Üzgünük...
Könül Xasıyeva “Gecələr”lə baş-başa qalıb
Onun bir könül dünyası var. Əslində çoxlarından gizlətdiyi, ağrıları içində daşıdığı bir dünya. Bir də Könül nəğmələri. Hər kəslə bölüşməyi bacardığı, ifası ilə hər könüldə taxt qurduğu bir dünya. Bəziləri tənhalığının təsəllisini Könülün "Gecələr”ində tapa bilib, bəziləri muğamları ilə ovunub. Bir ilahi səs verib tanrı ona. Milyonların sevgisini qazana bilib hər ifasında. Bu gün Xalq artisti Könül Xasıyevanın könül dünyasının qapısını açmağa çalışdıq. Könlü geniş, ruhu qaranlıq bir dünyada Xalq artistinin könül pıçıltılarını tanımağa çalışdıq.
Könül Xasıyeva 1968-ci il mart ayının 17-də Şəkidə anadan olub. Könül Xasıyeva 1975-ci ildə 1-ci sinfə qədəm qoyur. 1981-ci ildə Azərbaycan Respublikasının 3-cü prezidenti Heydər Əliyevin sərəncamı ilə təşkil olunmuş "Gənclərin ümumrespublika baxış” müsabiqəsinin qalibi olub. 1981-1986-cı illərdə Bülbül adına orta ixtisas musiqi məktəbində Xalq artisti Şövkət Ələkbərovanın tələbəsi olub. 1986-1991-ci illərdə təhsil alıb-məzun olduğu Azərbaycan Dövlət Konservatoriyasında (indiki Musiqi Akademiyası) Xalq artisti Arif Babayevin tələbəsi olmuşdur.
Səhnəyə 1981-ci ildə Azərbaycan Respublikasının 3-cü prezidenti Heydər Əliyevin sərəncamı ilə təşkil olunmuş "Gənclərin ümumrespublika baxış” müsabiqəsində çıxmış və həmin müsabiqənin qalibi olmuşdur. Azərbaycanın bütün şəhər və rayonlarında, eləcə də Türkiyə, Almaniya, Fransa, İsveçrə, İtaliya, İran, Rusiya və s. kimi ölkələrin şəhərlərində iştirak edib. Dövlət tədbirlərində, ictimai tədbirlərdə, cəbhə və döyüş bölgələrində böyük konsert çıxışları olub.
Könül Xasıyeva - bu ad ekrana, efirə çıxdığı ilk gündən yadda qaldı. Səsi könüllərdə yer saldı. İlk gündən heç kimi təqlid etmədi və nə qəribədir ki, bu gün kimsə də onu təqlid edə bilmir. Oxşatmağa çalışdılar bəlkə, amma bacarmadılar. Ekranda bircə dəfə görünməyi bəs elədi ki, audiokasetləri əl-əl gəzsin. Elə bir ev, elə bir toy olmadı ki, oradan bu şirin avazın səsi gəlməsin. İlk dəfə efirə çox sadə bir görkəmdə çıxdı. Bərsiz-bəzəksiz. Amma maraqlı da olsa, hamı kimliyi ilə maraqlandı.
Uşaqlıqdan daim musiqiçilərin, toylarda kişilərin əhatəsində olsa da, qəribə bir abır-həyası olub sənətkarın. Sanki görünməyən bir abır örpəyinə bürünməyə çalışdı illərlə. Hamı açdı, göstərdi, o hər dəfə büründü bu abır-ismət örpəyində. Sanki bir az utandı hər sənətçinin yerinə, sanki onların yerinə də susmağa üstünlük verdi. Sanki heç sənət aləmində olanlardan deyildi. Dəfələrlə müsahim olub, həm qəzetdə müsahib kimi, həm verilişdə qonaq qismində. İllər bu xanımı dəyişmədi. Hər kəlməsinə ehtiyatla yanaşdığından əslində böyük mənada ondan müsahibə almaq da asan deyildi. Onun içini açmaq, indiyə qədər dilinə gətirmədiyi məhrəm söhbətlərə toxuna bilmək doğrudan da hər yazarın qələminin gücü deyildi. Amma bizə danışıb həmişə. "Şərq”i hörmətlə qəbul edib könül dünyasına.
