Xəstə qadın televiziyaya baxmaq üçün “dekoder” ala bilmir




Bu günlərdə redaksiyamıza gələn müraciətlərdən biri diqqətimizi çəkdi. Vaxtilə uşaq bağçalarının birində uzun müddət müəllimə işləmiş Xədicə Quliyeva hazırda bir otaqlı mənzildə tənha yaşadığını və təqaüdçü olduğunu söyləyir. 

Xəstə olduğu üçün aldığı pulun bir hissəsini dərmanlara, digər hissəsini isə kommunal xərclərə ödəyir. Maddi durumunun yaxşı olmadığını deyən Xədicə xanım müraciətində həmçinin Rabitə Nazirliyi ilə bağlı maraqlı faktları da qeyd edib.

"41 il uşaq bağçasında müəllimə işləmişəm. Səhər 6 tamam olmamış qışın çovğun günlərində evimdən çıxıb uşaq bağçasına yollanırdım. Oradakı balalarımızı qəbul edim və valideynləri intizarda qalmasın deyə heç işimdən qalmırdım. Sağlamlığımı o balaların yolunda qoyub xəstə olmuşam. 4-cü mərtəbədə bir otaqlı kiçik mənzildə tənha yaşayıram. Qış fəslində mənzilim soyuq olduğu üçün elektrik enerjisindən və qazdan çox istifadə etdiyimə görə aldığım cüzi təqaüdlə onların haqqını ödəməli oluram. Özüm də xəstə olduğum üçün dərmanlara da pul verirəm. Bir sözlə, çox çətin vəziyyətdə yaşayıram”.

Yaxın zamanlarda ölkəmizdə analoq yayımdan rəqəmsal yayıma keçidlə əlaqədar olaraq "dekoder” adlanan xüsusi qurğuların əldə edilməsi gərəklidir. Tək başına yaşadığı üçün başını televiziya ilə qatdığını söyləyən Xədicə xanım qurğunu əldə edə bilmədiyini, Rabitə Nazirliyinə dəfələrlə müraciət etməsinə baxmayaraq ona əsaslı bir cavab verilmədiyini söyləyir: 

"Bildiyiniz kimi, son vaxtlar bir çətinlik yaradırlar, gərək rəqəmsal cihazı alım ki, televizor işləsin. Təzə televizor almağa da maddi imkanım çatmır. Rəqəmsal cihazın qiymətini poçt məntəqələrində görmüşdüm, 22 manat idi. Birdən-birə onun qiymətini 35 manata qaldırdılar. Bununla məni və mənim kimiləri çıxılmaz vəziyyətdə qoydular. 2016-cı ilin noyabr ayının əvvəllərində Rabitə Nazirliyinə müraciət ərizəsi yazdım. 35 manatlıq cihazı almağa gücüm çatmadığını dedim. Heç olmasa, 22 manatlıq cihazı ala bilmək üçün köməklik istədim. Nazirliyin telefon nömrəsini də götürdüm. Dedilər ki, 10 gündən sonra zəng et. Dedikləri vaxtda həmin nömrəyə zəng etdim. Bundan sonra onlar mənə müxtəlif nömrələr verdi ki, bu nömrəylə əlaqə saxla. Düz bir həftə nə qədər zəng etdim, amma dəqiq cavab ala bilmədim. Axırda bir qız əsəbi halda "ay bacı, bizdən nə istəyirsən?” deyib telefonu söndürdü.

Görün Rabitə Nazirliyi mənə kömək etmək əvəzinə, nə yazır - "get 35 manatlıq qurğunu al. Mən onlara yazmamışdım ki, "hansı rəqəmsal cihaz yaxşıdır. Hansını alım?”. Onlar isə belə cavab verirlər”.

Yeganə Bayramova