Viruslar artıb, xəstələrə işdən məzuniyyət verilməlidir

Digər vətəndaşların viruslardan qorunmasının ən yaxşı yolu budur
Əhalinin kütləvi toplaşdığı yerlərdə, məktəblərdə, uşaq bağçalarında, ali təhsil müəssisələrində dezinfeksiya işləri aparmaq lazımdır


Səhiyyə naziri qrip və kəskin respirator xəstəliklərə qarşı profilaktik tədbirlərin gücləndirilməsi məqsədilə əmr imzalayıb. Demək olar ki, hər il payız-qış mövsümündə nazir analoji əmr imzalayır. Bununla da adıçəkilən xəstəliklərə qarşı profilaktik tədbirlərin aparılmasının vacibliyi önə çəkilir. Lakin təəssüf ki, bu əmrlər qripə yoluxmaların qarşısını almır. Bəlkə də ona görə ki, profilaktik tədbirlər lazımi səviyyədə həyata keçirilmir.

Adi bir misal; tibb mütəxəssisləri daim xəbərdarlıq edir ki, qripə, ya da sadəcə, kəskin respirator virus infeksiyası - yəni, yuxarı tənəffüs yollarının iltihabı, hətta adi soyuqdəymə keçirən insanlar ev şəraitində müalicə olunmalı, kütləvi toplaşma yerlərindən kənar gəzməlidirlər. Xüsusən, kiçik yaşlı uşaqlar və məktəblilər xəstələndikdə bağçaya, məktəbə getməməlidir. Amma məhz uşaqların, şagirdlərin daha tez-tez xəstələndiyini görürük. Valideynlər isə "uşaq məktəbdə yoluxub. Siniflərində neçə uşaq xəstədir...” deyə gileylənirlər. Bəs necə olur ki, xəstələnmiş uşaq məktəbə gətirilir? Sinif müəllimi, məktəb rəhbərliyi, məktəbin həkimi (əgər varsa -red) niyə buna icazə verir?

Nəzərə alsaq ki, bu payız gözlənildiyindən soyuq gəlib, xəstələnənlərin sayında artım olacağını da gözləməyinə dəyər. Həm də Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Afaq Əliyeva KİV-ə açıqlamasında ölkə ərazisində kəskin respirator virus infeksiyalarının qeydə alındığını artıq bildirib. Doğrudur, A.Əliyeva xəstəliyin qeydiyyatının ötənilki səviyyədə olduğunu, artım müşahidə edilmədiyini vurğulayıb. Lakin bizcə, bu məlumatın özü, hər kəsi səhhətinə qarşı daha diqqətli olmağa sövq etməlidir.

Azərbaycan Dövlət Tibb Universitetinin professoru, tibb elmləri doktoru Adil Qeybulla "Şərq”ə açıqlamasında bildirdi ki, hazırda əhali arasında ən çox yayılan yuxarı tənəffüs yollarının xəstəliyidir ki, bu da əsasən mövsüm dəyişikliyi ilə bağlıdır:

- Mövsüm dəyişikliyi zamanı belə hallar təbiidir. Havaların dəyişməsi, temperaturun enməsi insanların səhhətində bir sıra mənfi halların yaranmasına səbəb olur. Biz həkimlər mövsüm dəyişikliklərində əhalini ehtiyatlı olmağa, səhhətlərinə biganə qalmamağa çağırırıq. Mövsüm dəyişikliyi və havaların soyuması ilə əlaqədar qrip mənşəli virusların yayılma ehtimalı da artır. Xüsusilə də adenovirus, qrip və paraqrip kimi infeksion xəstəliklər. Odur ki, əhali diqqətli olmalıdır.

