Xaricdə dini təhsil almış vətənpərvər, savadlı kadrlar var

“Qanuna edilən dəyişikliklər məhz bu cür tələbələrin intellektindən yararlanmaq üçün əlavə fürsətlər yaradır”



Bu günlərdə "Dini etiqad azadlığı haqqında” qanuna təklif olunan dəyişikliklər Milli Məclisdə müzakirəyə çıxarılıb. Layihə barədə İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov məlumat verib.

Layihəyə əsasən, Qafqaz Müsəlmanları İdarəsi xaricdə dini təhsil almış Azərbaycan vətəndaşlarını müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmaqla islam dininə aid ayin və mərasimlər aparmasına icazə verə bilər. Bununla QMİ-yə yeni səlahiyyət verilir.

Dəyişiklikdə dini mərkəz tərəfindən dəvət edilmiş din xadimləri istisna olmaqla, əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin dini təbliğat aparmasının qadağan edilməsi nəzərdə tutulub. Bununla indiyə qədər olan tam qadağa məhdudiyyəti yumşaldılır.

Bundan başqa, vətəndaşların təhsil almaq üçün xarici ölkələrin dini tədris müəssisələrinə göndərilməsi, dini tədris müəssisələri tələbələrinin və müəllimlərinin, habelə din xadimlərinin və mütəxəssislərinin mübadiləsi müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmaqla dini mərkəz tərəfindən həyata keçirilməsi də layihədə əks olunub. Layihə səsə qoyularaq qəbul edilib.

Bəs görəsən, din xadimləri qanundakı dəyişikliklər barədə hansı fikirdədilər? "Dini etiqad azadlığı haqqında” qanuna edilmiş dəyişikliklərlə bağlı "Şərq”ə açıqlama verən ilahiyyatçı hacı Şahin Həsənli qəbul olunmuş yeni layihəni müsbət qiymətləndirdiyini deyib. Onun sözlərinə görə, xaricdə təhsil alan tələbələrin bir qismi bəzən xarici dövlətlərin ideologiyasının təsirinə düşür və inadla həmin dövlətlərin siyasətini həyata keçirməyə çalışırlar.

Ş.Həsənli həmçinin deyib ki, xarici ideologiyanın təsiri altına düşən tələbələr olsa da, xaricdə təhsil alan azərbaycanlı tələbələr arasında kifayət qədər vətənpərvər, savadlı, ziyalı kadrlar da var: "Qanuna edilən dəyişikliklər məhz bu cür tələbələrin intellektindən yararlanmaq üçün əlavə fürsətlər yaradır. Müvafiq qurumlar və QMİ-nin təqdimatı əsasında xaricdə təhsil almış tələbələr Azərbaycan məscidlərində fəaliyyət göstərə biləcək və dini ayinləri icra etmək imkanları qazanacaq. Bu onların savad və intellektindən yararlanmaq üçün bir fürsətdir. Bu məsələdə dövlət qurumlarının nəzarəti olacaq ki, kimlərsə qanundan sui-istifadə edib başqa məqsədlər üçün fəaliyyət göstərməsinlər”.

Yeganə Bayramova