Virtual testlər insanları bədbindəşdirir

“Ümumi statistikaya baxanda intihar edən insanların bir qismi depressiyada olanlardır”


Feysbuk sosial şəbəkəsi intihara meylli istifadəçiləri müəyyən etmək üçün süni intellektdən istifadə edəcək. Süni intellektin istifadəçilərin statuslarını və həmin statuslara yazılan kommentləri analiz edəcəyi bildirilir.

İntihara meylli şəxs müəyyən olunduqdan sonra onun dosyesi araşdırmaçı qrupa göndəriləcək. İlk mərhələdə ABŞ-dakı bir sıra psixoloji dəstək təşkilatları ilə əməkdaşlıq edəcək. "Facebook” komandası bu addımlar hesabına intihar edən insanların sayının azalmasına və onlara öncədən yardım edilməsinə çalışır.

"Multimedia” İnformasiya Sistemləri Texnologiyaları Mərkəzinin direktoru, Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz məsələdə daha çox psixoloji aspektlərin əsas rol oynadığını bildirib: 

"Əlaqədar hallarla bağlı müəyyən araşdırmalar, analizlər ola bilər. Bu dəqiqə verilənləri, yəni məlumatları analiz edib faydalı bir informasiyaları üzə çıxarıb onu istifadə olunacaq səviyyəyə gətirən proqramlar var. Buna süni intellekt deyirik. Hazırda nəhəng informasiyalar mövcuddur, lakin onların içərisindən lazımlı və faydalı olanları çıxarmaq problemi var. İndi bununla bağlı müəyyən addımlar atılmaqdadır”.

Amerikadan keçərli olan analizin Azərbaycanda tətbiqi zamanı onun ölkəmizin mühitinə uyğunlaşdırılmalı olduğunu deyən psixoloq Elnur Rüstəmov intiharların baş vermə səbəblərindən birinin məhz sosial şəbəkələr olduğunu qeyd edib. Psixoloqun sözlərinə görə, sosial şəbəkələr dünyada ən çox qazanc gətirən biznes strukturudur. Buna görə də feysbuk üzərində işləyənlər çalışırlar ki, insanların sosial şəbəkəyə marağı azalmasın və onlar virtual aləmdə daha çox vaxt keçirib daha çox maddiyyat sərf etsinlər: 

"Ümumi statistikaya baxanda intihar edən insanların bir qismi depressiyada olanlardır. Ola bilər ki, bu analizlərin özü depressiyaların müəyyən edilməsi ilə bağlı olsun və içində intiharla bağlı suallar olsun. Beləliklə də, həmin suallardan müəyyən nəticə çıxarsınlar. Məsələ burasındadır ki, hər bir test formalaşdırılarkən o həmin mühitə uyğunlaşdırılır. Buna da korrellasiya prinsipi deyilir. İnsanların istər depressiyaya və stressə düşmək, istərsə də digər psixoloji narahatçılıqlara düçar olma səbəbi ölkədən ölkəyə fərqlidir. Burda həm coğrafi, həm milli adət-ənənə, həm də dini faktorlar böyük rol oyanyır. Yəni, bunlar hamısı nəzərə alınmalıdır. Test ola bilər ki, Amerikan reallığı üçün keçərli olsun. Uyğunlaşdırılmadığına görə isə Azərbaycan reallığı üçün keçərli olmasın. Tutaq ki, mənim əhvalım çox yaxşıdır və testi elədim. Testin nəticəsində isə çıxdı ki, mən intihar edəcəm. Yaxşı, bəs bu testin vurmuş olduğu psixoloji zərbə necə olacaq? Bu cür məsələlərdə çox diqqətli olmaq lazımdır”.

Psixoloq, həmçinin bildirib ki, bu gün sosial şəbəkə üzərindən müəyyən testlər təqdim olunur. Hansı ki, bu testlər bəzi insanların psixologiyasına müəyyən təsirlər göstərə bilər: 

"Mən nə vaxt öləcəm?”, "kimə oxşayıram?”, "5 ildən sonra gələcəyim necə olacaq?”. Bu kimi testlərin hamısı insanların diqqətini sosial şəbəkədə cəmləşdirmək, onların sosial şəbəkədə əylənməsinə şərait yaratmağa yönəlmiş bir addımdı. Çünki, virtual aləm idarəçiləri sosial şəbəkələrə marağın azalmasını istəmirlər. Onlar bizdən çox özlərini düşünürlər.

İnsanlar əgər depressiyadadırlarsa, depressiya ilə bağlı testləri tapsınlar. Korrellasiya olunmuş testlər Azərbaycanın da internet portallarında var. Səhiyyə testlərimiz var, o testlərdən keçsinlər, durumu haqqında məlumat alsın və tədbirlər görsünlər. Yəni, təqdim edilən analizlərin intiharların sayını azaltması kimi sözlər bir az populist fikirlərdir. Bu gün intiharların baş vermə səbəblərindən biri elə həmin sosial şəbəkələrdir. Adam nə qədər informasiya alar, nə qədər insanların diqqətini yayındırarlar? Əvvəlcə bu barədə fikirləşsinlər”.

Yeganə Bayramova