Xarici dildə reklamların yerləşdirilməsi müsbətdir, amma...

Bu ona gətirib çıxartmamalıdır ki, istənilən şəxs Azərbaycan dilini kənara qoyub, rus, ingilis və digər dillərdə olan reklamları yerləşdirsin”


"Xarici dildə reklamların yerləşdirilməsinə ifrat dərəcədə yol verilməməlidir”.

Bunu Sherg.az-a Azərbaycanda xarici dildə reklamların yayımlanmasına icazə verilməsinə münasibət bildirərkən Demokratik Jurnalistlər Liqasının sədri Yadigar Məmmədli deyib. 

Onun sözlərinə görə, Azərbaycan dilinin təbliği məsələləri ilə əlaqədar Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) dilçilik institutu bu sahədə çox işlər görür, monitorinqlər aparırdı:

"Dilimizin qorunması ilə bağlı böyük işlər görülüb. Amma paytaxtda və paytaxtdan kənarda xarici dildə reklam lövhələrinin yerləşdirilməsi davam edirdi. Bu onunla əlaqədardır ki, brend firmaların, təsisatların dünyada da yazılışı necədirsə, elə saxlanılır. Məsələn, Türkiyənin özündə də türk dilinin qorunması üçün böyük işlər görünür amma brendlərin, mağazaların adlarının olduğu kimi saxlanması normal qəbul edilir. Buna görə, "Azərbaycan Respublikasında dövlət dili haqqında” qanuna belə dəyişiklik qəbul olunması müsbət haldır. Amma harada ki, xarici dildə reklamın yerləşdirilməsi vacibdir orada bu istifadə olunmalıdır. Məsələn rayonlarda, bölgələrdə bəzən görürük ki, reklamlar, plakatlar başqa dildə yazılır. Təbii ki, bu yolverilməzdir. Bu ona gətirib çıxartmamalıdır ki, istənilən şəxs Azərbaycan dilini kənara qoyub, rus, ingilis və digər dillərdə olan reklamları yerləşdirsin”.

Qeyd edək ki, "Azərbaycan Respublikasında dövlət dili haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişikliklər edilməsi barədə fərman imzalanıb. Dəyişikliyə görə, reklamverənin tələbinə əsasən reklam qurğularında yerləşdirilən reklamın mətnində Azərbaycan Respublikasının dövlət dili ilə yanaşı digər dillərdən istifadə oluna bilər.

Aysel Aslan