"Əgər uşaqların internetdən qorunması beynəlxalq konvensiyalarda öz əksini tapırsa, bizim də gecikmədən qərar verməyimiz yaxşı olar"
Virtual aləmin gətirdiyi problemləri də gözardı etmək olmaz
"İnternet vasitəsi ilə yayılan təhlükəli və zərərli informasiyalar hər kəsin evinə izacəsiz daxil ola bilir"
"Əgər uşaqların internetdən qorunması beynəlxalq konvensiyalarda öz əksini tapırsa, bizim də gecikmədən qərar verməyimiz yaxşı olar"
"Əgər uşaqların internetdən qorunması beynəlxalq konvensiyalarda öz əksini tapırsa, bizim də gecikmədən qərar verməyimiz yaxşı olar"
(Əvvəli ötən sayda)
Uşaqlarla bağlı problem hər zaman cəmiyyətin aktual problemlərindən olub və xüsusi diqqət tələb edib. Bu baxımdan azyaşlılarla bağlı yayılan məlumatlarda medianın necə davranmalı olduğunu tövsiyə edən kifayət qədər etik qaydalar formalaşıb. Buna baxmayaraq, uşaqlardan bəhs edən xəbərlərdə etik çatışmazlıqlar müşahidə edilməkdədir. Mediamız zorlama, oğurluq, boşanma, narkotikdən istifadə, intihar, cinayət və başqa durumlarda zərərçəkmiş və ya təqsirli qismində azyaşlıları topluma təqdim etməkdə zaman-zaman axsadıqlarını büruzə verirlər.
Adətən, məsələnin ciddiliyi nəzərə alınmadan, etik çərçivələr gözlənilmədən azyaşlıların kimliyi, görüntüləri efirə verilir. Problemin digər tərəfi isə müasir dövrdə azyaşlıların internetə çıxışının çox asan olması, mövcud məhdudlaşdırıcı metodların effektiv nəticə verməməsidir. Məhz bu problemlərdən dolayı Milli Məclisdə "Uşaqların zərərli informasiyadan qorunması haqqında” qanun layihəsi tez-tez müzakirə mövzusuna çevrilir. Sözügedən qanun layihəsi ötən gün parlamentin iclasında yenidən müzakirəyə çıxarılıb. Qanun haqqında parlamentin Ailə, qadın, uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı məlumat verib. Bildirib ki, sənəddə Azərbaycanda uşaqlar arasında dövriyyəsi qadağan edilən informasiyanın növləri müəyyənləşib. Qanun layihəsinin 2020-ci il yanvarın 1-də qüvvəyə minəcəyi deyilib. Müzakirə zamanı millət vəkili, Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib ki, qanun layihəsi yüksək səviyyədə və beynəlxalq qanunvericilik nəzərə alınmaqla hazırlanıb. Lakin deputat qanun layihəsinə "dini xurafat” anlayışının əlavə edilməsini təklif edib: "Bəzi ailələrdə uşaqlara dini xurafatçılığa əsaslanan fikirlər aşılanır ki, bu da sonradan özünü zərərli şəkildə büruzə verə bilir. Məktəblərdə "Həyat bilgisi” dərsliyinin keçirilməsi müsbət haldır. Sözügedən dərslikdə islam dini haqqında düzgün məlumatlar aşılanır.
Bu baxımdan düşünürəm ki, qanun layihəsinə bu anlayışın əlavə edilməsi dini xurafatçılığa qarşı mübarizənin aparılmasında müsbət nəticə verə bilər”. Daha sonra müzakirəyə qoşulan deputat Sevinc Fətəliyeva isə vurğulayıb ki, əsas təhlükələrdən biri odur ki, hər kəs internetdə istənilən informasiyanı dərc edə bilər: "Muasir dövrdə zərərli informasiyaya rast gəlmək çox asan məsələdir.
Əgər yaxın keçmişdə biz məişət zorakılığı, fiziki cəzalar, cinsi zorakılıq, uşaq psixikasına mənfi təsir göstərən səbəbləri, intiharları araşdırıb onlarla mübarizə aparırdıqsa, bu gün kiber mühit və internet bütün təhlükəli amilləri özündə birləşdirib və böyük bir riskə çevrilib”. Millət vəkili internetə daha çox diqqət yetirməyinin səbəbini bu cür açıqlayıb:
"Bu gün internet həm TV, həm də radionu tam əvəz edir və hər bir insanın, xüsusən uşaqların həyatının ayrılmaz hissəsinə çevrilir. Hətta çox vaxt həyat tərzimizi dəyişir. Uşaqların davranışını, ünsiyyət formasını redaktə edir. Nəzərə alsaq ki, Azərbaycanda internet istifadəcilərinin sayı getdikcə artır, düşünürəm ki, təqdim olunan qanun layihəsində uşaqların internet təhlükəsizliyi daha çox yer alsaydı, yaxşı olardı”.
