"Xocalıda siqaretin közü ilə uşağın gözünü yandırıb, kor ediblər" - Əcnəbi müəllif
"Xocalı Soyqrımı Həftəsi" rubrikamızın bu dəfəki qonağı əslən Xocalıdan olan sabiq millət vəkili Həvva Məmmədovadır. Müsahibimizlə 1992-ci ilin fevral ayının 25-dən 26-a keçən gecə baş verən Xocalı faciəsinin detalları, bu soyqrım nəticəsində xalqımızın başına gətirilən amansız işgəncələr və onun fəsadları barədə danışdıq.
H. Məmmədova Sherg.az-a açıqlamasında qeyd etdi ki, Xocalı soyqırımından 25 il zaman keçməsinə baxmayaraq bu illər ərzində xalqımızın başına gətirilən müsibətlərin xalqımız üçün nə qədər dərin kök atdığını bir daha görürük:
" Bu, ondan irəli gəlir ki, XX əsrin ən dəhşətli faciəsi olan Xocalı 3 dəfə təkrar olunub. 1905, 1918 və 1992-ci il fevral ayının 25-dən 26-na keçən gecə. Ermənilərin Xocalı faciəsinin törədilməsinə hazırlığı 1988-ci ildən, Dağlıq Qarabağ məsələsini ortaya atmaqla başlayıb. 1988-ci ildən 1992-ci ilə qədər ermənilər Dağlıq Qarabağın ətraf kəndlərinin bir çoxunu yandırıb, məhv etdikdən sonra Xocalıya istiqamət almışdılar. Bilirsiniz ki, Xocalıya qədər fevral ayının 17-si Qaradağlı faciəsi, Meşəli faciəsi, Kərkicahan faciəsi, Kosalar faciəsi kimi hadisələr törədilib.
Xocalıya qədər 11 kənd yerlə yeksan edildi. Əhalisi qaçqın, köçkün vəziyyətinə salındı. Xocalıdan sonra Ağdaban faciəsi baş verdi. Bildirik ki, 80-ci illərdə Qərbi Azərbaycandan gələn azərbaycanlılar da Xocalıda məskunlaşmışdılar. 1988-ci ildə öz- ev-eşiklərindən didərgin düşmüş xankəndlilər də Xocalıda məskunlaşmışdılar. Fərqanə vadisindən qaçqın düşüb gəlmiş nə qədər ailə xocalıda yerləşmişdi. Bax o gecə Xocalıda xocalılarla bərabər həmin qaçqın və məcburi köçkünlər də faciənin qurbanı oldular".
H. Məmmədova diqqətə çatdırıb ki, Xocalı unudulası və yaddan çıxası faciə deyil:
"Əksinə, Xocalı ilə bağlı biz bütün dünyaya, insanlara səsimizi çatdırmalıyıq. Bəşəriyyət bilməlidir ki, Xocalıda insanlıq tapdanıb, insanlığa qarşı faciə törədilib. Burada ahıl insanlar, körpələr, qocalar, qadınların başına gətirilənlərlə insanlıq məhv edilib. Ermənilərin ic üzünü onların Xocalıda törətdikləri faciə ilə biz hər dəqiqə ortaya qoymalıyıq. Xocalılara qarşı törədilən faciə bəlkə də ikinci dünya müharibəsi ilə müqayisə etsək bu qədər vəhşiliklər olmamışdı. Çünki ikinci dünya müharibəsində qadınlara, qocalara, uşaqlara demək olar ki, toxunulmamışdı. Amma Xocalı kimi ərazidə o qarlı, şaxtalı, boranlı havada insanlar ermənilər tərəfindən məhv edildi. Bu gün Xocalıda həm əsirlik həyatı yaşamış insanlar var, həm şəhidlər, həm də şahidlər var. Nə yaxşı ki bu insanlar sağ qaldılar və başlarına gələn müsibətləri dünyaya çatdırmaq üçün bu insanların gördüklərini yazdıq, səsləndirdik, söylədik. Bu gün Ermənistanda hakimiyyətdə olan insanlar - Serj Sarkisyan, Sehran Ohanyan və Robert Koçaryan Xocalı soyqrımını törədən 366-cı motoatıcı alayın tərkibində olublar. 100-dən çox erməni hərbçisi demək olar ki, onların tərkibində Xocalıya hücum ediblər. Demək olar ki, 4 il Xocalı ilə bütün əlaqələr kəsilmişdi. Yeganə yol hava nəqliyyatı idi.
