""Xalqın şairi"nin "qalibi" də, "məğlubu"da bəllidir " - Taleh Mansurdan müsahibə
Gənc və istedadlı şair, Azərbaycan Yazıçılar Birliyinin üzvü, prezident təqaüdçüsü Taleh Mansurla ilk tanışlığım "Facebook"dan başlanıb. Paylaşdığı şeir və hekayələri diqqətimi çəkdiyi üçün marağımı boğa bilməyib onun fəaliyyətini bir az yaxından izlədim. Daha sonra sorağı "Xalqın şairi" müsabiqəsindən gəldi. Dostlardan biri zəng edib söylədi ki, o gün Qazaxın ikinci Səməd Vurğunu deyib təriflədiyin gənc efirdə bir neçə maraqlı şeir səsləndirdi və finala keçdi. Bu şad xəbərdən sonra şairlə daha yaxından tanış olmaq fikrinə düşdüm. Və bir gün redaksiyada yazı -pozu ilə məşğul idim ki, baş redaktor Akif Aşırlı dəhlizdən məni çağırdı:
-Ayyət , Ayyət...!
- Bu oğlanımı deyirdin? - Redaksiyamıza təşrif buyuran Taleh Mansuru göstərib soruşur
-Bəli - deyib şairlə hal-əhval tuturam.
-Daha sonra hamımız oturub söhbətləşirik, şairin öz dilindən bir neçə şeir dinləyirik və deyəsən Akif bəy də çox bəyəndi.
- Danışın, vaxt müəyyənləşdirin, gənc şairdən yaxşı bir müsahibə götürün.
- Mən hazır, şair də hazırdırsa, elə indicə başlaya bilərik... - Dilləndim
Şair isə həmin gün yorğun olduğunu söyləyib, müsahibənin növbəti günə ertələdi. Növbəti gün isə ya vəlvələdən, ya da zəlzələdən söhbətimiz alınmadı. Bir gün mənim işim çox oldu, bir gün onun işləri dolaşığa düşdü, növbəti gün isə Dünya Azərbaycanlılarının Həmrəylik günü və Yeni İl bayramı bizi yaxaladı. Danışıb müsahibəni bayramdan sonraya saxladıq. Nəhayət dünən paytaxtda sakit və mədəni kafelərdən birində görüşdük. Hələ oturmamış ilk sualımı verdim
-Necəsən, şair, nə yazırsan ?
-Başlamışıq musahibəyə ? (gülür)
-Mən başlamışam, səni bilmirəm- deyirəm və gülüşürük.
- Əslində bu sual mənə uşaqlığın son gecəsi filmini xatırlatdı, o filmdə arxetektor obrazını yaradan Yusif Vəliyevdən tikintini təftiş edən yoxlama soruşur ki, nə içirsən ? O da cavab verir ki, sovet sənayemiz nə istehsal edirsə, onu. İndi onun sözü olmasın beynim nə istehsal eləyir onu yazıram
-Beynin nə istehsal edir ki ? Beynini hansı məsələlər narahat edir ?
- Məni narahat eləyən şeylər adamlara gülməli gələr. Misal üçün məni adamlardan fərqli olaraq sevinc deyil, kədər xoşbəxt edir.
- Belə çıxır ki, səni yazdıran da elə kədərdir ?
-Elə deməzdim.
-Necə deyərdin, şair ?
-Belə deyim da, bir fikir, bir mövzu tapanda uşaq kimi sevinirəm. Belə anlarda mənə dəli kimi baxmasalar, tənginəfəs olana qədər atılıb düşə bilərəm. Obrazlı desək mənə uşaq sevinci ixtiyar bir qocanın kədərini yazdırır. Bilmirəm anlada bildimmmi ? (gülür)
-Sənə şair deyəndə narahat olmursan ki ? Bu sözün məsuliyyəti ağırdır ha ? bu məsuliyyəti üzərinə götürə bilirsənmi ?
- Narahat oluram da sözdümü? Bir dəfə güzgüdə özümə baxıb utana-utana "Şair” dedim. Xəcalət çəkdim, düz bir aya güzgüyə baxa bilmədim.
-Söhbətlərimizin birində qeyd etmişdin ki, yazı masan yoxdur ? Sirr deyilsə, səbəbini açıqlaya bilərsənmi?
- Bilmirəm istedadımın azlığından ya çoxluğundandı, mən hamı kimi masaya çaxılıb yaza bilmirəm.
