Afrində gedən müharibə birbaşa Türkiyə-ABŞ müharibəsidir
Türkiyənin "Hürriyət” qəzetinin yaydığı informasiyaya görə, Amerika ordusuna məxsus zirehli maşınların olduğu böyük bir karvan PYD və PKK terrorçularının nəzarətindəki Qamışlı ərazisinə keçib. Məlumata əsasən, terrorçuların işğalındakı ərazidən 3 avtobus və 90 maşından ibarət karvan Afrindəki PKK üzvlərinə yardım üçün yola düşüb.
Kömək üçün göndərilən terrorçu sayının 400-ə yaxın olduğu bildirilir. Xatırladaq ki, ABŞ rəsmiləri dəfələrlə terrorçulara silah verilməyəcəyi barədə "vədlər” versələr də, Vaşinqton silahlı dəstələrə yardım etməkdən vaz keçməyib. Ekspertlərə görə, Amerikanın ikiüzlü davranması NATO üzrə müttəfiqi Türkiyə ilə ciddi qarşıdurmaya səbəb ola bilər.
Prosesləri "Şərq”ə dəyərləndirən politoloq Məhəmməd Əsədullazadə terrorçulara silah yardımını ABŞ-ın Türkiyəyə elan olunmamış səssiz müharibəsi adlandırıb. Onun sözlərinə görə, Ağ Evin siyasəti birbaşa Türkiyə əleyhinə formalaşıb: "Vaşinqtonun terrorçulara verdiyi dəstək Ankaranı çox hiddətləndirib.
Fikrimcə, Amerikanın siyasəti regionda sülhə deyil, təhlükəsizliyin pozulmasına, həmçinin, Türkiyənin zəiflədilməsinə hesablanıb.
Ancaq Ağ Evin bu hərəkəti NATO-nun etibarlılığına kölgə salır. ABŞ necə müttəfiqdir ki, öz strateji partnyoru olan Ankaraya qarşı terrorçular vasitəsilə müharibə aparır. Bəli, ABŞ şimali Suriyada Türkiyəyə qarşı YPG vasitəsilə müharibə aparır. Afrində gedən müharibə birbaşa Türkiyə-ABŞ müharibəsidir”. Ekspert bəyan edib ki, Türkiyəsiz NATO fəaliyyətsiz bir blokdur:
"Amerikanın Türkiyəyə qarşı xain planı hərbi alyansın zəifləməsinə gətirib çıxarır. Əgər Yaxın Şərqdə ABŞ-ın müttəfiqi NATO çərçivəsində Türkiyədirsə, kürd terrorçularla əməkdaşlıq Amerikanın nəyinə lazımdır? Vaşinqtonun məqsədi Suriyanı parçalayıb Türkiyəni zəiflətmək və Kürdüstan qurmaqdır”. Analitik bildirib ki, Amerika bəhanə edir ki, guya, PKK-çılar İŞİD-ə qarşı mübarizə aparır: "İŞİD sıradan çıxandan sonra strateji maraqlar dəyişdi. Amerika İŞİD-i bəhanə edərək YPG-ni Türkiyəyə qarşı silahlandırdı.
Regionda vəziyyət mürəkkəb olaraq qalmaqdadır. Amerikanın Türkiyəyə qarşı savaşı iki müttəfiq ölkənin düşmən olmasına aparır. Ağ Ev terrorizmə dəstək siyasətindən əl çəkməyincə, Ankara-Vaşinqton müharibəsi davam edəcək”.
İsmayıl