Xocalı soyqırımı ilə bağlı qanun hazırlanır

Sarkisyan cinayət məsuliyyətinə cəlb edilə bilər



Dünən Milli Məclisin, "Qüdrətli Azərbaycan Naminə” İctimai Birliyinin və Azərbaycan Prezidenti yanında Qeyri-hökumət təşkilatlarına Dövlət Şurasının birgə hazırladığı "Soyqırım və etnik təmizləmə cinayətlərinin dünya səviyyəsində tanınmasının hüquqi aspektlərinin öyrənilməsi” layihəsinin təqdimatı keçirilib.

Təqdimatda parlamentin sədr müavini Bahar Muradova deyib ki, Milli Məclis Xocalı soyqırımı ilə bağlı qanun layihəsi hazırlayır. O bildirib ki, yeni qanun layihəsi Xocalı soyqırımının törədilməsinin 25 illiyi ilə bağlıdır. Milli Məclis rəsmisinin sözlərinə görə, nəzərdə tutulan qanun layihəsi Xocalı faciəsinin 25 illiyində ictimaiyyətə təqdim ediləcək.

Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli də qanun layihəsinin hazırlanmasının vacib olduğunu vurğulayıb.

Qanun layihəsində beynəlxalq cinayətləri törədənlərin ekstradisiyası məsələsi də təsbit olunacaq

Təqdimatda Xocalı soyqırımı ilə bağlı hazırlanacaq qanun layihəsinin təsnifatı açıqlanıb. Milli Məclis Aparatının İnzibati və hərbi qanunvericilik şöbəsinin müdiri Nizami Səfərov bildirib ki, layihə parlament tərəfindən 3 ay müddətinə hazırlanıb təqdim olunacaq: "Azərbaycanın qanunvericilik sistemində belə bir qanun mövcud deyil. Biz beynəlxalq təcrübəyə nəzər salmışıq. Bu qanunun fundamental bazası var. Bu da ilk növbədə inkişaf etmiş dövlətlərdə mövcud olan qanunların, beynəlxalq cinayət tribunallarının və məhkəmə presedentlərinin öyrənilməsindən ibarətdir. Beynəlxalq cinayət deyərkən təcavüz, insanlıq əleyhinə cinayətlər, hərbi cinayətlər, soyqırımı və hələ beynəlxalq cinayət kimi heç bir sənəddə adı keçməyən etnik təmizləmədən bəhs olunur. Qanun layihəsində bunu təsbit edəcəyik”. N.Səfərovun sözlərinə görə, etnik təmizləmə cinayəti dünyanın heç bir ölkəsinin qanunvericiliyində əksini tapmayıb: "Biz bunun hüquqi bazasının əldə edilməsinə artıq çox yaxınlaşmışıq və bu qanun layihəsində ortaya qoyacağıq. Bundan başqa, qanun layihəsində beynəlxalq cinayətləri törədənlərin ekstradisiyası məsələsi də təsbit olunacaq, onların ikinci dövlətə, yaxud beynəlxalq tribunala verilməsi əksini tapacaq. Hətta qanun layihəsində o da əks olunacaq ki, yuxarıda göstərilənlər baş tutmayacağı təqdirdə Azərbaycanın bununla bağlı hansı cinayət təqiblərini həyata keçirməsi və sair mümkün ola bilər”.

"Xocalı faciəsini törədənlər hələ də azadlıqda gəzir”

"Xocalı soyqırımına qiymət verilməsi üçün biz mütləq 3 mərhələdən keçməliyik”.
Bu sözləri deputat Azay Quliyev deyib. Avropa Parlamentinin 2009-cu ildə 11 noyabrı
Yusoqlaviyada törədilən Srebrennitsa soyqırımı qurbanlarının xatirəsi günü kimi tarixə saldığını və bununla bağlı qətnamə qəbul etdiyini deyən A.Quliyevin sözlərinə görə, Xocalı faciəsinə hüquqi qiymətin verilməsi bu gün üçün çox mühüm olan məsələdir: "Təəssüflər olsun ki, biz bu gün hələ də Xocalı soyqırımı məsələsində ədalət axtarırıq. Srebrennitsada baş verən soyqırıma dünya ictimaiyyəti hüquqi qiymətini verdi. Bu hadisəni törədənlər hazırda cəzasını çəkməkdədirlər. Amma Xocalı faciəsini törədənlər hələ də azadlıqda gəzir, Xocalı şəhəri isə erməni işğalçılarının işğalı altındadır. Ona görə də cəmiyyət üçün ən mühüm məsələ budur, biz necə edək ki, Xocalı faciəsinə hüquqi qiymətin verilməsinə nail olaq?! Soyqırıma qiymət verilməsi üçün biz mütləq 3 mərhələdən keçməliyik”. Azaq Quliyev qeyd edib ki, bunun üçün ilk mərhələdə dünya ictiamiyyəti müfəssəl şəkildə məlumatlandırılmalıdır: "İkinci mərhələ beynəlxalq təşkilatlar və ayrı-ayrı ölkələrin parlamentləri tərəfindən həmin cinayətə siyasi qiymətin verilməsi, müvafiq qətnamələrin qəbul edilməsidir.