- Şeirlərini necə yazırsan? Məsələn elə şair var, deyir içib yazıram, eləsi də var yuxuda yazdığını bildirir...
Yazdıqlarımın hamısını gəzə-gəzə Məcnun səhrada Leylisinin axtaran kimi yazıram.
- Gecə yazırsan, yoxsa gündüz ?
- Gəzə- gəzə yazdığımı nəzərə alsaq yəqin ki gündüzlər yazıram. Gecələr gözüm həddən artıq zəif görür. Buna baxmayaraq eynək taxmıram. Bullanlıq da olsa, öz gözlərimlə görməyə çalışıram. Nə üzük taxa bilirəm, nə də eynək. Üzüyü evlənəndən sonra məcbur olub taxmalı oldum. Bilmirəm yəqin gözlərim bərbad görməyə başlayanda məcbur olub eynək də taxacağam. Bəlkə də gözümün zəif olması Allahın mənə lütfüdür. Hər şeyi olduğu kimi deyil, görmək istədiyim kimi görüm deyə gözlərim zəifləyib. (Gülür, amma bu özünə təsəlli xarakterli gülüşdür )
Ümumiyyətlə, yazmağa nə vaxtdan başlamısan ? İlk şeirin nə haqda olub?
-İlk şeirimi ömrümün nəhs ilində 13yaşımda yazmışam. Adı "Həyat" olub. Odu-budu ölümdən yazıram.
- Yəqin ya Vaqif Səmədoğlu kimi ədəbiyyat tarixinə "Ölüm şairi" kimi düşmək istəyirsən, ya da, səni belə pessimist edən hansısa amillər var ?
- Bu, o qədər çətin sualdır ki, cavab versəm, o qədər də maraqlı olmayacaq. Qoy sualın digər tərəfini, gücüm çatan yerinə, cavab verim. Qazaxlılar və Səməd Vurğunun ruhu məndən inciməsin. Mən Vaqif Səmədoğlunu bütün şairlərdən çox sevirəm. Həmişə o adamla tanış olmaq arzusunda olmuşam. Həyat elə gətirdi k, Vaqif Səmədoğlu ilə o dünyadan köçən gün tanış oldum. Qəribədir deyilmi? Bilirsən necə?
- Xeyr, bilmirəm, necə ? - Şair məni təccübləndirdi
- Şair dünyadan köçən gün gecəylə Qazaxdan Bakıya gəlmişdim. Vida mərasimi Dram teatrının binasında keçiriləcəkdi. Hələ mərasimin başlamasına xeyli vaxt qalırdı. Səhnə bağlı idi, hələ kulisdə cənazənin qoyulması üçün hazırlıq getdiyini düşünürdüm. Birdən yanımda orta yaşlı bir kişi peyda oldu. Məni fəhlə hesab edib bir əklil verdi ki, apar səhnə arxasına qoy. Heç nə demədim, əklili götürüb səhnənin arxasına keçdim. Qaranlıq idi, bir ins-cins gözə dəymirdi. Kor kimi yeriyirdim. Birdən şairin cənazəsini qarşımda gördüm. Əslində qorxmalı idim, amma əksinə, sevindim. Sevdiyim şairin cənazəsini görüb sevindim. Əlimi üzünə yaşıl parça çəkilmiş şairin nəşinə toxundurdum. Bir neçə saniyə beləcə qaldım. Bu bir neçə saniyəyə sevdiyim şairlə həm tanış oldum, həm də vidalaşdım.
- Tüküm ürpəndi, həqiqətən qəribə tanışlıq olub..
- Evli olduğunu söylədin. Övladın varmı ?
- Hələ yox. Cəmi bir aydır evliyəm.
- Yoldaşınız da qələm adamıdır ?
- Rəssam dizaynerdir. Necə deyərlər o da həssas adamdı, mən də.
- İnşallah övlad sevinci dadasınız. Şair, gələcəkdə övladlarının şair və ya yazıçı olmasını istəyərsənmi ?
-Çox sağ ol... Allah qismət eləsə, əminəm ki istəyimizdən asılı olmayarq övladlarımız ikimizdən birimizin yolunu seçəcəklər. Ancaq tam səmimi deyirəm, kaş seçməyələr. Bir də ki, ailədə hamı peyğəmbər olsa belə qəbuledilməzdir. Bu da özlüyündə monotonluq sayılır axı !
