"Varşavada ermənilərin təxribat cəhdi baş tutmadı” - Çıxışlarına veto qoyuldu




"Bugün ATƏT-in Varşava toplantısında erməni separatçılarının təxribatının qarşısını aldıq”.

Bunu "Sherg.az”a açıqlamasında Azərbaycan Demokratiya və İnsan Haqları İnstitutunun rəhbəri Əhməd Şahidov deyib. Neçə illərdir Avropanın nüfuzlu qurumları çərçivəsində Kəlbəcərli girovlarımız Dilqəm Əsgərov və Şahbaz Quliyevin azadlığını tələb edən hüquqşünas bu dəfə də məsələni gündəmə gətirib. 

Ə.Şahidovun məlumatına görə, Polşanın paytaxtı Varşava şəhərində ATƏT-in Demokratik İnstitutlar və İnsan Haqları Ofisinin təşkil etdiyi illik Sammitdə bir erməni özünü "Artsax” nümayəndəsi kimi təqdim edərək çıxış etməyə cəhd göstərib. Lakin Azərbaycanın rəsmi nümayəndə heyətinin üzvü, PA əməkdaşı Gülsel Səfərova dərhal veto hüququndan istifadə edib:

"Bizim etirazımızdan sonra ATƏT rəhbərliyi separatçı erməninin çıxışını yarımçıq saxlayıb. Daha sonra mən çıxış edərkən, Ermənistan səfiri eyni qayda ilə mənim çıxışıma veto qoydu. Ancaq erməninin etirazı tutarlı hesab edilmədi və mən çıxışıma davam elədim. Çox gərgin anlar idi. Erməni separatçılarının təxtibat cəhdi baş tutmadı”.

Qeyd edək ki, Varşava şəhərində ATƏT-in Demokratik İnstitutlar və İnsan Haqları Ofisinin təşkil etdiyi illik Sammiti öz işinə başlayıb. "Qanunun aliliyi: qanunsuz həbs və işgənclərə qarşı mübarizə, antiterror fəaliyyəti” mövzusunda keçirilən müzakirələrdə Dağlıq Qarabağ münaqişəsi barədə məlumat verilib. Münaqişə dövründə əsir və girov götürülən vətəndaşlarla bağlı statistik məlumatlar diqqətə çatdırılıb. Hazırda yüzlərlə azərbaycanlının qanunsuz olaraq, Ermənistanda və işğal olunan Dağlıq Qarabağ ərazisində girov saxlanıldığını, onların bəziləri barədə heç bir məlumatın olmadığı qeyd olunub.

İsmayıl