Vətəndaşla görüş: Nazirlər, komitə sədrləri problemlərin yanına gedir

Rayonlarda vətəndaş qəbullarının formatını zaman-zaman dəyişmək, bu praktikanı genişləndirmək olar
Prezident İlham Əliyevin tapşırığı ilə nazirlər, komitə sədrləri həm paytaxtda, həm də bölgələrdə qəbullar təşkil edir, vətəndaşlarla görüşlər keçirir. Örnəyi, bu günlərdə ədliyyə naziri Lənkəranda, nazir müavinləri isə Lerikdə, Yardımlıda vətəndaşları qəbul edib. Bir neçə ildir ki, bu praktika tətbiq olunur. Bəs nəticələr necədir? Vətəndaşların problemləri həllini tapırmı?
Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, hüquqşünas Əliməmməd Nuriyev «Şərq»ə açıqlamasında bu məsələylə maraqlandığını, araşdırma apardıqlarını bildirdi:
- Prinsip etibarilə yüksək vəzifəli şəxslərin vətəndaşlarla görüşü yaxşı praktikadır. Cənab Prezident çıxışlarında daim vurğulayır ki, məmurlar xalqın xidmətçisidir, xalqa xidmət etməlidirlər. Bu mənada əlbəttə, nazirlərin, komitə sədrlərinin vətəndaş qəbulları təşkil etməsi, dövlət orqanının vətəndaşa yaxınlaşmasını göstərir. Əvvəllər də nazirlərin qəbul günləri, qəbul saatları olurdu, amma vətəndaşlar bölgələrdən paytaxta gəlirdilər, vaxt itkisi, yol xərci, nəticədə heç qəbula düşə bilmirdilər, ya da nazir özü yox, müavini, şöbə rəisi onları qəbul edirdi. Problemin nə dərəcədə həll olunduğu da bilinmirdi. Amma indi birbaşa vətəndaşlarla təmaslar çevik qərarların qəbulunu şərtləndirir. Çox zaman elə yerindəcə problem həll edilir, icraçılara tapşırıqlar verilir. Bununla vətəndaşın konstitusion hüququ qorunmuş olur.
Ə.Nuriyev qeyd etdi ki, rəhbərlik etdiyim Fond vətəndaş müraciətlərinə baxılması işinin təkmilləşdirilməsi istiqamətində Avrasiya Əməkdaşlıq Fondu ilə birgə layihə həyata keçirib. 
"Biz bu məsələni müxtəlif aspektlərdən öyrənmişik. Nazirlərin regionlara səfərləri və vətəndaşların qəbulu prosesi 2013-cü ildən başlanıb. Onu deyə bilərəm ki, 2013-cü ildən bu günə kimi proses daha da sadələşib və daha da aktivləşib. Vətəndaşların müraciətlərinə baxılması ilə bağlı 2015-ci ildə yeni qanun qəbul edildi. Nəticədə vətəndaş müraciətlərinin dairəsi genişləndi, forması dəyişdirildi. Məsələn, əvvəllər müraciətlərə yalnız fərdi qaydada baxılırdısa, indi kollektiv müraciətlərə baxılma praktikası, həmçinin elektron müraciət forması da tətbiq olunur. Vətəndaşların müraciətlərinə hansı hallarda baxılmayacağı da müəyyənləşib. Əgər bir vətəndaş eyni məzmunda 3 dəfədən artıq müraciət edirsə, həmin müraciətə artıq baxılmır. Müraciətlərə baxılma müddəti müəyyənləşib. Müraciətlərə əsaslandırılmış cavab verilməlidir. Müraciətlərə əsassız şəkildə baxılmadıqda İnzibati Xətalar Məcəlləsinə görə sanksiya tətbiq edilir. Bu da müəyyənləşib ki, aşağı instansiyalardan yuxarı instansiyalara şikayətlərin sayı azalıb. Bu da son vaxtlar vəzifə sahiblərinin öz işlərinin öhdəsindən gəldiyini göstərir.
Ə.Nuriyev vətəndaş qəbulları ilə bağlı təkmilləşdirmə işlərinin aparıla biləcəyini də vurğuladı:
- Gərək selektiv yanaşmalara imkan verilməsin. Belə hallar olur, qəbula yazılanların sayı bilərəkdən azaldılır, şikayətlər qeydiyyata alınmır. Bəzən də şikayətlər yerli məmurlar tərəfindən süzgəcdən keçirilir. Yəni bəlkə də nazirin və ya komitə sədrinin baxıb münasibət bildirəcəyi bir məsələ kimlərinsə ucbatından arxivə atılmış olur.
Bəzi hallarda yaşanan müəyyən narazılıqların aradan qaldırılması üçün vətəndaş qəbulu prosesini təkmilləşdirmək mümkündür. Məsələn, bunun üçün hansı nazirin qəbulu olacaqsa, qəbula düşmək istəyən vətəndaşa əvvəlcədən kod verilə bilər, yaxud müraciətlərin elektronlaşdırılmasını daha da aktivləşdirmək işin səmərəliliyini artırar məncə. 
İstisna etmirəm ki, yerlərdə hansısa məmurlar vətəndaşların müraciətini qeydə almasın, vətəndaşın nazirlə görüşünə mane olsun. Bəlkə də yerli icra hakimiyyəti orqanları hansısa problemin nazirlərə çatdırılmasında maraqlı deyil, istəmirlər, hansısa neqativ hal üzə çıxsın, belə halların ola biləcəyi istisna deyil. Bunun üçün də vətəndaş müraciətlərinin elektronlaşdırılması uyğun həll variantıdır. Hər bir nazirliyin saytı və elektron poçtu var, yaxşı olar ki, vətəndaşlar müraciətlərini ora yönləndirsinlər. Qəbul məsələsində şablondan çıxmağa gəlincə, bu elə də asan deyil. 
Məsələn, yerli icra hakimiyyətləri tərəfindən əhali ilə canlı görüşlər təşkil olunur. İcra başçıları, aparat əməkdaşları yerli problemlərlə tanış olduğundan cavab vermək də çətin deyil. Amma təsəvvür edin ki, konkret sahə üzrə nazir hansısa bölgəyə səfərə gəlib və geniş bir meydanda əhali ilə görüş keçirir. Bu zaman əhalinin aidiyyəti oldu-olmadı, hər mövzuda o nazirə müraciət və ya şikayət etməsi nə dərəcədə doğru olar? Belə vəziyyət nizamsızlığa səbəb olar. Forma dəyişikliyi məzmunsuzluq yaradacaq. Vətəndaş qəbullarının formatını zaman-zaman dəyişmək, bu praktikanı genişləndirmək olar. Bunun üçün uyğun variantlar tapılmalıdır.
Ə.Nuriyev bölgələrdə ictimai təsisatların, qəbul otaqlarının yaradılmasını təklif etdi. Fond rəhbəri hesab edir ki, vətəndaşların birbaşa müraciət edə biləcəkləri belə təsisatlar olarsa, problemlər daha tez həllini tapar.
Məlahət Rzayeva