- Kiminin çörəyi daşdan çıxır, kiminin ki, oğurluqdan, satqınlıqdan, nadürüstülükdən.. . Bizimki isə sözdən çıxır...
- Məncə, yer üzündə ana südündən sonra ən halal şey elə sözdən çıxan çörəkdir. (Qaşlarını çatıb, uzağa boylanır və üz-gözündə kədərin ora-bura şütüdüyünü aydınca sezmək olur)
- "Yenə göylərdədir şair xəyalın" - Məşhur misranı xatırladıram
- Bunu yaxşı dedin, ancaq nə danım, hündürlükdən baxmaq mənim üçün kabusdur, fobiyam var. Əslində şair belə olmalıdır da, özü qalxa bilmədiyi göylərə xəyalları qalxmalı, lazım gələndə öz xəyallarının mücahidi olmağı da bacarmalıdır. Yeri gələndə nəinki xəyallarının yanına qalxmağı, hətta xəyyalarından özünü atmağı da bacarmalıdır.
-Sənin üçün "Söz" nədir, sözün tərifini necə verərdin?
- Başqalarını bilmirəm, mənə görə sözə tərif vermək bu dünyadan oturub o biri dünyanın olduğunu təsvir etmək kimi bir şeydi. Yəni bu haqda nə desəm nisbidir, təqribidir, mütləq deyil.
- Şair, sözdən söz düşmüşkən bir yaxşı söz deyə bilərsən ?
-Ay Allah, doğrular düzsüz ölürlər
Ruhun badəsinə söz süz, ölürlər
Bütün doğulanlar sözsüz, ölürlər
Hər qazılan qəbrə bir söz basdırın
Damcı gələn, dəniz köçür dünayadan
Qəliz gəlir, qəliz köçür dünyadan
Sözlə insan əkiz köçür dünyadan
Hər qazılan qəbrə bir söz basdırın.
Bu, "Hər qazılan qəbrə bir söz basdırın” şeirimdən bir parçadır.
-Şair bizi xeyli duyğulandırır, "gözəl sözlərdir” – söyləyib söhbəti davam etdiririk.
-Feysbukda sözə ,ədəbiyyata, şeirə dəyər verən ölkə axtarışına çıxmışdın. Bu, ani bir situasiyadan yaranan aqressiv hiss idi, yoxsa doğrudan da ölkədən getmək istəyirsən? Həqiqətənmi Azərbaycanda sözə, yaxşı şeirə, ədəbiyyata dəyər verilmir ?
- Həmin statusa yazılan bir rəyə cavab olaraq da qeyd etdim ki, bu, minnət və ya öz məmləkətini, millətini bəyənməzlik deyil. Mən ölkəmi də, millətimi də dəlicəsinə sevirəm. Bu, əslində bir növ özünə üsyandı. Mən həmişə deyirəm ki, hazırda bizim ədəbi mühitdə at oynadan gənclərin əksəriyyəti "yanacağı" və qanacağı az olan adamlardı. Məni yandıran budu. Özümə görə demirəm bu ölkədə məndən də istedadlı gənclər var, hamısının istedadı şeir dəftərlərinə bükülüb qalıb. Bunu qəbul etmək olarmi ?
- Əlbəttə, yox. Bəs yaxşı necə olub ki, "yanacağı" və qanacağı az olanlar, ədəbi mühitə soxula biliblər, onları bu mühitə kim sırıyıb ?
- Dostoyevskinin "Cinayət və Cəza" romanında Marmeladov obrazı dolayısıyla müəllifin öz prototipidir. Marmeladov əyyaşdı, həyat yoldaşının corablarını satıb içkiyə verir. Bizimkilər də belə şeyləri oxuyub elə bilirlər ki, yataq otaqlarını, nəbilim naməhrəm məqamlarını oxucunun üzünə açmaq olar. Hüqo Hüqodur ki o boyda "Səfillər"də Kozetta ilə Mariusun toy gecəsini yataq otağının qapısına kimi təsvir edir. Yazir ki, burdan oyana gedə bilmərəm. Bilmirəm bəlkə cahiləm, amma mən bu kimi şeylərə ədəbiyyat deyə bilmərəm. Bir dəfə hamının tanıdığı, üzdə olan və hamının bəh-bəhlə istedadlıdır dediyi bir gənc yazara dedim ki, səninlə mənim fərqim odur ki, sən ağzına gələni yazib söyüş yiyəsi olmağı bacarırsan, mən isə yox. Belələri ədəbiyyatda özlərinə yer eləyən virusu xatırladırlar
- Bax, bu "yanacaq"sız və qanacaqsız saydıqlarının əksəriyyəti mənəvi , intellektual, fiziki boyları və çəkilərindən də yüksəkdə dayanan iddialarla çıxış edirlər. Məsələn dahi Səməd Vurğunu bəyənmirlər . Halbuki işlətdikləri sözlərin, alətlərin əksəriyyəti Səməd Vurğununkudur...
