Natiq Cəfərli:"... O maşını istehsal edən zavodun uzunömürlü olması sual altında qalacaq. Çünki bütün detallar xaricdən gətirilir"
"Azərbaycanda maşın istehsalı ilə məşğul olan zavodun fəaliyyətə başlaması çox yaxşı təşəbbüsdür”
Bunu "Sherg.az”a Neftçalada Azərbaycanla İranın birlikdə ərsəyə gətirdiyi "Xəzər” adlı avtomobil zavodunun gələcək iqtisadi faydalarından danışarkən iqtisadçı-ekspert Natiq Cəfərli deyib.
Onun qənaətincə, Neftçalada açılan "Xəzər” avtomobil zavodu Azərbaycanda fəaliyyət göstərən ilk avtomobil zavodu deyil:
"Şamaxıda "AzSamand", Naxcıvanda "NAZ-Lifan” kimi avtomobil istehsal zavodları var. Amma onun hər ikisində istehsal dayadı. Neftçalada açılan bu zavod avtomobil istehsalı zavodu deyil. Bu avtomobillərin yığılması zavodudur. Əslində bu, yaxşı təşəbbüsdür. Çünki yeni iş yerləri açılır. Amma gələcəkdə əgər həmin avtomobil hissələrinin ən azı 30 faizi Azərbaycanda istehsal olunmasa, onun uzun ömürlü olması sual altında qalacaq. Çünki bütün detallar xaricdən gətirilir.
Gətirilən detallar Neftçalada birləşdirilir. Bu avtomobilin yığılmasıdır, istehsalı deyil. Bu amilləri nəzərə alaraq sənəyeni inkişaf etdirmək lazımdır. Əgər biz avtomobil istehsalını və sənayesini inkişaf etdirmək istəyiriksə, indidən detalların 30 faizini ölkəmizdə istehsal etmək üçün çalışmalara başlamalıyıq. Bu rezin, kauçuk məmulatlar və ya müəyyən detallar ola bilər.
Bu, çox çətin və rəqabətli bir sahədir. Sənayeni inkişaf etdirilməliyik ki, avtomobillərin Azərbaycanda istehsalı tam mənada həyata keçirilsin və bundan gəlir əldə edə bilək. Amma gətirilən detalların Neftçalada birləşdirilməsi nəzərdə tutulacaqsa, bir müddətdən sonra onun istehsalı azala bilər. Çünki keçmiş təcrübələrdəndə gördük ki, dövlət sifarişi olmadan bu tipli avtomobil yığılan müəssisələr rentabelli işləyə bilmir.
Əsasən də məhsulları xaricə ixrac etmək üçün istehsalı da nəzərdə tutulursa, mütləq detalların ən azı 30 faizinin ölkədə istehsalı labüddür. Bunun üçün yan sənayenin inkişafına indidən başlamaq lazımdır. Müəyyən kiçik müəssisələrin açılmasına,detalların istehsal olunmasına, yeni avadanlıq və texnikanın gətrilməsinə başlamaq lazımdır. Belə olduqda istehsal da retabelli olacaq. Bu addım yaxşı təşəbbüsdür. Amma yan sənaye də inkişaf etsə, həm əlavə iş yerləri açılar, həm də həmin avtomobilərin rentabelliyi artar. Bununla da avtomobillərin maya dəyəri aşağı düşər. Qiymətdə rəqabət yarana bilər. Yəni bu tip məsələlərdə yerli detalların istesalı vacibdir.
Məsələn, Türkiyədə təqribən 82 şirkətin avtomobil zavodu mövcuddur. Həmin avtomobillərin detallarının 40 faizi Türkiyədə də istehsal olunur. Yəni avtomobil sənayesi ilə yanaşı yerli sənayelər də yaranıb. Buna görə də avtomobil istehsalı və ixracatı Türkiyə iqtisadiyyatının, ixracatının lokomotiv qüvvəsinə çevrilib. Keçən il 20 milyard dollara yaxın ixracat həyata keçirilib. Yəni bütün bunları nəzərə alaraq sənayenin inkişafına start vermək lazımdır”.
Yeni avtomobil istehsalının avtomobil bazarında qiymətlərə göstərəcəyi təsirlərə diqqət çəkən N.Cəfərli onu da bəyan edib ki, bu, avtomobilin istehsal həcmi ilə bağlıdır:
"Açıqlanan qiymətlər təqribən 18 min manat civarındadır. Bu da təxminən 10 min 5 yüz dollara yaxın vəsait edir. Yeni maşın üçün aşağı qiymət sayıla bilər. Çünki digər şirkətlərin avtomobilləri devalvasiyadan sonra kifayət qədər bahalaşıb. Əgər qiymətlər belə qalacaqsa və kefiyyət də insanları qane edəcəksə, avtomobil bazarında qiymətlərin tənzimlənməsinə, müəyyən dərəcədə aşağı düşməsinə səbəb ola bilər. Amma bu, həcmdən asılı olacaq. Yəni istehsalın gücü 10 min avtomobildir. Bu hər il belə olmayacaq. Yavaş-yavaş bu hədlərə çatmağa doğru gediləcək. İlkin olaraq ildə min, min 5 yüz avtomobili istehsal olunması nəzərdə tutulub. Azərbaycanın yeni, köhnə avtomobillərlə birlikdə illik satışı təqribən 50-60 min arasında dəyişir. Hələlik həcm olaraq çox azdır. Amma gələcəkdə bunun avtomobil bazarına təsirləri olacaq”.
Qeyd edək ki, zavodda "Dena”, "Rana”, "Soren”, "Samand” markalı avtomobillər, eləcə də "Peugeot”un bir sira modelləri istehsal ediləcək.Zavodun istehsal gücü ildə 10000 avtomobil təşkil edir. Gələcəkdə istehsal edilən həmin avtomobillərin Ukrayna, Rusiya və Mərkəzi Asiya ölkələrinə tədarük ediləcəyi gözlənilir.
Kənan Eynuroğlu