji cihazı alıb. Bu elə bir cihazdır ki, uşaq sadəcə üzərində əyləşir və mahnı dinləyir. Bunun uşağa nə faydası var? Bir az da təkəbbür, özünü reklam etmək deyərlər buna. Yəni övladımın bahalı, dəbdə olan oyuncağı var.
L.Mehralı yaşayış binalarının həyətlərində uşaqlar üçün əyləncə yerlərinin olmasını da vacib saydığını söylədi:
- Təəssüf ki, vətəndaşlarımız mənzil alarkən də övladının harada oynayacağını, harada istirahət edəcəyini düşünmür. Elə yaşayış kompleksləri var, həyətlərində hər cür atraksion quraşdırılıb. Məsələn, bizim «Jurnalistlər binası»nın yaxınlığında Bakı bulvar parkıdır, biz övladlarımızı tez-tez ora aparırıq, orada istədikləri kimi istirahət edirlər. Amma elə yaşayış binaları var, həyət adında bir sahəsi belə yoxdur. Uşaqlar fiziki oyunlarla da məşğul olmalıdır, onları mənəvi cəhətdən tərbiyələndirəcək yerlərə də getməli, dərnəklərdə məşğul olmalıdırlar ki, hərtərəfli insan kimi yetişsinlər.
Məlahət Rzayeva