- Belələri şirin yuxu görən miskin adamları xatırladırlar. Bu adamları bu şirin yuxudan ayıltmaq da təhlükəlidir, ayıltmamaq da. Ayıltmasaq ədəbi terorçulardı, ayıltsaq ictimai terrorçular. Mənə elə gəlir ki, üzdə Səməd Vurğunu söyən bu adamlar gedib arxada o kişiyə "Yasin” oxutdururlar. Görün, Səməd Vurğun haram olsa belə neçəsinə çörək verir. Sağlığında adamlara halal çörək verən adamın ölüsünə söyməklə qarın doyduran adamların çörəyini ən yaxşı halda haram çörək adlandırmaq olar.
- Səməd Vurğuna qarşı bu aqressiya, qəzəb, paxıllıq hisis nədən doğur ?
- Bu kimi çirkin hisslər doğulmur, peyda olur. Doğulmaq məhfumunda ilahi məqamlar var.
- Təsəvvür elə ki, adam hazırda nazirlərdən birinin maliyyələşdirdiyi ədəbi dərgidə çalışır. Durub danışır ki, Səməd Vurğun Stalinə məddahlıq edib. Bilirik ki, həmin dönəmlər S.Vurğunun başı üstünü qara buludlar almışdı, sərt küləklər onun başı üzərindən çəkilmirdi. Çoxsaylı təhdidlərə məruz qalırdı. Bəlkə də özünü qorumaq üçün belə əsərlər, şeirlər yazmağa məcbur idi. Bəlkə də yox elə həqiqətən belə idi. Səməd Vurğuna məddah deyənlər isə XXI əsrdə nazirin saytında, yumşaq kresloda oturub, bir dənə olsun, xalqın, insanların problemindən yazmır, danışanda da Səməd Vurğunu xalq düşməni elan edir. Üstəgəl, həmin dönəmdə Süleyman Rüstəm və elə nakam şairimiz Mikayıl Müşfiq də Sovet quruluşuna, o quruluşun rəhbərliyinə tərifnamələr yazmışdı. Amma onlardan heç birinin adı çəkilmir...
- Bir dəfə Səməd Vurğunu tənqid eləyən bir ağsaqqaldan soruşdum ki, demokratik ölkədə yaşayırsan hansı cəsarətli əsəri qoymusan ortaya dedi ki, siyasi təmsillər yazmışam. Yəni vəziyyət belədi. Adam belə bir dövrdə yaşayır , amma yenə də cəsarətsizdir. Bu cür danışan adamlar unudurlar ki, Səməd Vurğun Sovet hökümətinin qılıncının arxası- qabağı kəsən dövrdə yaşamış şairdir.
- Bir vaxtlar az qala hər gün "Qazaxşina"nanı ortaya atırdılar. Guya o vaxt ədəbiyyat qazaxlıların kurasıyasında olduğu üçün heç kimə yazıb yaratma imkanı tanınmayıb. Birincisi, belə olmayıb, lap tutaq ki, də elə olub. Bəs indi hanı dünyaya səs salan yazılar, əsərlər ? İndi də "Qazaxşına”mı var?
- Belə düşünənlər bircə şeyi unutmasınlar ki, otuz bir ildi Azərbaycan Yazıçılar Birliyinə rəhbərlik edən yazıçı Anara bu postu İsmayıl Şıxlı təhvil verib. Bildiyim qədəri ilə Anar müəllim əslən Göyçaydandı. Heç əslən Qazaxdan olan Seyfulla Şamilov, Səməd Vurğun, Mehdi Hüseyn və İsmayıl Şıxlı birlikdə otuz bir il Azərbaycan Yazıçılar Birliyinə rəhbərlik etməyib. Nəyi qoyub, nəyi danışırlar? Bu gün Azərbaycan Yazıçılar Birliyində çalışan heç qazaxlı xadimə də yoxdur. Ümumiyyətlə, qazaxlıların ən böyük günahı istedadlı olmaqlarıdı, başqa heç nə!