4 il Xocalı özü döyüşdü. Bu illər ərzində sadə, vətənpərvər insanlar, şəhərin xüsusi müdafiə batalyonu, könüllülər Xocalını müdafiəyə qalxdılar. Xocalı faciəsini dünyaya erməni faciəsi kimi çatdırmaq üçün onlar uzun müddət hazırlaşdılar. Lakin bütün yazılmış kitabların hamısı, araşdırmalara ermənilərin iç üzünü açdı. Məsələn, amerikalı jurnalist Tomas Goltz kimi araşdırmaçılar o dəhşətli gecədə erməni işgəncələrini çəkmək üçün Xocalıya dəvət olunmuşdu. Dünyanın 30 ölkəsinin 38 jurnalisti Xocalını çəkmək,ondan yazmaq üçün dəvət olunmuşdu. Onlar Xocalı faciəsini dünyaya erməni faciəsi kimi qələmə verməli idilər. Həmin jurnalistlər 3-4 il sonra o faciəni ermənilərin törətdiyini, Xocalıda ermənilərin hələ ölməmiş, can verən, yaralı olan insanları bir yerə yığıb, diri-diri yandırmasını etiraf etdilər.
Hətta rusiyalı professor Yuri Pompeyevin Xocalı haqqında çəkdiyi 37 saniyəlik filmdə deyir ki, çəkdiyim film əllərimi və gözümü yandırır. Çünki o filmin içərisində 6 yaşında can verən bir qızın bir az keçdikdən sonra ölmüş insanların içərisinə atılıb yandırlması səhnəsi var ki, bu da məndə o hissi yaradır ki, sanki kimsə o meyidlərin içərisindən hər an məni çağırır.
Amma mən baxdım ki, siqaretin közü ilə uşağın gözünü yandırıb kor ediblər. Ermənilər gərək dünyaya kor baxsınlar. O mənfurlar əsirlikdə olan körpələrə su verən zaman onun içərisinə müxtəlif maddələr ataraq onlara zülm veriblər. Sağ qalan insanlar o qədər ağır stresslər yaşayıblar ki, onlardan dünyaya gələn uşaqlar da onların yaşadıqlarının fəsadları ilə doğulub. Ona görə də, Xocalı bizim faciəli yerimizdir".
Sabiq parlamnet üzvü onu da əlavə edib ki, Xocalı faciəsini dünyaya çatdırmaq üçün çox işlər görməliyik:
"25 il bundan əvvəl beynəlxalq informsiya məkanında Xocalı haqqında məlumat az idi. 1994-cü ildən bu yana, yəni Heydər Əliyevin hakimiyyətə gələndən sonra Xocalıya siyasi qiymət verdi . Soyqrım və deportasiya ilə bağlı qanunlar qəbul olundu. Bununla da dünyaya bir daha bəyan olundu ki, bu xalqın başına nə dəhşətlər, amansızlıqlar gətirilib. Bu xalq əzab əziyyətli yollardan keçib. Bu xalqın daim başına gətirilən müsibətlərlə bağlı sənədlər və arxivə həkk olunmuş məlumatlar müxtəlif millətlərin nümayəndələri tərəfindən tapılıb və işıq üzü görüb. Bu mənada hesab edirəm ki, Xocalı ilə bağlı hələ çox tədqiqatlar aparılmasına başlanıb. Çox sevinirəm ki, bu yaxınlarda mənə də müraciət etdilər. Xocalı ilə bağlı yüksək səviyyədə 2 elmi iş yazılıb. Türkiyədə müdafiə olunub. Bu əsərləri yalnız Türkiyədə deyil, türkdilli dövlətlərin özündə yazılmasına ehtiyac var.
Ötən il qardaş ölkədə Xocalı ilə bağlı konfransda iştirak edərkən metroda, bütün hava limanlarında Xocalı ilə bağlı böyük plakatlar asılmışdı. Hər keçən insan ayaq saxlayıb o plakata baxırdı. Zənnimcə, yalnız bu faciənin il dönəmlərində deyil, bütün zamanlarda Xocalı ilə bağlı, işğal olunmuş digər torpaqlarımız və faciələrimizlə bağlı məlumatları dünya ictimaiyyətinə çatdırmalıyıq".
Ayyət Əhməd