Səhnədə ilk çıxışı... İlk efir
Orta məktəbi Bakıda min bir çətinlik, kasıbçılıqla bitirib sənədlərimi verdim ovaxtkı Konservatoriyaya. İndi Bakı Musiqi Akademiyası adlanır. Boş otaqların birində royal arxasında "Mirzə Hüseyn” segahının ən zil hissəsi olan mübərriqəni oxuyurdum. Qəfil qapı açıldı, tez səsimi kəsdim. Rəhmətlik, görkəmli bəstəkarımız Süleyman Ələsgərov içəri girdi. Dedi "Qızım, sən idin bayaqdan otaqda oxuyan? Yəni bu şaqraq səs bu zəif cüssədən çıxır? Gedək mənimlə”. Apardı otağına. Öz otağında royalın Sİ pərdəsini tutdu. Bu, "Şahnaz” muğamının ən zil pərdəsindən də yarım pərdə zildir. Dedi "oxuya bilərsən?” "Şəhdü Şahnaz”ı tutdum. Konservatoriyada nə qədər müəllim vardı, hamısını yığıb dedi ki, "Belə tələbənin olduğundan xəbəriniz varmı?” Nəhayət, məni görkəmli tarzən Ağasəlim Abdullayevin yanına göndərdi. Dedi ki, mənim adımdan ondan xahiş et ki, səni "Araz” ansamblı ilə efirə çıxarsın. O gündən başlayaraq Azərbaycanın yeganə telekanalı olan "AzTV”yə çıxdım, elə ilk gündən solo-konsertim oldu. Konsertin ertəsi gün metroda, avtobusda hamı məni tanıyırdı. İlk çıxışımdan tanındım.
İlk toy sifarişi gələndə
Mən mətbuata böyük hörmətlə yanaşmışam. O zamanlar mətbuatın nüfuzu daha ağır idi. Hər əlinə qələm tutan yaza bilməzdi. Qəzetdə televiziya proqramına baxdım ki, mənim konsertim təkrar efirə gedəcək, hətta qəzetdəki bu elanda "çoxsaylı tamaşaçıların xahişi ilə” qeydi də yazılmışdı. Bu, xalqın mənə olan bir istəyi və məhəbbəti idi. O gündən məclislərə dəvət olundum, mən də pula ehtiyacım olduğundan getdim. Böyük maqnitofonlara səsimi yazıb audiokasetləri satırdılar. Amma onlardan bir manat da gəlirim olmayıb, o pullardan heç xəbərim olmayıb. O zaman bütün dükanları, xüsusən rayona gedən avtobusları, vağzalları səsim bürümüşdü.
Çoxları deyir 6 min manata toya gedirdim. Yalan sözdür. Səsim seçilən səsdir, ona qiymət qoymaq mənim həddimə deyil. Kasıb pərəstişkarlarım üçün pulsuz da oxumuşam. Kimin gücü nəyə çatırsa, onu da verib.
Kasıbçılıqla böyümüşük, 6 uşaqdan 5-ci idim. Bütün ailənin yükü həmişə mənim üzərimdə olub və bu yükü sevə-sevə çəkmişəm. Bacı-qardaşın uşaqlarını da oxutmuşam, ev almışam, toyunu etmişəm. Bacı-qardaşımın nəvələrini də öz nəvələrim hesab edirəm. O uşaqlar diplom alanda ana-atalarının yanına yox, mənim üstümə qaçıblar ki, bizi sən oxutmusan. Ehtiyacı olanlara da dayaq durmuşam. Verilişlərə anonim köməkliklər etmişəm. Hətta canlı proqramlara adamlar göndərmişəm, əllərində pul gediblər, amma tapşırmışam ki, mənim göndərdiyimi bilməsinlər. Ev aldığım da olub, problemlərini həll etdiyim də. Amma bu gün özüm evsiz-eşiksizəm. Öz balama gün ağlaya bilməmişəm. Bircə buna görə özümü qınayıram.