-AYB-nin üzvü və prezident təqaüdçüsüsən. AYB qalsın, yoxsa ləğv olunsun?
-Qalsın. Bilirsən niyə? Həmişə demişəm, indi də deyirəm, mənim anam AYB -yə üzvlük vəsiqəmi zinət əşyaları ilə birgə saxlayır. Mənim umrumda deyil, AYB ləğv edilsə, kimlər vəzifəsini, işini, ictimai statusunu itirəcək. Yetərki anamın ümidləri, xəyalları iflasa uğramasın.
- Bu, məsələnin mənəvi tərəfidir. AYB Azərbaycan ədəbi mühiti üçün lazımlı qurumdurmu?
- Mənə çox maraqlıdır, niyə heç vaxt Rəssamlar ittifaqının və ya Bəstəkarlar İttifaqının ləğvi məsələsi gündəmə çıxmayıb? Elə həmişə AYB-nin ləğvindən danışılır. Niyə ləğv edək ki? Guya AYB ləğv olunsa, hamımız ağ günəmi çıxacağıq? Yenə soyuqda üşüyəndə, istidə qovrulanda daldalanmağa yerimiz var. Zarafat bir yana rəhbərlikdə kimin olmasından asılı olmayaraq AYB-nin ləğvinin əlehinəyəm. AYB ədəbiyyatımızın kor bağırsağı deyil ki, kəsib atasan. Ədəbiyyatımızda o qədər kəsib atılası kor bağırsağlarımız varki.
- Eşitdiyimə görə, AYB -nin Qazax filailının rəhbəri Barat Vüsalla aranızda qalmaqal yaşanıb. Bu, doğrudurmu ?
-Barat Vüsalla aramızda qalmaqal yaşansa da, uzun müddət bundan çoxlarının xəbəri olmadı. Elə oldu ki, bir neçə ay öncə Səməd Vurğuna ənənəvi hücumlar başlananda üzə çıxdı bu məsələ. Həmin günlərdə bir jurnalist də xanim belə bir sual ünvanlamışdı mənə. Uzun -uzadı açıqlama vermədim. Dedim, bircə onu deyə bilərəm ki, Barat müəllimlə aramızda yaşananları guya müdafiyəsinə qalxdığı Səməd Vurğun eşitsəydi, buna görə ona yağlı bir sillə çəkərdi. Xanım jurnalist da bildirdi ki, yox, mən bunu yaza bilmərəm. Mən də bundan artıq heç nə deyə bilməyəcəyimi bildirdim. Fikir verin, o adamdan üz döndərən adamların hamısı istedadlı adamlardan. Gerisini özün düşün.
-"Xalqın şairi"ndən danışaq. Bu müsabiqədə ilk olaraq hansı şeirini təqdim etdin ?
- "DAŞIMIŞAM”-ı deyib, həmin şeirdən iki bənd səsləndirir.
İsinmişəm qışa baxıb,
Hey dolmuşam boşa baxıb.
Göz altından qaşa baxıb,
Göz üstə qaş daşımışam.
Qaranlığın başdı şamı,
Başım dəyən "baş daşımı"?
Kürəyimdə baş daşımı,
Çiynimdə baş daşımışam.
-Bildiyimə görə, "Xalqın şairi"nin yarımfinalına qədər gəlib çıxmısan...
-Yarımfinal mərhələsini belə adlamışam. Artıq final mərhələsindəyəm. Deyilənə görə, final mərhələsi Novruz bayramı ərəfəsində keçiriləcək. "Yaz gələr yonca bitər” misalı. Birinci turu uğurla keçməyimə rəğmən, ikinci turda mübarizəmi dayandırmaq istəyirdim, ancaq davam elədim. Bundan öncə bir müsahibəmdə də demişdim, indi də deyirəm, mən o müsabiqəyə anamın arzusuyla qatılmışdım. Finala çıxmaqla anamın arzusunu artıqlamasıyla yerinə yetirdim. Finalda iştirak etməsəm də olar. Nəinki mən artıq anam da başa düşüb ki, bu müsabiqənin bəri başdan "qalibi" də məlumdu, "məğlubu" da. Hələ üstəlik bunun oyun olduğunu bəri başdan anlayan diribaşları da. Hesab edirəm ki, bu müsabiqə istedadlı gənclərin təbliğinə deyil, gözdən salınmasına xidmət edir.
-Sirr deyilsə, qalibin kim olacağını deyə bilərsən ?
