Yalnız ərəb dilini bilmək kifayət deyil

Günümüzə gəlib çıxan Quranın bütün tərcümələrində xətalar varİlahiyyatçılar deyir ki, müqəddəs kitabı digər tərcümələrdən götürüb kopyalayıblar
İslam alimlərinin sözlərinə görə, müsəlmanların müqəddəs kitabı olan "Qurani-Kərim"in dünyanın işlək dillərinə tərcümə edilməsində problem yoxdur. Əksinə, insanların Qurandan daha rahat bəhrələnmələri və ərəb dilinin öyrənilməsinin hamı üçün mümkün olmaması halları tərcümə işini zəruriləşdirir. 
Buna görə islam dinini və ərəb dilini dərindən bilən bir çox alim "Qurani-Kərim"i müxtəlif dillərə tərcümə etməyə səy göstəriblər. Məqsəd isə Allahın kəlamını bütün bəşəriyyətə çatdırmaq olub. Ona görə də, hazırda "Qurani-Kərim”in istər türkcə, azərbaycanca, rusca, istərsə də dünyanın bir çox aparıcı dillərində xeyli sayda tərcümə variantları var. Bu tərcümələrin çoxu son illər ərzində meydana gəlib və getdikcə sayları çoxalmaqdadır. 
Lakin dinşünasları narahat edən əsas məqam odur ki, müasir tərcümələrin çoxunda ciddi səhvlər var. Tərcümə edilən Quranda nəinki orfoqrafik, hətta Allahın əmrləri ilə uzlaşmayan üslub yanlışlıqları da öz əksini tapır. Bəzi ayələrin mənası tərcümə sayəsində tamamilə fərqli anlaşılır ki, bu da Allahın kitabını təhrif etmək mahiyyəti daşıyır. 
Ona görə də din alimləri hesab edirlər ki, Quranın hərfi tərcüməsindən daha çox düzgün təfsirlərə və ətraflı izahlara daha çox ehtiyac var. Uzun illərdir müzakirə olunan bu məsələ ötən gün "facebook”da yenidən gündəmə gətirilib. İlahiyyatçı Elşad Miri professor Rafiq Əliyevlə müsahibəsində Quranın tərcümə edilməsi məsələsinə toxunub və 1992-ci ildə akademik Vasim Məmmədəliyev və tarixçi-alim Ziya Bünyadov tərəfindən Azərbaycan dilinə çevrilən Quranla bağlı sual ünvanlayıb.
 Professor R.Əliyev isə cavabında sözügedən tərcüməni V.Məmmədəliyev və Z.Bünyadov deyil, şərqşünas-alim, ilahiyyatçı Tariyel Həsənovun hazırladığını deyib. Professor bəyan edib ki, T.Həsənov tərcüməni əvvəlcə ona gətirsə də, alim başqasının əməyini mənimsəməkdən imtina edərək şərqşünası geri göndərib. Ondan sonra T.Həsənov V.Məmmədəliyevə üz tutub və nəticədə Quranın ilk tərcüməsi meydana gəlib. Ancaq həmin kitabda Tariyel Həsənovun adı qeyd olunmayıb: "Mən bilirəm ki, Ziya Bünyadov Quranı tərcümə etmək iqtidarında deyildi. O, bir dəfə Fatihə surəsini tərcümə edərək bizə vermişdi. Mən də görkəmli tədqiqatçı Abutalıb Məmmədovla birlikdə onu incələmişdim. Məlum olmuşdu ki, Z.Bünyadov "əlhəmdülillah” ( Allaha həmd, şükür olsun - red) sözünü "Allaha eşq olsun!” kimi tərcümə etmişdi. Şərqşünas Tariyel Həsənov çap olunan tərcümədə öz adını görə bilmədikdə, onun həyat yoldaşı müəllifləri məhkəməyə verdi və uzun zaman məhkəmə çəkişmələri getdi. Lakin bir nəticəsi olmadı”. Məlumat üçün onu da əlavə edək ki, bir çox ilahiyyatçılar bu tərcümədə də ciddi xətaların olduğunu və daha düzgün tərcümələrə ehtiyac yarandığını deyiblər.
Müzakirə olunan məsələni "Şərq”ə dəyərləndirən ilahiyyat üzrə fəlsəfə doktoru Rəşad Məmmədov deyib ki, "Qurani-Kərim" milyonlarla insanın inanc kitabıdır, səmavi kitabların sonuncusudur. Onun sözlərinə görə, "Qurani-Kərim"in rus, fars, ingilis, türk və digər dillərdə olan tərcümələri sanki vahid pəncərə sistemi ilə bir-birindən köçürülüb. 