Səhnədən qəfil uzaqlaşan səs
Çox ağır xəstəliyə tutuldum, amma çalışdım kimsə bilməsin. Utanırdım. Çəkinirdim. Beləcə illər ötdükcə xəstəliyim ağırlaşdı. Bu günə qədər müalicələrim davam edir. Kimsəni qəbul etmirdim, heç kimlə görüşmürdüm, bütün pərəstişkarlarımdan qaçırdım. Əvvəl müqavimətim zəif idi. Balıq bürcüyəm, çox həssasam. Çox ağır stress keçirdim, ölümdən döndüm. 2000-ci ilin noyabrında Bakıdakı zəlzələdən qorxub ağır dərəcəli nevroz olmuşdum, heç kim bilməsin deyə, Şəki Rayon Xəstəxanasında 46 gün müalicə aldım. Məclislərə gedə bilmirdim, o qədər kasıbçılıq çəkdim. Hamıdan uzaqlaşdım, ağır depressiyaya düçar oldum. Üstündən 14 il keçsə də, hələ qorxularım, səksəkələrim, sarsıntılarım olur. Bu xəstəlik məni çox yaraladı.
Allah bu səsi mənə verməklə hər şey verib, eyni zamanda da çox şeyi aldı. Mən tamaşaçı sevgisini qazansam da, şəxsi həyatımda itkilər verdim. Bacımı itirdim, 26 yaşında ən yaxın rəfiqəmi itirdim, 25 il işlədiyim sürücüm deməyim, iş yoldaşım olan Mamed qardaşı itirdim. 25 il az deyil, evimin içi idi. 10 il mənim müalicəmi edən Hüseyn həkimi itirdim, Alqayıt müəllimi itirəndə də depressiyaya düşdüm. Bəlkə ölüm kimin üçünsə adidir. Mən isə bu stressdən qurtula bilmirəm. Beləcə itkilərim çox oldu. 40 yaşında ana oldum. O sevinci də çox rahat yaşaya bilmədim. Məlum oldu ki, oğlum da ağır xəstəlikdən əziyyət çəkir. Bu məni həm ana kimi, həm qadın kimi çökdürdü.
Çoxları həsəd çəkdi, o əzabını çəkmiş oldu 2000-ci il zəlzələsindən sonra müalicəm üçün evlərimi, maşınlarımı satdırdım. Qapılar döyə bilmədim, kömək istəyə bilmədim. Bilmirdim o qapıların arxasında kimlər oturub. Ona görə getmədim, kimsədən yardım istəmədim. Ümidimi Allaha bağladım, o mənə kömək etdi. Dedilər geri çəkildikcə, qüssəyə qapılırsan, mütləq camaat arasına çıx, toylara get. Bir müddət sənətim və yaxınlarım xilas etdi məni bu mərəzdən. Ətrafımda az insan olub, amma mənəviyyatları gözəl olub, təmənnasız kəslər olub, mənə çox dayaq olublar.
Acı sevgi hekayəsi
Mən gənc ikən, 17 yaşımda özümdən dəfələrlə böyük olan bir şəxsə ümidsizcəsinə və dəlicəsinə vuruldum. Həmin şəxs rayonumuzdan idi. Arada 20 yaşdan çox fərq olub. Sevirdim, amma qaçırdım ondan. İndi dünyasını dəyişib. O, mənim ilk və son məhəbbətim olub. Amma özü bu barədə heç nə bilməyib. Eşitmişəm, şayiə gəzib ki, guya mən şoferimlə qaçmışam. Amma yalandır.
Neft-yağ zavodunun solisti idim, indiki həyat yoldaşım da zavodun mühafizəçisi idi. Onunla 2006-cı ildə ailə qurduq. Övladımı qeysəriyyə əməliyyatı ilə dünyaya gətirmişəm. Allah övladımı - Qaqaşı mənə 40 yaşında verəndə xəstəxanada kövrəldim ki, oğlumun böyük toyunu görəcəyəmmi? Niyə mən gec ailə qurdum? Taleyim niyə belə gətirdi? Xəstəxanada da bir ailə vardı, mənə dedi ki, biz gənc ikən ailə qurmuşuq, amma 18 ildən sonra bizim övladımız olub. Bəlkə siz də bizim kimi ola bilərdiniz, beləsi daha yaxşıdır. Qızlarının da adını o ailə Könül qoydu. Və bu söz məni bir az ovutdu.
2011-ci ildə şeirlər kitabım çıxıb. Orada bir şeirim var. Oğluma öyüd-nəsihət xarakterli şeirdir. Onun birinci və sonuncu bəndini deyəcəyəm.