-Sirr niyə? Hamıya məlumdur ki, bu oyunun, müsabiqənin "qalibi” Şəhriyar Del Gerani olacaq. Bu müsabiqə haqda çox danışmayaq. Niyəsə mənə elə gəlir ki, bu oyun müsabiqəni şərh etmək də, təbliğ etmək də "düşmən dəyirmanına su tökmək” kimi bir şeydi. Lap özümü vətən xaini kimi hiss edirəm. (Əsəbləşir)
- Adətən ruh adamları spirtli içki və tütün məmulatları ilə armaq olurlar, amma bayaqdan fikir verirəm heç siqaret də yandırmadın ...
-Çəkən olsaydım deyəcəkdim ki, təəssüfki çəkirəm. Elə çəkmədiyimə də görə də "Təəssüf ki, çəkmirəm” deyirəm. Bax, siqaret belə qəliz məsələdi.
-Şair, söz düşmüşkən ötən il intihar edərək haqq dünyasına qovuşan dəyərli gənc yazıçımız Mövlüd Mövlud haqqında da danışmaq istəyirəm. Onun haqqında danışmasaq, müsahibə yarımçıq alınar, məncə. Müsahibələrinin birində bildirmisən ki, darıxanda gedib Mövludun qəbirini ziyarət edirsən və onun məzarı üstündə yeni şeirlərindən bir neçəsini səsləndirirsən. Şair, mənə elə gəlir ki, səndə nakam yazıçımızla bağlı çoxsaylı xatirələr var. Nə qədər danışsan dinləməyə və yazmağa hazıram. Bizə o xatirələrdən danışa bilərsənmi?
- Çətin sualdı, nəzərə al ki, sualı Mövludu qəbrdə ən son görən iki adamdan birinə verirsən. Bəxtiyar Hidayətlə çiyin-çiyinə verib ağlamağımız qiyamətdə belə yadımdan çıxmaz. Təsəvvür edirsənmi, Bəxtiyar Mövludu doğma balası kimi bağrına basıb ağlayır, çöldə Mövludun sevdiyi Qazağa sevdiyi yağış yağır, Mövludun nəşini ağ saqqalı nurani bir qoca yuyur. Hərdən fikirləşirəm ki, görəsən həmin gün qurban olduğum yüz ilin kədərini necə sığışdırmışdı bir günə?. Heç yadımdan çıxmır, qoca əlini Mövludun sinəsinə çəkəndə hönkürdü, bircə dəfə "Niyə cavan canına qıydın?!” dedi. O an mənə elə gəldi ki, Mövludun ürəyinin istisi, qocanın qabarlı əllərini yandırdı. Yəqin ki, ölüm belə Mövludun ürəyini dayandıra bilməmişdi. Və biz Mövludu ürəyi döyünə-döyünə dəfn edirdik. Danışdıqlarımı sualdan qaçmaq kimi qəbul etmə, Mövludun dəfnində gördüklərim onunla bağlı bütün xatirələrin qarşısına sədd çəkib. Belə...
-Şair, hansı müəllifləri oxuyursan?
- Son zamanlar şeirdən çox nəsr yazıram. Dediyim odur ki, mənə bir şair deyəndə bir də yazıçı demək olar. Təbii ki, özümü mükəmməl şair və ya yazıçı hesab eləmirəm. Mükəmməl oxucu sayıram özümü. Tam məsuliyyətlə deyə bilərəm ki, mənim oxumaq istedadım yazmaq istedadımdan daha güclüdü. Hazırda Folknerin əsərlərini oxuyuram. Bundan öncə Çingiz Aytmatovun əsərlərini oxuyub bitirdim. Daha sonra Əkrəm Əylislinin əsərlərini oxumağı planlaşdırıram. Sonra da Yesenin şeirlərini oxuyacam. Dediyim odur ki, oxuyacağim kitablarin siyahısını əvvəlcədən tuturam. İki şeydə məsuliyyətliyəm, mütaliə və ailədə. Basqa şeylərdə təsəvvür eləmədiyiniz qədər məsuliyyətsizəm. Heç yazmaq da belə o qədər məsuliyyətli deyiləm. Yazdıqlarımı az-çox sevilməsini isə Allahin lütfü kimi də qiymətləndirmək olar .
P.S. Söhbət o qədər şirin və maraqlı oldu ki, şəkil çəkdirmək tamamilə yaddan çıxdı.
Söhbətləşdi: Ayyət ƏHMƏD