Xanım millət vəkili əlavə edib ki, internet böyük imkanlar verir, amma təqdim olunan məlumatların böyük hissəsi etibarlı və faydalı sayıla bilməz:
"Materialların dəqiqliyini qiymətləndirmək üçün şəbəkə istifadəçiləri tənqidi düşünməlidir. Çünki əsas təhlükələrdən biri odur ki, hər kəs bu gün internetdə hər bir informasiyanı dərc edə bilər. Bu, xüsusilə uşaqlara aiddir, çünki uşaqlar adətən düşünür ki, əgər bu məlumat internetdə varsa, deməli, doğrudur. Qəzet və jurnallarda korrektor, redaktor var, amma internetdə heç kim məlumatların doğru olub-olmamasını yoxlamır.
Bu şəraitdə belə bir qanun layihəsinin qəbul olunmasına böyük zərurət var. Ümumiyyətlə, uşaqların informasiya təhlükəsizliyi qanunvericilik bazasının yaradılması həm uşaqların, həm də valideynlərin rəqəmsal bilik və bacarıqlarının formalaşması kimi bir neçə amildən ibarətdir. 1-ci amilə biz artıq nail olmuşuq. Müzakirə olunan qanun layihəsi uşaq hüquqlarını müdafiə edən, onların təhlükəsizliyini təmin edən bir platformadır.
Növbəti mərhələ isə ondan ibarət olmalıdır ki, qəbul etdiyimiz qanunun müddəaları əhaliyə geniş çatdırılsın, uşaqlar informasiya əldə olunmasında öz hüquqlarını bilsin. 2-ci amilə nail olmaq üçün həm uşaqları, həm də valideynləri digər istiqamətdə maarifləndirmək lazımdır: internetdən, sosial şəbəkələrdən istifadə olunması, onlayn oyunların oynanma qaydaları və bir sıra digər fəaliyyət qaydaları haqqında bilmək, onlara riayət etməkdir. Düşünürəm ki, bunun üçün həm parlament, həm müvafiq qurumlar, həm də QHT-lərin birgə fəaliyyət göstərmələri çox faydalı olardı”. Məlumat üçün bəyan edək ki, 5 fəsil, 19 maddədən ibarət qanun layihəsində uşaqların informasiya əldə etməsi, ailə institutunu nüfuzdan salan məlumatlar, həmçinin xəbər məhsulunun yaş təsnifatı, zorakılığın və qəddarlığın nümayişi və digər bu kimi anlayışların izahatı verilir. Layihədə bildirilir ki, "18+” yaş kateqoriyasına aid informasiya məhsulu teleradio vasitəsilə yayımlanarkən bu informasiya məhsulunun yaş kateqoriyası haqqında xəbərdarlıq televiziya yayımı zamanı işarə, radio yayımı zamanı isə səsləndirmə ilə həyata keçirilməlidir.
Parlamentdə qaldırılan məsələni "Şərq”ə dəyərləndirən Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli bildirib ki, dünyanın bir çox ölkəsində uşaqların zərərli informasiyadan qorunması üçün qanunlar qəbul olunub. Çünki azyaşlıların təhlükəli internet resurslarından qorunması olduqca vacibdir:
"Bu məsələyə önəm verilməsi təqdirəlayiqdir. Əlbəttə, internetin cəmiyyət üçün bir çox faydalarının, üstünlüklərinin olduğunu qeyd edirik. Lakin virtual aləmin gətirdiyi problemləri də gözardı etmək olmaz. Ən narahatedici məqam odur ki, internet vasitəsi ilə yayılan təhlükəli və zərərli informasiyalar hər kəsin evinə izacəsiz daxil ola bilir. Əgər uşaqların internetdən qorunması beynəlxalq konvensiyalarda öz əksini tapırsa, bizim də gecikmədən qərar verməyimiz yaxşı olar”.