Ömrün payızında gəldin dünyaya,
Gecikmiş bəxtimin ulduzu oğlum,
Əlimi üzdüyüm dadsız dünyamın,
Şəkəri, nabatı, noğulu oğlum.
Uca tut adını qohumun, yadın,
Hər yerdə hörmətlə çəkilsin adın.
Mən belə doğuldum, belə yaşadım,
Sən də insan kimi insan ol oğlum.
Xalq sevgisini qazanan xanəndə
Efirlərə az dəvət edirdilər, dövlət tədbirlərinə də o cümlədən. Əslində çox görünməyi, çox danışmağı sevmirəm. Qaraqabaq hesab etsələr də, belə deyiləm. Çətinlik gördükcə bərkiyən, qayğı gördükcə kövrələn insanam. İçimə qapandım uzun müddət. Çarəsiz qaldım sanki. Nə vuruşmağa, nə də ayağa qalxmağa gücüm oldu. Bir az taleyimdən küsdüm, bir az qədərimə ağladım.
Sərhəd bilməyən mahnıları
Musiqinin məkanı, sərhəddi olmaz deyirlər. Elə Könül Xasıyevanın da səsi, yaradıcılığı sonsuz məkanı xatırladır. İfasında məşhur olan "Gecələr”, "Ata”, "Ana”, "Analı dünyamın həsrətindəyəm” və saysız-hesabsız digər muğam parçaları, "Segah” təsnifi həqiqətən sərhədləri aşa bilib.
"İnanmıram çox yaşayım”
Milyonların sevgisini qazanan Xalq artisti bu gün ağır xəstəliklə üz-üzə dayanıb. Uzun müddət hamının yadından çıxmışdı bəlkə. Musiqilərini bu gün də dinləyənlərin sayı-hesabı olmasa da, kimsə soruşmurdu Könül Xasıyeva hardadı? Kimsə maraqlanmırdı könülləri ağladan Könül niyə səhnələrdə yoxdu. Axı zaman olub ki, onun ifasını dinləmək üçün televizorun ekranına dikilən gözlər vardı. Bəs niyə illər onu unutdurdu? Həyat bu qədərmi soyuqdu? İnsanlar bu qədərmi daş qəlbli olublar. İnsanlıq bu qədərmi vəfasız ola bilir. Xatirələri də sanki od tutub yanır, tüstülənir. İçini payız yelləri soyudur, sovurur. Keçmişdə qalan günləri qarmaqarışıq düşür. Bəzən də özünə qapılır, əli yerdən-göydən üzülür. Varından yox olur. İçində özünə qarşı üsyan edir. Heç içində "işaran göz” də köməyinə çatmır. Cismi sanki güllələnmiş daşdır. Ümid verəcək bir adamı da olmayıb ki, dərdini bölüşüb imdad diləsin. Ölməkdən qorxmadığını desə də, əslində yaşamaq üçün ümid istəyir. Özündə itmiş ümidi kimlərdənsə umur. Bir ziyarət belə ona ümid verə bilir. O, sınmış xəyalları, nakam xatirələri ilə təkliyə qapılıb ölümün qapısını döyəcəyini ürkək könül pıçıltısıyla gözlədiyi bir məqamda bir qapı döyülür. Könül Xasıyevanın qapısını döyən o insan təkcə onu ziyarət etmir, həm də dərdinə şərik olur. O günə qədər isə tək idi. Tək qalmış evinə gələn olmamışdı son vaxtlar. O günə qədər ki, Hacı Nuran Könülün "Həyat” qapısını döydü. Unudulmuş xanəndəni yad etdi, ölmüş ruhuna məlhəm çəkməyə çalışdı. Könül Xasıyeva məhz Hacı Nuranın dəstəyi və təşəbbüsü ilə tibb ocaqlarından birinə yerləşdirilib, müalicə alır.
Allah Könül Xasıyevanın pərəstişkarlarını bu ecazkar səsdən məhrum qoymasın. Dərd verən Allah bu müqəddəs Ramazan günlərində Xalq artistinə dərman versin.
Unudulmaq ağırdı. Hələ milyonların sevgisini görən bir tanınmış üçün unudulmaq daha ağır olmalıdı. Unudulmayanlardan olaq.
Tahirə Məmmədqızı