Vaşinqton viza böhranını həll etməklə məqsəd güdür

Çünki Türkiyə Rusiya ilə birləşib ABŞ-ın regional siyasətini fiaskoya uğrada bilər





ABŞ-ın Türkiyədəki səfirliyi viza üçün müraciətlərin qəbuluna dair məhdudiyyətləri aradan qaldırıb. Məlumdur ki, ABŞ-ın İstanbuldakı Baş Konsulluğunun əməkdaşı Metin Topuzun FETÖ ilə əlbir olmaqda təqsirli bilinərək həbs edilməsi ilə əlaqədar Türkiyə vətəndaşlarına viza verilməsi dayandırılıb. Buna cavab olaraq Türkiyə də Amerika vətəndaşlarını vizaya həsrət qoyub.

Ekspertlərə görə, ABŞ hökumətinin viza "cəza”sından vaz keçməsi müəyyən məqamlardan xəbər verir. Onların fikrincə, indiki məqamda Vaşinqtonun yumşaldıcı addım atmasının məqsədi sıxışdırılan Türkiyənin Rusiya ilə yaxınlaşmasına mane olmaqdır. Ona görə də Ankara hökuməti ilə əlaqələri normallaşdırmağa çalışırlar. 

İki dövlət arasındakı münasibətləri "Şərq”ə şərh edən Cənubi Qafqaz Təhlükəsizlik və Sülh İnstitutunun rəhbəri Məhəmməd Əsədullazadə deyib ki, Pentaqonun kürd terrorçu təşkilatı olan YPG-ni silahlandırması və Türkiyənin təhlükəsizliyinə xələl gətirə biləcək fəaliyyətini davam etdirməsi, həmçinin, FETÖ liderini ekstradisiya etməməsi Ağ Ev və Ankara arasında dərin siyasi böhrana səbəb olub:

"Ankaranın ABŞ konsulluğunda çalışan Metin Topuzu həbs etməsi iki müttəfiq ölkə arasında viza probleminə yol açdı. İki ölkə qarşılıqlı olaraq biri-birinə hücum etdi. Əvvəlcə ABŞ Türkiyəyə viza sanksiyası tətbiq etdi. Türkiyənin Rusiya ilə yaxınlaşması və Suriyada apardığı siyasət ABŞ-ın Yaxın Şərqdə geosiyasi maraqlarının iflası ilə nəticələnir. Türkiyə kimi NATO müttəfiqini itirmək ABŞ üçün narahatedici faktordur. 

Təbii ki, Türkiyə Rusiya ilə birləşib ABŞ-ın regional siyasətini fiaskoya uğrada bilər. Ona görə də Vaşinqton Türkiyəyə qarşı yumşaldıcı siyasətə gedərək viza problemini aradan götürür. Amerikanın bu addımı Türkiyənin Rusiya ilə yaxınlaşmaq siyasətindən irəli gəlir”. Analitik bildirib ki, Ağ Ev Suriyada kürd terrorçularına verdiyi dəstəyi kəsərsə, Türkiyə ilə yenidən strateji müttəfiq olaraq Yaxın Şərqdə koordinasiyalı fəaliyyət göstərə bilər: "Amma təkcə viza problemi bu məsələləri həll etməyəcək. Çünki ABŞ-ın dəstəyində olan YPG terrorçularının hədəfi Türkiyədir və bu da ABŞ və Türkiyə arasında əsas narazılıq predmetidir”.

İsmayıl