A.Qeybulla bildirdi ki, çox zaman insanlar qriplə yuxarı tənəffüs yollarının iltihabı xəstəliyini qarışdırırlar:

- Ümumiyyətlə, elə bir şəxs tapmaq çətindir ki, payız-qış aylarında yuxarı tənəffüs yollarının infeksiyasına bir dəfə də olsun yoluxmasın. Yuxarı tənəffüs yollarının 20-yə yaxın infeksiyası var ki, biz bunların hamısını qrip adı altında ümumiləşdiririk. Virusların təhlükəliliyi onların daim öz formalarını dəyişməsi ilə bağlıdır. Ona görə də, vəziyyətdən asılı olaraq hər il qripə qarşı müəyyən profilaktik tədbirlər görülür. İlkin olaraq, qabaqlayıcı tədbirlərdən başlamaq lazımdır. Yəni kütləvi yerlərdə xəstə insanlarla təmasların azalması, onların ev şəraitində yataq rejiminə keçirilməsi və s. kimi tədbirlər görülür. Bilirsiz, iqlimin özündə müəyyən problemlər var. Digər tərəfdən də, havaların qeyri-sabit keçməsi, mütəmadi olaraq havanın temperaturunun qalxıb-düşməsi virusların yayılmasına səbəb olur. Viruslardan qorunmaq üçün yaxşı olar ki, vətəndaşlar ictimai nəqliyyatda, müxtəlif ticarət mərkəzlərində, məktəblərdə, müəssisələrdə xəstə adamlarla təmasları azaltsın, xəstə adamlara sağalana qədər işdən məzuniyyət vermək, onları evə göndərmək və ev şəraitində müalicə olunmalarını təmin etmək lazımdır. Virusla mübarizə aparmaq onsuz da mümkün deyil. İstənilən tədbir virusun törədə biləcəyi fəsadların qarşısını almağa yönəlir. Bunun üçün də bir sıra vacib şərtlər var ki, onlardan ən əsası karantin elan olunması, əhalinin kütləvi toplaşdığı yerlərdə, məktəblərdə, uşaq bağçalarında, ali təhsil müəssisələrində dezinfeksiya işlərinin aparılmasıdır.

A.Qeybulla havalar soyuduqca xəstəliyə yoluxma ehtimallarının da artacağını dedi:

- İnsanlar da payız-qış aylarında viruslara daha çox və daha tez yoluxur. Bu da immunsistemin zəifliyi ilə əlaqəlidir. Zəif orqanizm viruslara daha tez yoluxur. İnsan xəstələnibsə, deməli, orqanizmi zəifləyib. İlk növbədə orqanizmin gücünü bərpa etmək lazımdır. Bunun üçün də orqanizmin müdafiə qabiliyyətini gücləndirən, vitaminlərlə zəngin qidalar qəbul edilməlidir, insan istirahətə çox vaxt ayırmalıdır ki, orqanizm itirilmiş enerjisini bərpa etsin. Qripə yoluxanda daha çox maye qəbul edilməlidir. Əgər hərarət varsa, hərarətsalıcı maddələrdən və antibiotik preparatlardan istifadə edilməlidir. Sanitar-gigiyenik qaydalara riayət etmək, kütləvi yerlərdə, nəqliyyatda, əhalinin sıx olduğu yerlərdə qoruyucu tibbi maskalar taxmaq məsləhətdir.

A.Qeybulla bildirdi ki, hava-damcı yoluyla keçən infeksiyalar üçün əhalinin kütləvi toplaşdığı yerlər "ideal” şəraitdir.

Uşaqlara xüsusi diqqət olmalıdır və onlar dərhal yataq rejiminə keçirilməlidir. Virus infeksiyasına yolxumuş insan adi soyuqdəymə keçirmiş adamdan gec sağalır. Əgər başağrısı, boğaz ağrısı, öskürək və yüksək temperatur gec keçirsə, deməli, bu adi soyuqdəymə deyil. Belə halda artıq önləyici tədbirlər deyil, xəstəliyin ağırlaşmaması üçün lazımi tədbirlər görülməlidir. Bunun üçün də mütləq həkimə müraciət etmək, gərəkən müalicəni almaq lazımdır.

Məlahət Rzayeva