Vaşinqtonun maraqları dəyişməyib - Türkmənlərə potensial təhlükə var


Amerikanın PYD-yə dəstəyi kürdlərin həmin ərazidə gələcəkdə dövlət qurmasına hesablanıb


Amerika Birləşmiş Ştatları son üç il ərzində PKK-nın Suriya qolu sayılan PYD-yə xeyli silah-sursat və zirehli texnika yardımı edib. Vaşinqton İŞİD-in regiondan çıxarılmasından sonra kürdlərə silah yardımını kəsəcəyini desə də, terror təşkilatına dəstək verməkdə davam edir.

Üç gün əvvəl PYD-yə silah-sursat daşıyan 73 maşınlıq növbəti konvoy terrorçu qruplaşmaya təhvil verilib. Hətta terrorçular aldıqları son silahlarla nümayiş keçiriblər. Bu müddətdə isə İŞİD-in nəzarətində olan son yaşayış məntəqələri Əl-Kaim və Rava Suriya və İraq orduları tərəfindən ələ keçirilib. Suriyada İŞİD-in əlində saxladığı son məntəqə də Suriya ordusunun nəzarətinə keçib. Siyasi şərhçilərin fikrincə, ABŞ bölgədəki kürd silahlılarından hələ uzun müddət öz məqsədləri üçün istifadə edəcək. Çünki qruplaşmanı gücləndirən Vaşinqtonun İŞİD-i "zəiflətməkdən” daha ciddi planları var.


Amerikanın kürd terrorçuları silahlandırması ilə bağlı "Şərq”ə danışan kriminalist-tədqiqatçı İlqar Altay deyib ki, ümumiyyətlə, Suriyada vətəndaş müharibəsi başlanandan və İŞİD meydana çıxandan sonra Yaxın Şərqdə kürd terrorçular ön plana çıxarılıb. Düzdür, o bölgədə Suriya və İraq ərazisindəki xalqların hamısı, xüsusən türkmənlər terror qruplaşmalarından çox əziyyət çəkirdilər və onlara qarşı mübarizə aparırdılar. 

Amma nədənsə, bu mübarizədə türkmənlərə deyil, məhz kürdlərə, PYD kimi terrorçu təşkilatlara önəm verilirdi. İŞİD-lə mübarizə bəhanəsi ilə onlara hərbi təlimlər keçirilib, müasir silahlar verilib. Hətta koalisiya qüvvələri İŞİD-i küncə sıxışdırdığı son anda belə həlledici zərbə üçün kürd dəstələri irəli buraxılıb. Dəfələrlə qeyd etmişdim ki, kürd terrorçularının gücləndirilməsi başqa məqsədlərə xidmət edir. Amerikanın PYD-yə dəstəyinin arxasında kürdlərin həmin ərazidə gələcəkdə dövlət qurmasına hesablanıb. 

Bu isə ilk növbədə bölgədəki türkmənlərə və digər xalqlara, o cümlədən ətraf dövlətlərə potensial təhlükə yaradır. Xüsusən də milyonlarla kürdün yaşadığı və zaman-zaman separatçılıq ideyaları ilə çıxış etdikləri Türkiyə üçün ciddi problem deməkdir. Elə Vaşinqtonun məqsədi də budur”.


İsmayıl