Vaşinqtonun imperiya siyasəti...
ABŞ dünyaya mesaj verir ki, həqiqət güclünün tərəfindədir
Azərbaycan Şərqlə Qərbin arasında əhəmiyyətli tranzit ölkə olmaqla bərabər, həm də Avropanın enerji təhlükəsizliyində mühüm rol oynayır. Qərb dövlətləri, həmçinin qonşu ölkələrlə qarşılıqlı və milli maraqlara söykənən əlaqələr qurur, etibarlı tərəfdaş kimi bu münasibətlərin daha da inkişaf etdirilməsinə çalışır. Eyni zamanda müstəqil siyasət yürüdür.
Lakin əfsuslar olsun ki, bəzi Qərb dövlətləri öz daxilindəki qüvvələrin təsiri altında Azərbaycanın bu davranışlarına qarşı qeyri-səmimilik nümayiş etdirirlər. Çünki Azərbaycanın davamlı inkişafı, beynəlxalq nüfuzunun yüksəlməsi, ölkədəki təhlükəsizlik və sabitlik Qərbin ermənipərəst və islamofob dairələrini narahat edir. Hər dəfə Azərbaycan beynəlxalq əhəmiyyətli mühüm tədbirlərə ev sahibliyi edəndə, yaxud qanunla nəzərdə tutulmuş müddətdə hər hansı seçki keçiriləndə ölkəmizə qarşı həmin dairələr tərəfindən antitəbliğat kampaniyasına start verilir. Beynəlxalq status daşıyan bir sıra qeyri-hökumət təşkilatları heç bir dəqiqləşdirmə aparmadan, yalnız qərəzli şəxslərin verdiyi məlumatlar əsasında, qarşı tərəfin mövqeyini öyrənməyə cəhd etmədən Azərbaycan barədə qeyri-obyektiv hesabatlar yayırlar. Həmin hesabatlarda əks olunan "faktlar”da ölkəmizdə söz-mətbuat azadlığı, insan haqlarının real vəziyyəti təhrif edilir. XX əsrin əvvəlində müsəlman Şərqində ilk demokratik respublika yaradan, avropalılardan fərqli olaraq elə həmin illərdə qadınlara seçib-seçilmək hüququ verən, demokratik, dünyəvi siyasət yürüdən Azərbaycan az qala ən geridə qalmış xalq və dövlət kimi qələmə verilir. Acı təəssüf doğuran məqamlardan biri də budur ki, Avropanın ciddi qurumlarında təmsil olunan bəzi siyasətçilər də bir sıra hallarda bu təbliğatın, qarayaxma kampaniyasının icraçıları rolunda çıxış edirlər. Qərb dövlətləri, o cümlədən ABŞ və Avropa İttifaqında təmsil olunan bəzi ölkələr bu yolla Azərbaycana təzyiq və təsir göstərməyə çalışır, öz şərtlərinin, tələblərinin yerinə yetirilməsini istəyirlər. Halbuki, ABŞ və onun Avropadakı müttəfiqləri müxtəlif bəhanələrlə müstəqil ölkələrin daxili işlərinə müdaxilə edir, sabit cəmiyyətlərdə xaos yaradırlar. Müxtəlif ölkələrdə hakimiyyət çevrilişləri ssenarilərini həyata keçirirlər. Çevriliş və hərbi müdaxilə ssenariləri qanlı müharibələrə, on minlərlə insanın ölümünə, sosial-iqtisadi infrastrukturun dağılmasına səbəb olur. ABŞ və onun partnyorları bu gün Misir, İraq, Liviya, Suriya və digər ölkələrdə baş verən qanlı olaylara görə birbaşa cavabdehlik daşıyırlar. Digər xalqlara demokratiya "dərsi” verməyə cəhd edirlər. Halbuki, Qərb ölkələrinin özlərində insan hüquqlarının pozulması, korrupsiya, ksenofobiya və faşizm geniş vüsət alıb. ABŞ-da qara dərililərə qarşı olan münasibət, Avropada qaçqın böhranı bunu əyani şəkildə təsdiq edir. ABŞ bununla bütün dünyaya mesaj verir ki, həqiqət güclünün tərəfindədir. Vaşinqtonun imperiya siyasəti göstərir ki, bu gün beynəlxalq hüquq işləmir, diktə siyasəti bütün dünyaya hakim kəsilib. Bütün bunlara baxmayaraq, anti-Azərbaycan qüvvələrin Azərbaycana qarşı həyata keçirdiyi məkrli siyasət heç bir nəticə verməyəcək. Çünki Prezident İlham Əliyevin qətiyyətli addımları, uzaqgörən və yalnız milli maraqlara söykənən siyasəti, ən əsası isə Azərbaycan xalqının iradəsi qarşısında bu təzyiq və təhdidlər heç bir əhəmiyyət daşımır. Lakin vəziyyətin əvvəlki məcrasına yönəlməsinə qədər xeyli vaxt keçir, münasibətlərdə soyuqluq yaranır. Ermənipərəst dairələrin təsiri altında olan bəzi Qərb siyasətçilərinin günahı üzündən Azərbaycan xalqının Qərb dövlətlərinə, onların demokratiya adı altında təbliğ etdikləri dəyərlərə inamı azalır.
Belə bir situasiya ilə Azərbaycan 2015-ci ildə də rastlaşıb. Həmin vaxt ölkəmiz dünyada, o cümlədən Avropa məkanında ilk dəfə keçirilən Birinci Avropa Oyunlarına ev sahibliyi edirdi. Eyni zamanda həmin il Azərbaycanda parlament seçkiləri idi. Belə bir zamanda heç bir əsas və səbəb olmadan Qərbin bəzi beynəlxalq təşkilatları Azərbaycan əleyhinə qarayaxma kampaniyasına başladılar. Ölkəmizdə insan hüquq və azadlıqları, demokratik vəziyyət barədə qeyri-obyektiv hesabatlar açıqladılar. Avropa strukturlarında təmsil olunan bir qrup siyasətçilər də erməni lobbisinin təsiri altında bu təbliğatın carçılarına çevrildilər. Hətta məsələ o həddə çatdı ki, Azərbaycanla Avropa Parlamenti arasında soyuqluq yarandı və ATƏT-in Bakıdakı ofisi bağlandı. Prezident İlham Əliyev Avropa İttifaqının nümayəndə heyətini qəbul edərkən, bununla bağlı bəzi məqamları avropalı diplomatların bir daha diqqətinə çatdırdı. Dövlət başçısı Avropa Parlamentinin bir il bundan əvvəl qəbul etdiyi qətnaməni xatırladaraq, sözügedən sənədin Azərbaycanla Avropa Parlamenti arasındakı münasibətlərdə ciddi geriləmə yaratdığını bildirdi. Qeyd etdi ki, belə yanaşma düşməncəsinə, qeyri-düzgün, səhv informasiya və qərəzə əsaslanan addım və ölkəmizin reputasiyasına zərər vermək cəhdidir. Azərbaycan Prezidentinin dilindən səslənən faktlar bəzi Qərb dövlətlərinin, eləcə də bu ölkələri təmsil edən bir sıra diplomatların ikiüzlülüyünü, riyakarlığını, şəxsi maraqlardan qaynaqlanan qərəzli siyasətini bir daha nümayiş etdirdi. Diqqətçəkən məqamlardan biri də budur ki, vaxtilə A.Şahtaxtinskini dövlət başçısı İlham Əliyevlə şəkil çəkdirdiyinə görə tənqid edənlər görüşdən sonra Azərbaycan Prezidenti ilə şəkil çəkdirməyi özlərinə şərəf biliblər.
İsmayıl