Üçüncü mərhələ isə faciəyə hüquqi qiymətin verilməsi, bu cinayəti törədənlərin ədalət mühakiməsinə cəlb olunmasıdır. Mən deyim ki, biz 1-ci mərhələ üzrə xeyli işlər görmüşük. Xocalı faciəsinin dünyaya tanıdılması istiqamətində Heydər Əliyev Fondunun çox böyük rolu var. Xüsusilə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən "Xocalıya ədalət beynəlxalq kampaniyası” öz müsbət nəticəsini verməkdədir. Bunun nəticəsidir ki, biz bir neçə ölkənin parlamentində və ayrı-ayrı beynəlxalq təşkilatlarda Xocalı soyqırımına ədalətli qiymətin verilməsinə nail ola bilmişik. Əlbəttə ki, bu işlər davam etdirilməlidir”.

"Biz MOSSAD sistemi yaratmalıyıq”

"Azərbaycanın xüsusi xidmət, kəşfiyyat və əks-kəşfiyyat orqanları Xocalı soyqırımını törədənlərdən heç olmasa birini, hətta Ermənistanın özündə olsa belə, ələ keçirib Bakıya gətirməlidirlər”. Bunu isə millət vəkili Fazil Mustafa səsləndirib. Deputat bildirib ki, Rusiyada yaşayan və oranın vətəndaşı olan Xocalı qatillərini ələ keçirib Bakıya gətirə bilmərik: "Çünki Azərbaycan Rusiya ilə baş-başa gələ bilməz. Amma məhz Ermənistanın özündə olan Xocalı qatillərini ələ keçirmək üçün xüsusi xidmət orqanlarındakı kəşfiyyatçılarımız, xüsusi kadrlarımız İrəvanda olsa belə, qatil erməniləri ələ keçirib Bakıya gətirməlidir. Əgər biz 1 nəfər Xocalı qatilini tutub, Bakıda mühakimə etsək, bu, əsl əməli iş olar”. F.Mustafa deyib ki, Azərbaycan özünün hərbi və mülki xüsusi xidmət sahəsində yeni MOSSAD sistemini qurmalıdır: "Biz MOSSAD yaratmağı düşünməliyik. Düşmənlə elə bir vəziyyətdəyik ki, bizə MOSSAD kimi sistem lazımdır. Nəhayət, praktiki işlərə keçməyin zamanıdır. Mən bu cür düşünürəm”.

"Soyqırım törədənləri yalnız Azərbaycan özü cəzalandırmalıdır”

Millət vəkili Qüdrət Həsənquliyev hesab edir ki, Azərbaycan BMT Təhlükəsizlik Şurasına Xocalı soyqırımı ilə bağlı müraciət etməlidir. Onun sözlərinə görə, indiyə qədər Azərbaycanın Xocalı soyqırımı ilə əlaqədar beynəlxalq cinayət məhkəməsinə müraciət etməməsi düzgün olmayıb: "Mənim üçün hələ də qaranlıqdır ki, Azərbaycan niyə Beynəlxalq Cinayət Məhkəməsinin yurisdiksiyasını qəbul etmir? Azərbaycanın bu quruma qoşulmamasının səbəbləri bəlli deyil. Mütləq BMT Təhlükəsizlik Şurasına müraciət edilməlidir. Biz BMT TŞ sədri olduq, bu məsələ gündəmə gəlmədi. Mövcud qanunvericiliyimiz imkan verir ki, qiyabi məhkəmə keçirilsin. Bundan sonra sənədlər BMT baş katibinə təqdim olunmalıdır. Azərbaycan mütləq bu addımı atmalıdır. Soyqırım törədənləri yalnız Azərbaycan özü cəzalandırmalıdır. Biz reallıqları bilirik. Dünyada çox təəssüf ki, islamofobiya var. Ona görə də Azərbaycan özünə müttəfiqlər tapmalıdır. Azərbaycan Qoşulmayanlar Hərəkatının üzvüdür. Amma Azərbaycan bu barədə də ciddi şəkildə düşünməli, özünə hərbi-siyasi müttəfiqlər tapmalıdır”.
Q.Həsənquliyev təklif edib ki, qiyabi məhkəmələr qurulmalı və qəbul olunan qərarlar Xarici İşlər Nazirliyi vasitəsilə BMT baş katibinə təqdim edilməlidir.