"Qurani-Kərim"in tərcüməsini diqqətlə oxuyan şəxs bu kitabın müxtəlif adamlar tərəfindən toplandığı qənaətinə gələr. Quran qadına hörmət etməyi əmr etdiyi halda, "qadını döyün” kimi tərcümələrə rast gəlirik. "Kişilər qadınların himayədarlarıdır” cümləsi "kişilər qadınlar üzərində ixtiyar sahibidir” kimi tərcümə olunur. "Bəqərə” surəsində "Dində məcburiyyət yoxdur” buyuran Allah "Tövbə” surəsinin 5-ci ayəsində "İnkarçıları harada tutsanız öldürün” kimi verilib. Halbuki, Quranda Allahın yaratdığı canlını fiziki öldürən qatil adlandırılır. Bunlar tərcüməçilərin kobud səhvidir”.
Alim deyib ki, Quranı tərcümə etmək üçün ərəb dilini bilmək kifayət etmir: 
"Ərəb dili ilə yanaşı dini biliyi olmalı, məntiq və ayələrin qrammatik izahını bilməlidir. İbrahim surəsi 4-cü ayədə "Allah kimi istəsə hidayət edər, kimi istəsə zillətə salar” şəklində təəccüblü tərcümə var. Əgər Allah kimi istəsə hidayət edər, kimi istəsə zillətə salarsa, o zaman Peyğəmbər niyə göndərib? Niyə kitab göndərib? Halbuki, o ayənin əsl tərcüməsi – "Kim Allahın hidayət yolunu seçərsə, Allah ona hidayət verər, kim zillət yolunu seçərsə, ona da zillət edər” şəklindədir. Sadəcə qrammatik səhvə yol verdiklərinə görə, bu cür nöqsanlı ifadə yaranıb”.
R.Məmmədov bildirib ki, akademik Vasim Məmmədəliyev Quranı digər tərcümələrdən baxaraq kopyalayıb: 
"Çünki başqa dillərdəki tərcümələrdə olan səhvlər eynilə onda da var. Bu da tərcümənin köçürmə olduğuna dəlalət edir. Digər tərcümələr, məsələn, Nəriman Qasımoğlunun tərcüməsini də anlamaq mümkün deyil. Onun öz tərcüməsini dilimizin hansı şivəsinə uyğun etdiyini hələ də çözə bilməmişəm. Elmir Quliyev və Əlixan Musayevin də tərcümələrində oxşar səhvlər var.
 Belə tərcümələri oxuyan təhsilli şəxs Qurana iman gətirə bilməz. Mən 2019-cu ildə öz tərcüməmi oxuculara təqdim edəcəm”.
Digər ilahiyyatçı Hacı Atif İsmayılov da "Şərq”ə bildirib ki, "Qurani -Kərim"in dilimizə edilən bütün tərcümələri çox vaxt hərfi tərcümə olunub və bu səbəbdən hamısında xətalar var. Onun sözlərinə görə, "Qurani-Kərim"in izahlı, məna etibarı ilə tərcümə edilməsi çox önəmlidir: 
"Bu cür tərcüməni sadəcə dilçi olmaq və ərəb dilini bilməklə etmək mümkün deyil. "Quranı-Kərim"i düzgün tərcümə etmək üçün bir neçə elmlərdə mütəxəssis olmaq və ya əhlinə müraciət etmək lazımdır. Məsələn, tərcümə zamanı bəlağət və fəsahət elmlərini bilmək, Quran ayələrinin nazil olma səbəbini mənimsəmək, ərəb dilinin qrammatik qaydalarını anlamaq, bir də elmül-bəyan adlı elmdə ixtisas sahibi olmaq lazımdır. Bu elmlərə yiyələnməyən bir şəxsin tərcüməsi qüsurlu olacaq”. 
Ekspertin sözlərinə görə, bir çox alimlərin "Qurani-Kərim”in təfsiri ilə bağlı 20-30 cildlik əsərləri mövcuddur: 
"Tərcümələr sadə insanlar üçün aydın olmadığına görə, alimlər təfsirlər yazaraq, Quranı insanların anlaya bildiyi şəkildə izah etməyə çalışıblar. Söhbət ondan gedir ki, heç bir tərcümə ilahi kəlamı tam anlamı ilə aça, izah edə bilmir. Ona görə də məna etibarı ilə həmin tərcümələrin əlavə izahına ehtiyac duyulur. Ziya Bünyadov və Vasim Məmmədəliyevin tərcümə etdiyi Quranda lüğət baxımından problem yoxdur, amma məna baxımından qüsurlar var. Təfsir məsələsi isə adi insanlar üçün deyil. Bu işlə alimlər məşğul olmalıdır”.
İsmayıl