Y.Məmmədlinin sözlərinə görə, indiki halda internetin qarşısını tam şəkildə almaq, qadağalar tətbiq etmək imkansızdır. Lakin yeni proqramlar vasitəsi ilə müəyyən süzgəclərdən yararlanmaq mümkündür:
"Bu sahədə xeyli işlər görülüb. Əvvəllər krosna antenalar istənilən kanala baxmaq şansını verirdi. Daha sonra həmin sistemlərə filtirlər qoyuldu. Eyni sistemi internet resurslarına tətbiq etmək faydalı olar. Bədbin olmaq üçün ciddi əsas yoxdur, əgər problem varsa, onun həlli yolları da var. İlk növbədə uşaqların zərərli informasiyadan qorunması ilə bağlı mövcud olan bəsit qanun pozuntularını aradan qaldırmaq lazımdır”.
"Cümhuriyyət” qəzetinin redaktoru Elman Cəfərli də "Şərq”ə açıqlamasında problemin aktual olduğunu bəyan etdi:
"Məncə, bu məsələ qanunla, qərarla həll olunası deyil. Valideyn 10, bəzən hətta 7 yaşından uşaqların mobil telefondan istifadəsinə imkan verir. Uşaq məktəbə gedir, valideyn nigaran qalmamaq, onunla əlaqə saxlamaq üçün telefon almaq məcburiyyətindədir. İndiki telefonlar da smartfondur, informasiya daşıyıcısıdır. Uşaq sosial şəbəkə və mobil əlavə istifadəçisidir. Bundan başqa evdə kompüter və internet var, uşaq dərsi hazırlamaq üçün bəzən ondan istifadə edir. Tutaq ki, uşaqların yaşına uyğun olmayan saytlara girişə məhdudiyyət qoydun, axı əksər saytlarda uşaq psixologiyasına uyğun olmayan zərərli informasiyalar var. Bəs onlar necə olacaq? Göründüyü kimi, xeyli çətin sualdır. Ancaq istənilən halda millət vəkillərinin bu məsələdən narahat olmaları, çıxış yolu axtarmaları təqdirəlayiqdir. Ola bilsin, ictimai müzakirələr zamanı çıxış yolları, nəzarət mexanizmi və digər məsələlərlə bağlı maraqlı təkliflər, ideyalar olacaq. Mən indidən bu məsələ ilə bağlı televiziyalara nəzarətin gücləndirilməsini vacib sayardım. Yerli televiziyalarda məktəb yaşlı, həddi-buluğa çatmamış uşaqları ekran başına kilidləyəcək maraqlı verilişlər, viktorinalar, cizgi filmləri olmalıdır. Dövlət, özəl təşkilatlar uşaqların sağlam tərbiyəsi üçün telekanallarına bu işə görə ayrıca diqqət göstərməlidir. Uşaqların internetdən istifadəsi böyüklərin nəzarəti altında olsa yaxşı olar. Bu işdə məktəb-valideyn əməkdaşlığı çox vacibdir”.
"Milli.az” saytının baş redaktoru Anar İmanov da "Şərq”ə bəyan edib ki, uşaqların faydalı informasiya ilə təmin olunması çox mühüm məsələdir:
"Əminən ki, uşaqlarımızın çirkli, zərərli informasiyadan qorunması mümkündür. Milli Məclisin iclasında deputatlar Əflatun Amaşov və Qənirə Paşayeva da xüsusilə vurğuladı ki, məktəblərdə uşaqlar maarifləndirilməli, onlara zərərli informasiyalardan qorunmağın yolları öyrədilməlidir. Lakin burada valideynlər də uşaqları ilə yaxından maraqlanmalı, onları zərərli informasiyalardan uzaq tutmalıdır. Hamımız qəbul edirik ki, uşaqlar gələcəyimizdir. Hesab edirəm, biz uşaqlarımızı zərərli informasiyalardan nə qədər çox qorusaq, bir o qədər də yaxşıdır. Məsələn, uşaqlar üçün internet yalnız və yalnız təhlükəsiz olmalıdır. İnternetdə uşaqlar üçün kifayət qədər məlumatlar var, amma zərərli informasiyalar da mövcuddur. Bir şey yaxşıdır ki, internetdə maarifləndirici məlumatları axtaranda, məsələn, "youtube”da ancaq əlaqəli videolar çıxır, sırf maarifləndirici xarakteri daşıyır. Təhlükəsiz internet yaradılması üçün bundan istifadə etmək olar. Razıyam ki, dünyada bununla bağlı effektli praktika mövcud deyil. Amma biz yolumuzdan dönməməliyik və lazım olarsa, ilkə imza atmalıyıq. Məsələn, Azərbaycanda əhaliyə böyük kömək olan ASAN xidmət qurulub və bu xidmətdən başqa ölkələr də yaratmaq istəyirlər. Biz yaradaq, dünya isə istifadə etsin”.
İsmayıl