"Beynəlxalq Cinayət Məhkəməsi yarandığı müddətdən bu günə qədər çox təəssüf ki, ona bəslənən ümidləri doğrultmur”

Parlamentin İnzibati və hərbi qanunvericilik şöbəsinin müdiri Nizami Səfərov isə deputata cavabında bildirib ki, Azərbaycan 1997-ci ildə Beynəlxalq Cinayət Məhkəməsinin Romadakı toplantısında iştirak edib, ancaq sənədə imza atmayıb və onu ratifikasiya etməyib: "Mən açıq deməliyəm ki, bu məhkəmə yarandığı müddətdən bu günə qədər çox təəssüf ki, ona bəslənən ümidləri doğrultmur. Bu gün Beynəlxalq Cinayət Məhkəməsindəki işlərin hamısı Afrika ilə bağlıdır. Hətta belə fikir var ki, bu, regional xarakter daşıyan məhkəmədir və ancaq Afrika üçün yaradılıb. Bir neçə dövlət artıq məhkəməyə müraciət edib ki, onun nizamnaməsində iştirak etməyəcək. Bir sıra məhkəmə qərarları isə siyasi xarakter daşıyır”. Xocalıda törədilən soyqırımla bağlı beynəlxalq tribunalın yaradılmasına gəldikdə, N.Səfərov deyib ki, bu imkan həmişə mümkündür: "Belə cinayətlər törədildikdə bu kimi orqanlar yaradıla bilər. Amma mütləq Təhlükəsizlik Şurasının razılığı olmalıdır. Yəni nəzəri cəhətdən bunu da istisna etmək olmaz”.

"...Ermənistanın rəhbərliyi məhkəməyə çağırılmalıdır”

"Biz konkret tələb qoymalıyıq ki, Avropanın bütün layihələrində iştirak edən, maliyyəsindən bəhrələnən və işğalçılıq siyasətini davam etdirən Ermənistanın rəhbərliyi məhkəməyə çağırılmalıdır”. Milli Məclisin AŞ PA-dakı nümayəndə heyətinin rəhbəri, deputat Səməd Seyidov belə düşünür. O xatırladıb ki, hazırda Dağlıq Qarabağ münaqişəsinin həlli üçün danışıqlar prosesi gedir: "Biz bu gün şəhidlər veririk. Dağlıq Qarabağla bağlı qeyri-konstruktiv mövqedən çıxış edən Ermənistan bu gün beynəlxalq təşkilatların fəal üzvlərindən biridir. Görün, nə dərəcədə çətinlik var. Avropanın bütün layihələrində iştirak edən, maliyyəsindən bəhrələnən və işğalçılıq siyasətini qoruyan ölkə məhkəməyə çağırılmalıdır. Biz heç nədə gecikməmişik”. S.Seyidovun fikrincə, gələcəkdə Azərbaycanın torpaqları danışıqlar prosesi, yaxud başqa bir yolla qaytarıldıqdan sonra mütləq bütün cinayətkarları məhkəməyə vermək lazımdır: "Amma bu gün reallıqdan çıxış edərək bildirim ki, BMT-nin 4 qətnaməsinin icrası ilə bağlı problemlər yaşadığımız bir halda beynəlxalq cinayət məhkəməsinə müraciət etmək və orada siyasi məsələləri tamamilə neytrallaşdırıb ədalət axtarmaq çox çətin və mürəkkəb bir məsələdir”.

Anar Bayramoğlu